Demək olar ki, bütün pişiklər sığallanmağı sevir. Bu anlar heyvanların rahatlamasına və özlərini lazım hiss etməsinə kömək edir, həm də insanla pişik arasında xüsusi bir bağ yaradır. Amma bu, yeganə səbəb deyil. Gəlin baxaq, niyə ev heyvanımız bizim qayğımıza və məhəbbətimizə ehtiyac duyur və onları sığallamasanız nə ola bilər.
Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Niyə pişiyi sığallamaq lazımdır?
Pişiklərlə ünsiyyət bizi rahatladır, stresdən azad edir, həm də çoxları öz pişiyinin yanında daha az tənha hiss edir – çünki yanınızda sizi hər kəsdən yaxşı başa düşən birisi var. Amma bu zövqü yalnız biz deyil, pişik də hiss edir. Pişiyi sığallayanda əlbəttə ki, onun istəyi ilə o, bizim qayğımızı və istiliyimizi duyur. Ümumilikdə, pişiyin niyə sığallanmaq istədiyini izah edən bir neçə səbəb var:
Diqqət istəyir
Ev heyvanları da insanlar kimi qayğıya və sevgiyə ehtiyac duyur. Müxtəlif oxşamalar və “qucaqlamalar” pişiklərin özlərini vacib hiss etməsinə və emosional tarazlıq saxlamasına kömək edir.
Etibarını göstərir
Pişiklər ehtiyatlı və etibarsız olur. Onlar insana tez etibar etmirlər, amma bir dəfə bağ qurulduqdan sonra əmin ola bilərsiniz: siz pişiyiniz üçün xüsusi insansınız. O sizə sürtünür və sığallanmaq istəyirsə, hər toxunuş bu bağınızı daha da möhkəmləndirir.
Özünü təhlükəsiz hiss edir
Hər dəfə oturan kimi pişiyinizin tezliklə qucağınıza yerləşməsini görürsünüz? Təbriklər: siz onun üçün “daş divarsınız”. Pişik yüksək səslə mırıldayaraq göstərir ki, tam təhlükəsiz hiss edir. Bu sakitlik və etibar xoşbəxtliyin əsas əlamətlərindən biridir.
Uşaqlığını xatırlayır
Pişiyiniz neçə yaşında olursa olsun, o hələ də bir az balacadır. Hətta böyüklər də oyundan və gizlənməkdən imtina etmir, başını oxşamaq isə ona balalıq dövrünü anasının onu yalayıb sığalladığı günləri xatırladır. İndi isə onun “anası” sizsiniz.
Pişiyi sığallamasanız, o kədərlənərmi?
Pişiyi sığallamamaq zərərlidirmi? Zərərlidir ilk növbədə pişiyin özü üçün. Əgər hər hansı səbəbdən ona əvvəlki kimi diqqət göstərməsəniz, davranışında dəyişiklik olur: ya çox qapalılaşır, ya da əksinə, həddindən artıq fəal və səs-küylü olur.
Pişiyi necə düzgün sığallamaq olar?
Əlbəttə ki, tüklərinin istiqamətinə uyğun sığallamaq lazımdır, əksinə yox. Başını, qulaqlarının arxasını və kürəyini oxşamaq olar. Əgər münasibətiniz yaxşıdırsa, boğazını qaşımağa və ya pəncə yastıqcıqlarını masaj etməyə də icazə verəcək. Amma qarın və quyruq pişiklərin həssas yeri olduğundan onları sığallamamaq daha yaxşıdır.