Almaniyanın Roytlingen şəhərində yerləşən və eni cəmi 31 santimetr olan küçə turistlərin ən çox maraq göstərdiyi məkanlardan birinə çevrilib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Şproyerhofştrasse adlanan küçə Ginnesin Rekordlar Kitabına dünyanın ən dar küçəsi kimi daxil edilib.
Ştutqartdan təxminən 40 kilometr məsafədə yerləşən küçənin uzunluğu 3,8 metr, eni isə 31-50 santimetr arasında dəyişir. Buradan keçmək istəyən insanların əksəriyyəti yanakı hərəkət etməli olur.
Küçə 1726-cı ildə baş vermiş böyük yanğından sonra şəhərin yenidən qurulması zamanı yaranıb. İki bina arasındakı dar keçid 1820-ci ildə rəsmi olaraq küçə kimi tanınıb. 2006-cı ildə isə Ginnesin Rekordlar Kitabına düşüb.
Maraqlıdır ki, yerli sakinlər bu küçədən arıqlamağın göstəricisi kimi də istifadə edirlər. Bəziləri zarafatla istədikləri çəkiyə çatanda həmin dar keçiddən rahat keçə biləcəklərini söyləyirlər.
Bir müddət əvvəl köhnə binalardan birinin divarının əyilməsi küçənin bağlanması təhlükəsini yaradıb. Lakin bina möhkəmləndirilib və rekordçu küçə qorunub saxlanılıb.
