Rövnəq Abdullayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm nazirini qəbul edib
22 sentyabr 2011 19:02 (UTC +04:00)

Rövnəq Abdullayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm nazirini qəbul edib

Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.


Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ARDNŞ prezidenti Azərbaycan və Bolqarıstan arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, iki ölkənin enerji sektorunda əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yarandığını söyləyib.

Trayço Traykov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan Biznes Forumunun gedişindən razı qaldığını nəzərə çatdırıb. O, təmsil etdiyi hökumətin Azərbaycanın enerji sektoruna, xüsusilə də ARDNŞ ilə əməkdaşlığa böyük maraq göstərdiyini dilə gətirib. Son illər Azərbaycanın neft-qaz sənayesində qazanılmış nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verən Rövnəq Abdullayev ixrac marşrutlarının diversifikasiyasına ölkəmizdə böyük əhəmiyyət verildiyini, Azərbaycan təbii qazının Avropaya nəqli üçün təklif olunan layihələrin nəzərdən keçirildiyini qeyd edib.


Bolqarıstanda ARDNŞ-in uğurlarının diqqətlə izlənildiyini deyən Trayço Traykov ölkəsində fəaliyyət göstərən şirkətlərin onunla çoxsahəli əməkdaşlığa hazır olduqlarını bildirib. O, Bolqarıstan tərəfinin Azərbaycandan təbii qaz almaqda, həmçinin birgə qaz distribusiya şəbəkəsinin qurulmasında ARDNŞ ilə əməkdaşlıq etməyə maraq göstərdiyini də diqqətə çatdırıb. Trayço Traykov ölkəsində sərmayə qoyuluşu üçün əlverişli imkanlar yaradıldığını vurğulayıb və ARDNŞ-i Bolqarıstanda həyata keçirilən investisiya proqramlarında iştirak etməyə dəvət edib. Rövnəq Abdullayev yaxın perspektivdə Bolqarıstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın daha yüksək templərlə inkişaf edəcəyinə inandığını söyləyib.
# 664

Oxşar yazılar