Bakıda 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, 1971-ci ildə İmişli rayonunda anadan olan V.Osmanlı ali təhsillidir, ailəli deyil və Abşeron rayonunda yaşayır.
Zərərçəkmiş Asif Orucəliyev məhkəmədə bildirib ki, Vəfa ona külli miqdarda ziyan vurub. A.Orucəliyev vəsatət qaldıraraq, V.Osmanlının barəsində həbs qətimkan tədbirinin seçilməsini və onun həbs edilməsini istəyib.
Vəsatət təmin edilməyib.
Məhkəmə baxışı noyabrın 17- ə təyin edilib.
Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
O, Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şəlalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onların ümumilikdə 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var.
V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməyib.