Həbsdə olan jurnalist Əfqan Muxtarlın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, iş üzrə istintaqın bitməsi ilə bağlı qərar onlara elan edilib və və tanışlıq mərhələsinə keçilib.
Elçin Sadıqov onu da qeyd edib ki, "Meydan TV"-nin əməkdaşları barəsində olan cinayət işi Əfqan Muxtarlının işindən ayrılıb.
Qeyd edək ki, Ə. Muxtarlı bu il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.