Ev heyvanları yalnız əhval-ruhiyyəni qaldırmaq və rahatlıq bəxş etməklə kifayətlənmir, həm də yaşlı insanların beyin fəaliyyətinə real təsir göstərir. İsveçrə alimlərinin apardığı son araşdırma göstərib ki, itlər və pişiklər kognitiv qocalmanı yəni yaddaşın, danışığın və digər intellektual qabiliyyətlərin itirilməsini yavaşlatmağa kömək edir. Bu problemlər adətən yaşla daha da artır.
Lent.az bu mövzu ilə bağlı məlumatları təqdim edir:
18 il ərzində mütəxəssislər insanların pensiyaya çıxdıqdan sonrakı sağlamlığına və həyatına həsr olunmuş genişmiqyaslı Avropa tədqiqatının məlumatlarını təhlil ediblər. Nümunəyə 50 yaşdan yuxarı on minlərlə könüllü daxil edilib. Nəticə isə birmənalı olub:
it sahibləri yaddaşı daha yaxşı qoruyub saxlayır və diqqəti daha uzun müddət toplaya bilirdilər;
pişik sahiblərində nitqin sürəti və şifahi ünsiyyət qabiliyyəti daha yavaş zəifləyirdi;
balıq və quş saxlamaq isə eyni effekti verməmişdir.
Tədqiqatın müəlliflərindən biri Adriana Rostekova vurğulayıb ki, əsas amil heyvanla emosional bağdır. Balıqlar az ömürlüdür, ona görə də güclü bağlılıq yaranmır, quşlar isə səs-küy salaraq yuxunu poza bilər ki, bu da kognitiv funksiyalara mənfi təsir göstərir. Alimlər hesab edirlər ki, pişik və itlərlə ünsiyyət unikal kognitiv stimulyasiya yaradır. İtlər, məsələn, müntəzəm gəzinti tələb edir bu isə yalnız fiziki hərəkət deyil, həm də sosial təmaslar üçün imkandır və beyni degenerasiyadan qoruyur. Pişiklər isə oyun və ya nəvaziş vasitəsilə sahibinə müsbət emosiyalar bəxş edir, stress səviyyəsini azaldır. Bu nəticələr əvvəlki araşdırmalarla da təsdiqlənir: sübut olunub ki, itlərə toxunmaq beyində sakitlik və xoşbəxtlik hissinə cavab verən sahələri aktivləşdirir, ev heyvanları ilə müntəzəm ünsiyyət isə stress hormonu kortizolun səviyyəsini azaldır.
Beləliklə, dördayaqlı dostun varlığı yalnız sevinc mənbəyi deyil, həm də demensiya və yaşla bağlı digər beyin pozuntularının təbii profilaktikası ola bilər. Həkimlər bunu sağlam qocalma strategiyası seçərkən nəzərə almağı məsləhət görürlər: ev heyvanı yalnız psixikanı deyil, kognitiv funksiyaları da gücləndirən bir növ “canlı terapiya” ola bilər.