"Xəzri" istirahət mərkəzinin 379 min manatını qeyri-adi yolla  ələ keçirmişdi, HÖKM OXUNDU
19 noyabr 2025 12:04 (UTC +04:00)

"Xəzri" istirahət mərkəzinin 379 min manatını qeyri-adi yolla ələ keçirmişdi, HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində "Xəzri" istirahət və sağlamlıq mərkəzinə məxsus 379 min manatdan artıq pulu post terminallar vasitəsilə ələ keçirib leqallaşdırmaqda təqsirləndirilən Mahir Saadova hökm oxunub.

Lent.az-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə M.Saadovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Qeyd edək ki, dövlət ittihamçısı Mahir Saadovun 4 il müəyyən vəzifə tutmaq hüququndan məhrum olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilməsini və dəymiş zərərin ondan tutularaq müvafiq quruma ödənilməsini istəmişdi.

Xatırladaq ki, Mahir Saadov "Xəzri" İstirahət və Sağlamlıq mərkəzinin külli miqdarda pulunu talamaqda ittiham olunur. İttihama görə, o, həmin müəssisəyə qeydiyyatdan keçən şəxslərin post terminallardan etdiyi ödənişləri "geri qaytar" düyməsini basaraq geri alıb. O, tamah məqsədilə, müvafiq qurumun icazəsi olmadan, ümumilikdə 76 bank kartı vasitəsilə 379 min manatdan artıq vəsaiti ələ keçirib və leqallaşdırıb.

Mahir Saadova Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 271.3-cü (kompüter sisteminə qanunsuz daxilolma - ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə münasibətdə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar