Bələdiyyəyə vergi: nə catar, nə batar - ARAŞDIRMA
31 avqust 2011 15:00 (UTC +04:00)

Bələdiyyəyə vergi: nə catar, nə batar - ARAŞDIRMA

- Yerli özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaq hüququ vardır, onlar öz funksiyalarını yerinə yetirmək üçün həmin vəsaitlər barədə sərbəst sərəncam verə bilərlər;

- Yerli özünüidarə orqanlarının maliyyə vəsaitləri konstitusiya ilə yaxud qanunla onlara verilən səlahiyyətlərə mütənasib olmalıdır;

- Yerli özünüidarə orqanlarının maliyyə vəsaitlərinin heç olmazsa bir hissəsi yerli rüsum və vergilər hesabına daxil olmalıdır, bunların dərəcələrini yerli özünüidarə orqanları qanunda göstərilən hüdudlarda müəyyənləşdirməyə ixtiyarlıdırlar;

- Yerli özünüidarə orqanlarının maliyyə vəsaitlərinin əsaslandığı maliyyə sistemləri yetərincə müxtəlif və çevik olmalıdır ki, yerli orqanların səlahiyyətlərinin həyata keçirilməsi zamanı çəkilən xərclərin dəyişməsini mümkün qədər təmin edə bilsin;

- Maliyyəsi baxımından daha zəif olan yerli özünüidarə orqanlarının qorunması maliyyə tənzimi prosedurlarının yaxud yerli orqanların potensial maliyyələşmə mənbələrinin qeyri-bərabər bölüşdürülməsinin nəticələrini və onlar üzərinə düşən xərcləri təshih etmək üçün nəzərdə tutulmuş ekvivalent tədbirlərin tətbiqini tələb edir. Belə prosedurlar və ya tədbirlər yerli özünüidarə orqanlarının öz səlahiyyətləri hüdudlarında seçim sərbəstliyini məhdudlaşdırmamalıdır;

- Yenidən bölüşdürülən vəsaitlərin verilmə qaydasını yerli özünüidarə orqanları ilə lazımi qaydada razılaşdırmaq zəruridir;

- Yerli özünüidarə orqanlarına verilən subsidiyalar imkan daxilində müəyyən layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmamalıdır. Subsidiyaların verilməsi yerli özünüidarə orqanlarının özlərinin səlahiyyətləri sahəsində siyasət seçimində əsas sərbəstliyinə ziyan vurmamalıdır;

- Kapital qoyuluşları üzrə xərclərin maliyyələşdirilməsi üçün yerli özünüidarə orqanları qanunvericiliyə riayət etməklə milli borc kapital bazarından istifadə edə bilməlidir.


Bunlar “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının bələdiyyələrin maliyyələşmə mənbələrini müəyyən edən əsas tələbləridir. O Xartiya ki, Azərbaycan Avropa Şurasının üzvü kimi 25 dekabr 2001-ci il tarixdə ratifikasiya edib və bu sənəd 2002-ci il avqustun 1-də qüvvəyə minib. Deməli, Azərbaycan hökuməti “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına qoşularkən həm də bu 8 şərtə əməl etmək öhdəliyi götürüb.

Bəs, Azərbaycanda bələdiyyələrin real maliyyə imkanları Avropa Sosial Xartiyasının tələblərinə cavab verirmi? Ölkəmizdə bələdiyyələrin maliyyə durumunu təmin edəcək bu 8 tələbə nə dərəcədə əməl olunur?

Bəri başdan deyək ki, mövcud qanunvericilik bələdiyyələrin maliyyə mənbəyinə vergi və qeyri-vergi ödənişlərini aid edir. Lakin bələdiyyələrin böyük əksəriyyəti bu gəlir mənbələrinin yalnız bir neçəsindən faydalana bilirlər. Çünki bu maliyyə mənbələrinin bir hissəsinin vergitutma mexanizmi təkmil olmadığından onları toplamaq demək olar ki, mümkün olmur. Bəzi bələdiyyələrdə isə həmin mənbə ümumiyyətlə yoxdur.

