Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilib
13 sentyabr 2012 16:51 (UTC +04:00)

Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilib

Azərbaycan və Niderland arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” layihəsinə dair Bəyanat imzalanıb

Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Niderlandın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Niderland biznes forumu keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, logistika, sənaye, İKT, kənd təsərrüfatı, xidmət, enerji, memarlıq, infrastruktur, tikinti və mühəndislik, tullantıların idarə olunması və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Biznes forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın Avropa Birliyi ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini və bu istiqamətdə “Yeni Qonşuluq”, “Şərq Tərəfdaşlığı” proqramlarının uğurla həyata keçirildiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını söyləyib. Onun sözlərinə görə, son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda bank və sığorta, tikinti, sənaye, rabitə, nəqliyyat, xidmət, ticarət, kənd təsərrüfatı sahələrində 70 Niderland investisiyalı şirkət fəaliyyət göstərir və bu sahələrə Niderland şirkətləri tərəfindən 365 mln. dollar həcmində investisiya yatırılıb. Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-a yaxın sənəd imzalanıb. Bu ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 42% artıb. Şahin Mustafayev biznes forumun iş adamları arasında əlaqələrin daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını qeyd edib.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırıb. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı beynəlxalq hesabatlarda da yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, bu ilin sentyabr ayında açıqlanan “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2012-2013” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən, 144 ölkə arasında 46-cı yerdə qərarlaşıb, MDB ölkələri arasında isə 1-ci olmuşdur. “Standart & Poor”s, “Moody’s”, “Fitch Ratings” agentlikləri tərəfindən də ölkəmizin reytinqi yüksək qiymətləndirilir.

Niderland Krallığının baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagen Azərbaycana səfərindən və ölkəmizin iqtisadi inkişafından məmnunluğunu ifadə edib. O, ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib. Tədbirdə Azərbaycan və Niderlandın iqtisadiyyatı, biznes və investisiya mühiti barədə təqdimatlar və iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Bizines forum zamanı Azərbaycan Respublikası və Niderland Krallığı arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” layihəsinə dair Bəyanat imzalanıb. Sənədi Şahin Mustafayev və Maksim Verhagen imzalayıblar. Tədbirdə Xarici İşlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Maastrixt İdarəetmə Məktəbinin rektoru Vim Naude tərəfindən “Biznesin idarə edilməsi təhsili sahəsində” Anlaşma Memorandumu imzalanıb. Biznes forum çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti və süd məhsullarının emalı üzrə “Friesian” Konsaltinq Şirkəti arasında “Biznesin İdarə olunması üzrə magistr kurslarının və eksperimental fermaların inkişaf etdirilməsi üzrə” Anlaşma Memorandumu, eləcə də “ADEC” və “UN Studios” şirkətləri arasında “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində əməkdaşlıq barədə sənəd imzalanıb. Sonra Şahin Mustafayev Maksim Verhagen arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
# 1428

Oxşar yazılar