"Minaya düşəndə ayağımı itirsəm də, sarsılmadım, həkimlərə zəng etdim" - MÜSAHİBƏ
06 noyabr 2025 16:20 (UTC +04:00)

"Minaya düşəndə ayağımı itirsəm də, sarsılmadım, həkimlərə zəng etdim" - MÜSAHİBƏ

0

"Torpağın üstündə mina tapdıq, bir neçə saniyə sonra ayağımı tərpədəndə basdırılan mina partladı"

Lent.az Vətən müharibəsinin iştirakçısı, 2022-ci ildə Kəlbəcərdə minaya düşən polkovnik Vüqar İsbəndiyarovun APA-ya müsahibəsini təqdim edir:

İsbəndiyarov Vüqar Tofiq oğlu 1978-ci ildə Cəbrayıl rayonunun Sədi kəndində anadan olub. 1993-cü ildə ailəsi ilə birgə məcburi köçkün düşüb.


Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində davam etdirib. Təyinatla Naxçıvanda N saylı hərbi hissədə zabit kimi fəaliyyətə başlayıb. Müxtəlif bölgələrdə 3 briqadanın komandiri olub.
Vətən müharibəsi başlayanda çalışdığı Bakı Ali Ümumqoşun Komandirlər Məktəbindən cəbhəyə çağırılıb.

Vətən müharibəsində iştirakına görə, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Cəbrayılın, Qubadlının, Zəngilanın azad olunmasına görə, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

2020-ci ilin noyabr ayında Kəlbəcər işğaldan azad olunduqdan sonra orada yerləşən hərbi hissəyə komandir təyin olunub. 2022-ci il iyulun 26-da xidməti vəzifəsini icra edərkən Ermənistan ordusu tərəfindən basdırılmış minaya düşərək ağır xəsarətlər alıb, bir ayağı amputasiya olunub.

- Vətən müharibəsinin başlanacağı hər birimiz üçün gözlənilən idi. Sadəcə, nə zaman başlanacağını bilmirdik. Bəs, Siz hərbçi olaraq bunu nə zaman bildiniz?

- Biz döyüşə hazırlıq məşqləri keçdikcə, hiss edirdik ki, bu, yaxın bir zamanda olacaq. Amma Ali Baş Komandanımızın dediyi kimi, nəyi, necə, nə vaxt etmək lazımdır, bunu o özü çox yaxşı bilirdi. Ona görə də ən doğru bir zamanda Ali Baş Komandan buna qərar verdi. Beləliklə, sentyabrın 27-də səhər saatlarında Vətən müharibəsi başladı.

- Siz o zaman harada idiniz?

- Həmin vaxt Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində çalışırdım. Məktəbə yenicə təyinat almışdım. Cəmi bir neçə ay orada xidmət elədim, müharibə başlayan kimi cəbhəyə göndərildim.

- Müharibənin başlandığını harada eşitdiniz?

- Elə orada səhər 05.30-da oyanıb, səhər idmanına başlamışdım. O zaman zəng gəldi, məxfi informasiya çatdırıldı. Siqnal təyin olunmuşdu. Elan olundu ki, Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Biz bu günü çox gözləmişdik...

Ermənistan ölkəmizə qarşı ərazi iddialarına başlayanda biz uşaq idik, torpaqlarımız işğal olunanda yeniyetməlik dövründəydik.

Yadımdadır ki, uşaqkən kənddə kimsə əsgərlikdən gələndə tez yanına qaçardıq. Onda indiki imkanlar yox idi, çox nadir hallarda foto çəkdirmək mümkün olurdı, daha çox nişan istəyər, onu yaxamıza taxardıq. Saxlayardıq, yaxamızdan heç çıxarmazdıq. Elə o illərdən hərbçi olmağa həvəsim vardı. Sonra taleyimizə məcburi köçkünlük yazıldı. Torpaqlar işğal olundu. 14 yaşımda yaxınlarımızla birgə torpaqlarımızı tərk elədik. Bundan sonra hərbçi olmaq həvəsim qərara çevrildi.

2000-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbindən Ümumqoşun komandiri ixtisası üzrə məzun olandan sonra Əlahiddə Ümumqoşun Orduya, Culfa şəhərində yerləşən hərbi hissəyə təyinat aldım. Kiçik Qafqazın ən hündür zirvəsi olan Qapıcıq zirvəsində taqım komandiri oldum. 7 ay sonra bölük komandiri təyin olundum. Qarşı tərəf Qacaran istiqaməti idi. Daha sonra tabor komandirinin müavini, Şahbuzda Qogi dağı deyilən zirvədə bölük komandiri, tabor komandiri kimi xidmət etmişəm. Silahlı Qüvvələrin Hərbi Akademiyasında Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda magistratura səviyyəsində təhsil alandan sonra Murov istiqamətində xidmət elədim.


Yəni 15 il Naxçıvanda, sonra Murovdağ yüksəkliyində düşmənlə üzbəüz mövqelərdə xidmət edən hərbçi, vətəndaş kimi onların davranışları məndə də hər zaman qıcıq hissi yaradırdı. Düşmən 30 ilə yaxın işğal dövründə çox möhkəmlənmişdi. Bir çox əlverişli yüksəklik onlarda idi, onlar nəzarət edirdilər. Məcburən müdafiə mövqeyində dayandığımıza görə bizə qarşı düşmənin təxribatları da çox olurdu. Həm də bütün bunlara görə yaranan nifrət hissi vardı.

Hərbçi, məcburi köçkün olaraq, uzun illərdən bəri gözlədiyimiz anın çatdığına çox sevindim. Sentyabrın 27-də səhər saatlarında həyəcan siqnalı ilə toplandıq. Düzüldük, döyüş tapşırığı verildi, vəzifələrə təyinatlar oldu. Dərhal da avtobuslarla Goranda cəmləşmə rayonuna yola düşdük.

Həmin gecə səfərbərlik yolu ilə zabitlər, gizirlər, əsgərlər cəlb olundu, biz 3 gün ərzində onları qəbul etdik, bütün şəxsi heyət silahlandı, geyimlə təmin olundu. Bir neçə gün ərzində atışlar keçirdik, təlim oldu. 6-7-ci gündən artıq Cəbrayıl istiqamətində döyüşlərə cəlb olunduq.

Oktyabrın 3-dən Füzulinin Horadiz kəndi istiqamətindən cəmləşmə rayonunda idik.
Bizim heyətdə səfərbərliklə cəlb olunanlar olduğuna görə tapşırığımız irəlidə gedən qoşunların, xüsusi təyinatlı qüvvələrin sağ-sol cinahlarını bağlamaq idi. Yəni ki, düşmən arxadan, yandan həmin qüvvələri atəş altında saxlaya bilməsin, verilən tapşırıqlar daha uğurla yerinə yetirilsin.

- Vətən müharibəsi başlayanda sıravi insanların bir qismi düşünürdü ki, Aprel döyüşlərində olduğu kimi bu dəfə də əməliyyatlar bir neçə gün davam edəcək. Yəni bütünlükdə torpaqlarımızın azad olunacağı o cür düşünənlər üçün gözlənilən deyildi. Amma yəqin ki, hərbçi olaraq Sizin gözləntiniz başqa cür olub...

- Bəli. Əslində, torpaqlarımızın azad olunması, qələbənin əldə olunması üçün qoyulan vaxt daha qısa idi. Tapşırıqlar daha qısa zamanda icra olunmalı idi. İki həftə ərzində yekunlaşmalı idi. Bəzi amillər, ərazi, hava şəraiti və digər nüanslara görə bir qədər uzandı.

Düşmənin uzun illər möhkəmləndirdiyi “Ohanyan xətti”ni Ordumuz bir nəçə saata yardı

- Sizin döyüşə cəlb olunduğunuz istiqamətdə keçmiş təmas xətti, “Ohanyan xətti”nin yarılması Vətən müharibəsinin ən vacib məqamlarından biridir...

- Elədir. O xəttin yarılması əməliyyatında iştirak etməsəm də, cəmi bir neçə gün sonra Cəbrayılın mərkəzinə qədər hərəkət edə bildik. “Ohanyan xətti”ndə bir neçə, 3-4 səngərdən ibarət olan mövqe, eyni zamanda, tankların keçə bilməməsi üçün tank səngərləri, yarğanlar, çuxurlar, süni və təbii maneələrdən istifadə edərək möhkəmləndirilmiş rayon çərçivəsində sədd yaratmışdılar. Amma bizim tankçılarımız, xüsusi təyinatlılarımız, mühəndislərimiz, kəşfiyyatçılarımız boşluqlardan sızaraq həmin xətti qısa bir zamanda, bir neçə saat içində yara bildi. Artıq əməliyyatların ikinci günündə xeyli kənd azad edilmişdi. Hələ 2016-cı ilin aprel döyüşlərindən Lələtəpə yüksəkliyi kimi tanıdığımız ərazidən başlayaraq yol ilə hərəkət eləməyə başladıq.
“Ohanyan xətti”ndən keçəndən sonra, təxminən 20 kilometr məsafədə, elə bizim doğulduğumuz kəndin ətrafında təpələrdəki mövqelərdə necə deyərlər, qazanları qaynar idi.

Qubadlıda tapdığımız xəritədə gördük ki, erməni komandirlər ikinci xətdə qarşımızı alacaqlarını düşünürmüş

Sonradan Qubadlıda onların hərbi hissə komandirinin otağından xəritələr götürdük. Orada onların müdafiəni necə quracaqları barədə planlarını gördük. Onlar düşünürmüş ki, Azərbaycan Ordusu “Ohanyan xətti”ni keçsə, ikinci xətdə qarşımızı ala biləcəklər. Ən sonda sərhəddə necə müdafiə olunacaqları da orada göstərilmişdi. Bizim kəndimizin hər tərəfində, hətta qəbiristanlıqda səngərlər qazılmışdı. Silah-sursat anbarları var idi. Həyətimizdə yardımçı tikiliyə də silah yığmışdılar. Ermənilər orda ciddi müqavimət göstərmişdilər, amma tab gətirə bilmədilər.

Təsəvvür edin ki, əsgər və zabitlər ancaq irəli getmək haqda düşünürdü. Döyüşən taborları istirahətə çıxarmaq istəyirdilər, heç kim getmək, dincəlmək istəmirdi...

Öz kəndimizdə, evimizin yanında dayanmışdım, amma tanıya bilmirdim

- Həm hərbçi, həm də məcburi köçkün olaraq azad olunan ərazilərə daxil olmaq necə hiss idi?

- Korpus komandiri məni çağırıb döyüş tapşırığını yazdıranda xəritədə getdiyimiz yerin hara olduğuna baxdım. Gördüm elə mənim doğulduğum Sədi kəndi, Minbaşılı, Daş Veysəlli kəndlərinin düz yanında cəmləşmə rayonu veriblər. Bir qədər tərəddüdlə dedim ki, birdən tanımaram, çünki ordan çıxanda 14 yaşım var idi, üstündən 27 il keçmişdi. Düşünürdüm ki, birdən nəsə səhv edərəm. Təsəvvür edin ki, öz kəndimizdə, evimizin yanında dayanmışdım, amma tanıya bilmirdim. Elə bilirdim ki, bura qonşu Ağtəpə kəndidir, sən demə, elə bura bizim kənddir, öz həyətimizdir.

Milli Qəhrəman Şükür Həmidov çox mərd, ürəkli hərbçi idi

- Təbii ki, Siz ora hərbçi kimi daxil oldunuz, hisslə davranmaq zamanı deyildi.

