Alimlər hesab edirlər ki, fillərin böyük qulaqları sadəcə anatomik xüsusiyyət deyil, onların yaşadıqları iqlim şəraitinə uyğunlaşmasının nəticəsidir. Fillər yalnız nəhəng ölçüləri ilə deyil, eyni zamanda uzun xortumları və iri qulaqları ilə də diqqət çəkir. Bu xüsusiyyətlər heyvanların ekstremal şəraitdə sağ qalmasında mühüm rol oynayır.
Lent.az xarici mediaya xəbər verir ki, fillərin qulaqlarının sahəsi bədənin ümumi səthinin təxminən 20 faizini təşkil edə bilər.
Bu xüsusiyyət fillərin yaşadığı ərazilərdə temperaturun yüksək olması ilə birbaşa bağlıdır. Afrika filləri gündə orta hesabla 25 kilometr məsafə qət edir, bəzən isə bu göstərici 190 kilometrə qədər çata bilir. Onlar bu zaman quraq zonalardan və Afrika səhralarından keçməli olurlar. Bədən temperaturunu təxminən +36°C səviyyəsində saxlamaq üçün fillərin qulaqları əsas rol oynayır.
Mütəxəssislər bildirirlər ki, fil qulaqları nazik dəri ilə örtülüb və onun altında sıx qan damarları şəbəkəsi yerləşir. Qan bu damarlar vasitəsilə dövr etdikdə, geniş səth sayəsində soyuyur və bədənə geri qayıdır. Cəmi bir dəqiqə ərzində filin qulaqlarından təxminən 12 litr qan keçir ki, bu da onları effektiv “təbii kondisionerə” çevirir.
Bununla yanaşı, nisbətlərə görə ən böyük qulaqlara sahib heyvan fil deyil. Bu rekord Monqolustan və Çin səhralarında yaşayan uzunqulaqlı tüşkançığa məxsusdur. Bu kiçik heyvanın qulaqları başından təxminən üç dəfə uzundur. Əgər insanda belə bir nisbət olsaydı, qulaqlar başa yapışdırılmış vinil plastinkaları xatırladardı.
Uzunqulaqlı tüşkançıqlarda da qulaqlar istiliyin tənzimlənməsinə kömək edir. Bundan əlavə, onların uzun arxa ayaqları isti qum üzərində hərəkəti asanlaşdırır. Əks nümunə kimi ağ ayıları göstərmək olar. Onların kiçik qulaqları soyuq iqlimdə istiliyi qorumağa kömək edir.
Alimlərin fikrincə, bu faktlar müxtəlif heyvan növlərinin yaşadıqları iqlim şəraitinə uyğun olaraq necə təkamül etdiyini aydın şəkildə nümayiş etdirir. Beləliklə, Afrika fillərinin iri qulaqları sadəcə fərqləndirici cəhət deyil, həyati əhəmiyyət daşıyan evolyusion mexanizmdir.