Meksikada Pasxa bayramı ərəfəsində keçirilən ənənəvi dini tamaşa zamanı qəza baş verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Xalisko ştatının Tlakepake şəhərində, San-Martin-de-las-Flores bölgəsində yaşanıb.
İsa peyğəmbərin çarmıxa çəkilməsini canlandıran səhnədə taxta xaça bağlanan aktyor kəndirlərlə yuxarı qaldırılarkən yerə yıxılıb. Buna səbəb onun xaça düzgün bağlanmaması olub.
Minlərlə tamaşaçının gözü qarşısında baş verən hadisə mobil telefonlarla lentə alınıb.
Aktyora hadisə yerində tibbi yardım göstərilib. Vəziyyətinin yaxşı olduğu bildirilən şəxs qısa müddət sonra nərdivan vasitəsilə yenidən xaça çıxıb və tamaşa davam etdirilib.
Qeyd edək ki, bölgədə “Judea” adlanan dini tamaşa 232 ildir keçirilir. İsa peyğəmbərin həyatının son günlərini və çarmıxa çəkilməsini canlandıran tədbiri bu il iki gün ərzində təxminən 250 min nəfər izləyib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yenidən yayılaraq bu cür tamaşalarda təhlükəsizlik tədbirlərini gündəmə gətirib.