8 əsas vergidən 4-ü

Maliyyə Nazirliyində isə bildirirlər ki, son 12 ildə bələdiyyələrin fəaliyyətini tənzimləyən 30-a yaxın qanunvericilik aktı qəbul olunub və qanunlar ümumilikdə yerli özünüidarə orqanlarının təşkilati, maliyyə-iqtisadi və digər məsələləri üzrə münasibətlərin hüquqi tənzimini özündə ehtiva edir. Nazirliyin büdcə şöbəsinin müdiri Fazil Fərəcov deyir ki, hazırda 8 vergi növündən 4-ü birbaşa bələdiyyələrin səlahiyyətinə verilib. Bunlar əmlak vergisi, torpaq vergisi, mədən vergisi və bələdiyyələrin mülkiyyətində olan obyektlərdən gəlir vergisidir. Bundan başqa, qanunvericilikdə bələdiyyələrə bir sıra transfertlərin (dotasiya, subvensiya, subsidiya, ssuda) verilməsi nəzərdə tutulur ki, Azərbaycan hökuməti hər il bunlardan birini – dotasiyanı yerli özünüidarəetmə orqanlarına tətbiq edilir: “Büdcədən bələdiyyələrə əlavə dotasiya verilməsi Nazirlər Kabinetinin qərarı ilə Maliyyə Nazirliyinə həvalə olunub. Bizdə isə hər il büdcədən bələdiyyələrə 3 milyon manat dotasiya verilir. Həmçinin sadaladığım 4 əsas vergi növünü bələdiyyələr yığır. Amma bu vergilər bələdiyyələrin bir qismində az, digər qismində çoxdur”.

İdarə rəisi onu da bildirir ki, sanatoriya-kurort xidmətləri, restoran və şadlıq evləri, əyləncə mərkəzlərindən də bəzi ödənişləri bələdiyyələr yığır. Ancaq onun fikrincə, bu xidmət sahələrindən bələdiyyələrə daxil olan ödənişlərin məbləği çox kiçikdir: “Bu məsələdə qanunvericilik bələdiyyələrə lazım olan dəstəyi verir. Ancaq Azərbaycanda sanatoriya-kurort xidməti göstərən sahibkarlarla bələdiyyələrin əlaqələri çox zəif olduğundan bələdiyyələrin maliyyə təminatında bu xidmət sahəsindən ödənişlər cüzi miqdardadır”.

Fazil Fərəcov hesab edir ki, Azərbaycan hökuməti bələdiyyələrin maliyyə təminatı ilə bağlı “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının tələblərini tam şəkildə əməl edir. Ancaq onun fikrincə, bələdiyyələr onlara verilmiş bu imkanlardan lazımi səviyyədə bəhrələnə bilmir: “Bizdə bələdiyyələrin bir struktur kimi formalaşması lazımi səviyyədə deyil. İri bələdiyyələr, xüsusən də şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən bu qurumlar xeyli inkişaf etsə də, böyük əksəriyyəti hələ öz işini qura bilməyib. Bir çox bələdiyyələrin kadr potensialı zəifdir və bütün bunlar onların maliyyə təminatını formalaşdırmağa da imkan vermir”.

Bədbin və solğun statistika

Ekspertlər isə bildirirlər ki, yerli büdcənin formalaşdırılması üçün nəzərdə tutulan gəlirlər nəticə etibarı ilə bələdiyyələrin minimal maliyyə ehtiyaclarını belə təmin etmir. Bu isə bələdiyyələrin öz səlahiyyətlərini həyata keçirməsinə ciddi problemlər yaradır. AVCİYA-nın eksperti Vüqar Tofiqli deyir ki, qanunvericilik - Vergi Məcəlləsi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlar Azərbaycanda yerli özünüidarə orqanları üçün xeyli sayda gəlir mənbələri müəyyənləşdirib. Ancaq onun fikrincə, reallıqda həmin mənbələrin əhəmiyyətli hissəsi bələdiyyələr üçün dayanıqlı və yüksək gəlir bazası formalaşdırmır. Belə ki, hər üç qanun bələdiyyələr üçün 4 vergi və 7 qeyri-vergi mənbəyi müəyyənləşdirib.

Maraqlıdır ki, dövlətin yerli özünüidarə qurumları üçün müəyyənləşdirdiyi gəlir mənbələrindən bələdiyyələrin çox az hissəsinin bəhrələndiyini rəsmi statistika da təsdiqləyir. Məsələn, Maliyyə Nazirliyinin hesabatlarına əsasən, 2008-ci ildə cəmi 39 bələdiyyə mədən vergisi üzrə ödəniş yığa bilib. Bu isə həmin vergi növündən ölkə üzrə bütün bələdiyyələrin cəmi 1,4 faizinin bəhrələnməsi deməkdir. Həmin il 244 bələdiyyə (8,8 faiz) əmlak, 7 bələdiyyə mənfəət (0,2 faiz) vergisi, cəmi 14 bələdiyyə (0,4 faiz) reklam, 61 bələdiyyə (2,2 faiz) avtomobil dayanacaqları üçün ödəniş toplaya bilib.

Vüqar Tofiqli bələdiyyələr üçün müəyyənləşdirilmiş maliyyə mənbələrindən bu cür məhdud istifadəni daha çox qanunvericilikdə yerli vergi və ödənişlərin tətbiqi üzrə təkmil mexanizmlərin olmaması ilə əlaqələndirirlər. Onun sözlərinə görə, həmin ödənişlər içərisində fiziki şəxslərin torpaq vergisi yeganə maliyyə mənbəyidir ki, onun hesablanması və bələdiyyə büdcəsinə alınmasını bələdiyyələr müstəqil şəkildə həyata keçirə bilir. Digər yerli vergi növlərini yığmaq üçün isə bələdiyyələr istinasız olaraq müvafiq icra orqanlarından asılı vəziyyətdədir. Bundan başqa, vergi xidməti orqanlarından fərqli olaraq, bələdiyyələr yerli vergi və ödənişləri verməyən şəxslər barəsində hər hansı sanksiya tətbiq edə bilmirlər. Bu da vergilərin toplanması prosesində xeyli çətinliklər yaradır. Halbuki, qanunvericilikdə dövlət vergi xidməti orqanları üçün belə bir hüquq nəzərdə tutulur. Ekspert hesab edir ki, bələdiyyə vergi agentlərinə də belə bir hüququn verilməsi bu sahədə müsbət dəyişikliklərə yol aça bilər.

Vüqar Tofiqli, Azərbaycanda bələdiyyə qanunvericiliyinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırıldığını söyləsə də, reallıqda bu tələblərin çoxuna əməl edilmədiyi qənaətindədir. Onun fikrincə, qanunvericiliyin işlək mexanizmi olmadığından bələdiyyələr qanunla onlara verilmiş vergi və ödənişləri toplamaq imkanından məhrumdur: “Məsələn, bələdiyyələr öz ərazilərində tutaq ki, 10 min manat vergi yığmalıdırsa, faktiki olaraq bunun 1-2 faizini toplaya bilir. Bunun bir səbəbi vətəndaşlara aid əmlakın böyük bir qisminin qeydiyyatsız olmasıdırsa, digər qismi qanunvericiliyin özündəki boşluğun nəticəsidir. Tutaq ki, əmlak satışa çıxarılırsa, onun dəyəri bazar qiymətilə deyil, inventar dəyərlə hesablanır. Bu isə bələdiyyələrə ödənməli ödənişlərin bir qisminin vergidən yayınması ilə nəticələnir”.

Günah bələdiyyədədir?

Milli Məclisin Regional siyasət komitəsinin üzvü Tahir Rzayev də hökumətin “Yerli özünüidarə haqqında” Avropa Xartiyasında bələdiyyələrin maliyyə mənbələrini özündə əks etdirən 9-cu maddənin tələblərinə əsasən əməl etdiyi qənaətindədir. Ancaq onun fikrincə, yerli özünü idarəetmə qurumlarının lazımı maliyyə təminatına malik olması daha çox üçtərəfli münasibətlərdən asılıdır: bələdiyyə-icra strukturları-vətəndaşlar. Millər vəkilinin sözlərinə görə, hər üç subyekt qanunların tələblərinə əməl etsə bələdiyyələrin maliyyə təminatı indikindən bir neçə dəfə yüksək ola bilər: “Vətəndaş bəzən öz məsuliyyətini dərk eləmir, elə bilir ki, bələdiyyənin külli miqdarda pulu var, bu pullar yolların çəkilməsinə, yaxud da hansısa imkansız ailənin dünyasını dəyişmiş üzvünün dəfn xərclərinə yönəldilməlidir. Amma vətəndaş gətirib əmlak vergisini, torpaq vergisini, yaxud da xidmət sahəsində işləyirsə ödəməli olduğu cüzi ödənişləri vermir. Yəni vətəndaş ödəməli olduğu vergiləri vermir, amma bələdiyyədən tələb edir”.

Yeri gəlmişkən, Tahir Rzayev deyir ki, belə hallarda bələdiyyələr qanunu pozanlara qarşı sanksiyalar tələb edə bilər. Ancaq bələdiyyələrin fəaliyyət göstərdiyi 12 il ərzində belə bir qeydə alınmayıb. Ekspert belə pozuntuların bir növ adətə çevrildiyi bir vaxtda bələdiyyələrin qarşı tərəfə sanksiya tətbiq etməməsini həm də yerli icra strukturlarının bələdiyyələrlə əlaqəli şəkildə işləməməsi ilə bağlayır. Onun sözlərinə görə, icra strukturları bələdiyyələrlə əlaqəli şəkildə işləmədiyindən yerli özünüidarə qurumlarının işi pozulur.

O ki qaldı xartiyanın tələblərinin tam şəkildə milli qanunvericilikdə əks olunmasına, millət vəkili hesab edir ki, bu tələblərin hamısının qanun şəklinə salınmasına ehtiyac yoxdur. Tahir Rzayev hesab edir ki, Xartiyadakı bəzi tələblər indiki reallıqlarla uyğun gəlmir: “Orada elə tələblər var ki, reallıqlarla ziddiyyət təşkil edir. Çünki o Xartiya hazırlanarkən inkişaf etmiş ölkələrin nümunəsindən istifadə ediblər. Amma bizdə o ölkələrdəki kimi şərait yoxdur”.

Millət vəkili deyir ki, bələdiyyələrin lazımi şəkildə maliyyə təminatının olmaması onların inkişafını xeyli ləngidir. Onun sözlərinə görə, bu gün bəzi kommunal xidmətləri bələdiyyələr göstərsə də bu xidmətə görə vəsaiti dövlət təşkilatları alır. Məsələn, Yaşıllıq idarələri dövlətdən kifayət qədər vəsait aldığı halda ərazilərin yaşıllaşdırılması ilə bələdiyyələr məşğul olur. Həmçinin zibilliklərin təmizlənməsini də bələdiyyələr həyata keçirir. Ancaq bunun pulunu Mənzil İstismar Sahələri yığır.

Millət vəkili hesab edir ki, bu tip müəssisələr bələdiyyələrə göstərdikləri xidmətin müqabilində müəyyən miqdarda maliyyə vəsaiti ödəsələr, bələdiyyələrin vəsaiti olar və onlar bu vəsaitlə xidmətlərin çeşidini və coğrafiyasını bir qədər də genişləndirər: “Düzdür, bir sıra bələdiyyələrdə bu vəsaitlər yığılır. Özü də çox yaxşı yığılır. Məsələn Ağcabədi şəhər bələdiyyəsi 200 min manatdan artıq vergi yığır. Üstəlik, digər sahələr də var ki, oradan müəyyən ödənişlər əldə edir. Ona görə də müəyyən işlər görə bilir”.

Eltac İsazadə
# 1179

Oxşar yazılar