- Əlbəttə. Gərginlik var idi, kolonla hərəkət edirdik, düşmən artilleriyası daim atəş açırdı. Məlumatlar daxil olurdu ki, düşmən aviasiyasının da bölmələrə atəş aşmaq ehtimalı var, ona görə də başqa duyğuları yaşamağa heç imkan olmadı. Amma ikinci dəfə o əraziyə qayıdanda təbii ki, yanaşma da, hissiyyat da fərqli idi. Rəhmətlik Milli Qəhrəman, polkovnik Şükür Həmidov zarafatla deyirdi ki, Cəbrayıla birinci mən daxil olmuşam, indi Qubadlıya (onun doğulduğu yurda) getmək lazımdır. Şükür şəxsi heyəti belə çağırışları, sözləri ilə çox ruhlandırır, fərəhləndirirdi.

- O zaman görüntüləri də yayılmışdı. Elə ondan bir qədər sonra şəhid olmağı xəbəri yayıldı.

- Bəli, Qubadlının Balasoltanlı kəndi istiqamətindən Yazı düzü istiqamətinə düşmüşdülər. Orada düşmən onu vurmuşdu. Şükürü çoxdan tanıyırdım, Naxçıvanda birgə təxminən 15 il xidmət etmişdik. O zaman bizim komandir Mais Bərxudarov idi.
Şükür Azərbaycan Ordusunun çox bacarıqlı, nadir istedadlı zabitlərindən biri idi. Çox mərd, ürəkli hərbçi idi. Boyu təxminən 1.60 olardı, amma ürəyi ondan dəfələrlə böyuk idi.


Bir dəfə Naxçıvanda ən ucqar Batabat döyüş mövqeyində posta qalxanda görür ki, bir əsgərin yüksək temperaturu var, duman, qar, çovğunda əsgəri döyüş mövqeyindən aşağı düşürmüşdü. Əlcəklərini, qalın paltarlarını əsgərə geyindirmişdi. Şükür mənim yadımda həm də belə cəhətlərinə görə qalıb.

General Polad Həşimovun haqqında saatlarla danışmaq olar, tələbkar, gözütox, mərd insan idi

- Bəs Polad Həşimov necə? Bildiyimə görə, mərhum generalla da birgə xidmət etmisiniz.

- Bəli, rəhmətlik general-mayor Polad Həşimovla uzun müddət birgə xidmət eləmişəm. Mən Şəmkir korpusunda briqada komandiri olanda, o, korpusun qərargah rəisi idi. Əvvəl polkovnik idi, sonradan general rütbəsi verildi. Onun haqqında saatlarla danışmaq olar. Tarixə düşəcək bir hərbçi idi, elə də oldu. Çox sadə, həm də çox tələbkar zabit, komandir idi. Tabeliyində olan heyəti, zabit və əsgərləri çox sevirdi. Hamı da onu çox istəyirdi, amma bu münasibətə baxmayaraq, çox tələbkar idi. Eyni zamanda, hamını başa düşürdü. Məsələn, Nizamnaməyə görə, əsgər iki dəfə məzuniyyətdə ola bilərdi. Posta gedirdi, əsgər postda ona desəydi evə getmək istəyir, deyirdi buraxın gedib anasını görsün. Evə gedən əsgərin pulu varmı-yoxmu, onunla da maraqlanırdı. Yanvarın 2-də doğum günü idi, bir dəfə komandirlər yığışıb ona hədiyyə almaq istədik. Çox düşündük ki, nə alaq, axırda qərara gəldik ki, pul yığaq, verək özü nə istəsə, alsın. Belə də elədik, pulu zərfə qoyub verdik. Səhəri gün eşitdik ki, həmin pula boya aldırıb, qərargahın təmiri üçün xərcləyib, deyib mənə hədiyyə lazım deyil.
Bax belə, çox gözütox, mərd insan idi. Həm də çox savadlı idi, biz ondan çox şey öyrəndik. Döyüşün necə idarə olunmasını komandirlərə öyrədirdi. Gözəl öyrətmək qabiliyyəti vardı. O, sağ olsaydı, Vətən müharibəsinin gedişində də qərarların qəbul olunmasına öz töhfəsini verərdi. Murovdağ istiqamətində xidmət edəndə onunla ikilikdə söhbət edirdik, oranın alınması haqqında planını deyirdi. Murovu, o ərazini çox yaxşı tanıyırdı. Orda tabor komandiri, Daşkəsən istiqamətində briqada komandiri olmuşdu. Onun ən böyük arzusu həm də Kəlbəcərə daxil olmaq, Basarkeçər-Ağdərə yolunu bağlamaq, düşmənin o istiqamətdə Qarabağla əlaqəsini kəsmək idi. Bütün bunlar oldu, təəssüf ki, Polad bunları görmədi. Eləcə də polkovnik İlqar Mirzəyev, digər zabitlərimiz, əsgərlərimiz görə bilmədilər. Amma onların ruhlarının şad olması ilə təsəlli tapmaq olur.

