Hakimin qardaşının işində adıçəkilən şəxs istintaqa cəlb edilməyib
Dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, işdə adı keçən əsas şəxslərdən biri istintaqa cəlb olunmayıb: "Zərərçəkmişlər pulu birbaşa Ramil Şükürova verdikləri barədə ifadə versələr də, müstəntiq onu dindirməyib".
Hakim qeyd edib ki, R.Şükürov məhkəməyə çağırılıb dindiriləcək: "Həmin şəxs də bir müddət əvvəl dələduzluqda və sənədləri saxtalaşdırmaqda təqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlövsət Abbasovun hökmü ilə məhkum edilib. Sonradan şərti azadlığa buraxılıb".
Zərərçəkmiş Fəridə Həsənova məhkəməyə ərizə təqdim edərək, şikayətçi olmadığını deyib.
Daha sonra şahidlərin məhkəməyə gəlmədiyi elan olunub və növbəti proses noyabrın 15-ə təyin edilib.
Qeyd edək ki, M.Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb.
O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq,külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Xatırladaq ki, M. Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. "Fateh-N" MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.
Ə.Ömərov İTV telekanalının sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.