[b]MTN-nin sabiq rəisinin növbəti məhkəməsi başladı[/b]
03 noyabr 2017 13:06 (UTC +04:00)

[b]MTN-nin sabiq rəisinin növbəti məhkəməsi başladı[/b]

 

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmişlər və mülki iddiaçıların verdiyi apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Daha sonra V.Ələkbərovun vəkili Hafiz Ələsgərov vəsatət qaldırıb. O, yenidən məhkəmə istintaqının qismən keçirilməsini tələb edib.

 

Vəsatət təmin edilməyib.

 

 

Məhkəmə noyabrın 16-da davam edəcək.

 

 

 

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakının müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.

 

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.

 

Hökmdən narazı olan zərərçəkmiş və mülki iddiaçılar – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Müsənnif Salahov apelyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.

Vüsal Ələkbərova qarşı Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qaldırıblar.

 

 

Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etməyib. Məhkəmə hökmündə bildirib ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər və buna görə də onların mülki iddiaları təmin olunmayıb.

Zərərçəkmişlər apelyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyiblər.

Vüsal Ələkbərovun vəkilləri də hökmdən apelyasiya şikayəti veriblər. Vəkillər hökmün ləğv edilməsini və Vüsal Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220

Oxşar yazılar