- Dediniz ki, bir müddət Murovdağ istiqamətində xidmət etmisiniz. Vətən müharibəsindən sonra yenidən o istiqamətə təyin olundunuz.

- Bəli, 2016-cı ildən 2019-cu ilədək Murov istiqamətində briqada komandiri olmuşam. Düşmənin uzun illər möhkəmləndiyi Ömər aşırımı, 3700-3800 hündürlükdə yerləşən mövqelərdə çox çətin günlərimiz olmuşdu. Təsəvvür edin ki, orda 7-8 ay qış olur. Oktyabrdan qar yağmağa başlayırdı, mayda, iyunda bəzən yolu traktorla açırdıq.
Zəfər günündən sonra Qubadlı və Zəngilan istiqamətində döyüş mövqeləri təyin edirdik. Səngərlər qazılırdı, döyüş xidməti təşkil olunurdu. Noyabrda general-leytenant Ənvər Əfəndiyev zəng vurub dedi ki, cənab nazirin əmri ilə Kəlbəcər istiqamətində briqada komandiri təyin olunmuşam. Çox sevindim. Noyabrın 25-də briqada ilə Ömər aşırımından keçməklə Kəlbəcərə getdik. Kəlbəcərə ilk daxil olanlardan biri də mən oldum, bu, mənim üçün çox qürurvericidir.

Torpağın üstündə bir mina tapdıq, bir neçə saniyədən sonra minaya düşdüm, yəqin ki, duman olanda basdırmışdılar

- Müharibə bitsə də, onun ağrıları hələ də yaşanır. Belə ağrılardan biri də, mina problemidir. Azərbaycanda çoxsaylı mina qurbanlarından biri də Sizsiniz. Kəlbəcərdə 2022-ci ilin iyulun 26-da baş verən mina partlayışı nəticəsində xəsarət almısınız. Həmin anı necə xatırlayırsız? Hadisə necə baş verdi?

