Kür, Araz çirklənməkdə davam edir
24 sentyabr 2012 11:43 (UTC +04:00)

Kür, Araz çirklənməkdə davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, departament Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının I ongünlüyünə nisbətən 13.7 m3/san artaraq 83.8 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar və mis birləşmələri 4, Ağstafaçayda fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Sentyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevəndə fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.84-6.23 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
# 630

Oxşar yazılar