Amerikanın əfsanəvi boksçusu Məhəmməd Əli vəfat edib.
Lent.az-ın Lenta.ru-a istinadən məlumatına görə, 74 yaşlı boksçu Arizona ştatındakı xəstəxanalardan birində dünyasını dəyişib.
O, 1984-cü ildən bəri Parkinson xəstəliyindən əziyyət çəkirdi. İyunun 1-i vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu intensiv müalicə almasına baxmayaraq, həkimlər sağalacağına dair heç bir ümid vermirdilər.
Qeyd edək ki, Məhəmməd Əli 1942-ci ilin yanvarın 17-də anadan olmuşdu. Əsl adı Kassius Marsellus Kley olsa da, 1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra İslamı qəbul edir və Məhəmməd Əli olur.
12 yaşındaykən boksla məşğul olmağa başlayıb. Əli boks üzrə dünya çempionu və 1960-cı ilin Olimpiya Oyunlarının qalibidir. Həm də beş dəfə “İlin boksçusu” adına layiq görülüb.
Dünyanın tanınmış boksçusu olan Məhəmməd Əli karyerası ərəfəsində 61 oyunda iştirak edib və 56-da qələbə qazanıb. Qələbələrdən 37-i isə nakautla gerçəkləşib.