- Kəlbəcərdə olan mövqeləri o qədər gəzmişdik ki, düşmən mövqelərinə o qədər bələd idik ki, bəlkə də bir qədər arxayınlaşmışdıq. Düşünməzdik ki, belə bir hadisə baş verə bilər. Bu hadisə ərazilərin kəşfiyyatı zamanı baş verdi. Ola bilsin ki, gecə, ya da dumanlı hava şəraitindən istifadə edərək mina basdırmışdılar. Görənlər bilir, Kəlbəcərdə hava şəraiti çox fərqli olur, bir anda dəyişir, duman gəlir. Orda bir neçə saat hansısa ərazini gözlə müşahidə etmək olurdu, qatı duman çox zaman buna imkan vermir. Duman olanda heç göz-gözü görmür. Qalan vaxtda ancaq qulaq asma, dinləmə yolu ilə müşahidə aparılır. Yəqin ki, dumanlı havada mina qoymağa nail olmuşdular. Bu hadisə baş verəndə biz yeni döyüş mövqeyinə çıxmağa hazırlaşırdıq. Rəhbər heyətlə - nazir müavini, korpus komandiri, tabor komandiri ilə hərəkətdə idim.
Ondan bir az öncə biz yolda basdırılmayan mina gördük. Bəlkə də gecə olub, ya duman olub deyə yaddan çıxarıb orda qoymuşdular. Məncə, bunu görməyimiz daha az itkiyə səbəb oldu. Bildik ki, bura mina sahəsidir. Onu görməsək, daha qabağa gedə bilərdik və daha çox itki ilə üzləşərdik. Bu, bir qədər ehtiyatla davranmağımıza səbəb oldu, amma bu hadisə oldu. Bir neçə saniyə ərzində oldu, anidən ayağımı tərpətməyimlə partlayış baş verdi. Ermənistan istehsalı olan piyada əleyhinə mina idi. Əslində, orda 50 qramlıq barıt atımı var. Onlar məqsədyönlü şəkildə az barıt atımından istifadə edirlər ki, minaya düşən adam yaralansın, ölməsin. Çünki döyüş fəaliyyətində yaralanan hərbçiyə, onun təxliyəsinə daha çox zaman, daha çox qüvvə cəlb olunur, ola bilsin ki, bu məqam əsas götürülür. Döyüş mövqeyi yaxın idi, orada ilkin tibbi yardım üçün bütün ləvazimatlar olur, yardım etdilər. Qanaxmanı dayandırmaq üçün hər iki ayağımı bağladılar, ağrıkəsicilər vurdular, ordan hərbi maşınla çox yüksəklikləri keçərək 3 saata yaxın məsafə qət edərək hərbi hospitala getmək çətin oldu. Dərə-təpədən keçdikcə, sürət artdıqca çətin olurdu. O gün həyatımın ən çətin günü idi.


Mina partlayışında ayağımı itirsəm də, özümü itirmədim, həkimlərlə danışdım


Amma hadisədən sonra özümü itirmədim, o halda bir neçə həkimlə telefonla danışdım. Şəmkir, Bakı hospitallarının komandirləri, polkovnik, baş cərrah Çingiz həkimlə danışdım. Gəncə hospitalının komandiri polkovnik Hüseyn Qaçayev dedi ki, mən sənə kömək edəcəm. İki saat yarım sonra Kəlbəcər hospitalına təxliyə olundum, artıq bir ayağım amputasiya olunmuşdu. Yardım elədilər, vəziyyət nisbətən stabilləşdi. Gecə dumanlı havada çətinliklə də olsa, Gəncə hospitalına təxliyə olundum. Sonra ayılanda gördüm ki, mülki xəstəxanada – Gəncədəki Mərkəzi Klinikadayam. Orda klinikanın rəhbəri Rövşən həkimin, travmatoloq Məzahir Məmmədovun, digər tibb personalının xüsusi qayğısının şahidi oldum. Məzahir həkim mənim ikinci ayağımın amputasiya olunmasına imkan vermədi, on saata yaxın davam edən əməliyyat uğurla keçdi. O əməliyyat sayəsində ikinci ayağım normal halına qayıtdı. Sonra yenidən işə başladım, tərxis olunmaq istəmirdim, çünki yaş hələ çox deyil. Cənab nazirin əmri ilə Müdafiə Nazirliyində Kəşfiyyat Baş İdarəsində idarələrdən birinə rəis müavini təyin olundum. Yəqin ki, döyüş mövqelərinə bələdliyim, onları yaxşı tanımağıma görə belə bir vəzifəyə təyinat aldım. Məncə, təcrübəm fəaliyyətə öz töhfəsini verdi. Amma səhhətimdə yaranan problemlərə görə ərizə ilə müraciət elədim və ehtiyata buraxılmışam.

