Xarici ticarət dövriyyəsi 3 dəfəyədək azalıb
29 dekabr 2009 20:30 (UTC +04:00)

Xarici ticarət dövriyyəsi 3 dəfəyədək azalıb

Bu ilin 11 ayı ərzində Azərbaycanda xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə azalıb. Belə ki, ötən 11 ayda xarici ticarətin ümumi həcmi 18,6 milyard dollar təşkil edib. 2008-ci ilin 11 ayında isə bu göstərici 53,5 milyard dollar olub.

Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, 2009-cu ilin yanvar-noyabr aylarında respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 138 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 18,6 milyard dollar olub. Bu müddətdə 13,2 milyard dollarlıq 935 adda mal ixrac, 5,5 milyard dollarlıq 4801 adda mal idxal olunub. İxrac-idxal əməliyyatları üzrə müsbət saldo 7,7 milyard dollar təşkil edib.

Bu ilin 11 ayında xaricdən Azərbaycana 26,2 milyon dəyərində 1639,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə humanitar yardım kimi daxil olub. Ötən ilin eyni dövrünə nisbətən ixrac əməliyyatlarının həcmi 72 faiz və ya 33,8 milyard dollar, idxal isə 16,2 faiz və ya 1,5 milyard dollar azalıb. 2008-ci ilin 11 ayında ümumilikdə 140 ölkə ilə ticarət əməliyyatları aparılıb.

Elxan SALAHOV
# 485

Oxşar yazılar