Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1921-ci il təvəllüdlü kişi və 1927-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Lent.az-ın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu eyvandan enərək daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaşlar otaqda yıxılmış vəziyyətdə aşkarlanıblar. Qocalar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Əməliyyat saat 14:53-də başa çatıb.