- Bu gün Vətən müharibəsinin – 35-ci günüdür (Müsahibə 31 oktyabrda götürülüb-red). 5 il bundan öncəni necə xatırlayırsız?

- Öncə qeyd edim ki, Vətən müharibəsinin başlandığı, 27 sentyabr – Anım Günündən etibarən hər gün yadımızdadır. Anım günündən başlayaraq, demək olar ki, hər gün şəhid məzarlarını ziyarət edirik. Şəhid ailələrinin yanında oluruq. Düz 5 il əvvəl bu gün Qubadlıda idik. Orda Hərtis dağı var, bölgədə ən hündür zirvələrdən biridir. Qafan-Gorus istiqamətində dövlət sərhədi boyunca, düşmənin Azərbaycanla sərhəddə yerləşən David Bek adlandırdığı əraziyə yaxın Fərican, Çərəli kəndləri istiqamətində idik. Düşmənin geri çəkilən heyətinə qarşı döyüş tapşırığı icra edib, orada möhkəmlənirdik. Dövlət sərhədinin bərpası yönündə tapşırıqlar icra olunurdu. Həmin gün həmçinin Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab zərbələri endirildi.

- Zəfər gününə cəmi bir neçə gün qalırdı. Bunu hiss edirdiniz?

- Bəli, bilirdik ki, düşmən tam təslim olur. Artıq Qubadlı, Zəngilan istiqamətində, Laçın tərəfdə düşməni öz mövqelərindən də geriyə çəkilməyə məcbur etmişdik. Hadrut azad olunmuşdu, Şuşaya yaxın ərazidə döyüş gedirdi. Amma düşünmürdüm ki, qələbəyə cəmi bir neçə gün qalıb. Fikirləşirdik ki, düşmənin uzaqbaşı bir aylıq gücü qalar.
Çünki sırada Ağdam, Ağdərə, Laçının digər əraziləri, Kəlbəcər, işğal altında olan başqa torpaqlarımız var idi. Çox şükür ki, cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində biz bir güllə atmadan, itkisiz digər əraziləri azad etdik. Sonra isə cəmi iki gün – 23 saat davam edən antiterror əməliyyatı ilə məqsədə tam nail olundu, Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü təmin edildi.

- Sizcə, Vətən müharibəsinin ən uğurlu, yaddaqalan əməliyyatı hansı idi?

- Vətən müharibəsinin bütün əməliyyatları uğurlu idi. Məncə, ilk növbədə Şuşa əməliyyatı, Şuşanın azad olunması ən önəmli əməliyyatdır. Mən ən çox həmin gün sevinmişəm. Şuşa alınmaz qala sayılırdı. Çoxları düşünürdü ki, Şuşanı azad etmək mümkün olmayacaq. Mənə o istiqamətdə getmək qismət olmadı. Bir neçə dəfə Qırmızı Bazar-Şuşa istiqamətinə getmək arzusunda olduq. Düşündük ki, bəlkə bizi o istiqamətə təyin edərlər, amma qismət olmadı. Buna heyifslənirəm. Həmin gün bizim üçün çox böyük, tarixi gündür. Şuşanın azad olunmasını, Prezidentin bunu elan etməsini bir qədər gec bildik. O vaxt döyüş mövqelərində idik. Telefonlardan həm də idarəetmədə istifadə edirdik deyə, enerji qalmırdı. Düşmənin dinləməməsi üçün mobil operatorlar bloklanmışdı. 

Qələbəmizin memarı Ali Baş Komandan, onun rəhbərliyi altında Azərbaycan Ordusu, Azərbaycan xalqıdır. Qələbə birgə fəaliyyət nəticəsində qazanılıb. Bu, dünya hərb tarixində hələ uzun illər öyrəniləsi bir qələbədir.

Foto - Rüfət Mustafayev © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar