Azercell və ADA Universitetinin birgə təşəbbüsü ilə keçirilən “İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi baş tutub
18 iyun 2025 11:12 (UTC +04:00)

Azercell və ADA Universitetinin birgə təşəbbüsü ilə keçirilən “İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi baş tutub

Seçilən layihələr gələcək inkişaf üçün real imkanlar qazandı

“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı ilə həyata keçirilən “İdeya İnkubasiyası Proqramı” uğurla yekunlaşıb. Final mərhələsinin nəticələri ADA Universitetində təşkil olunan mükafatlandırma mərasimində elan olunub.

Builki proqram çərçivəsində ADA Universitetinin tələbələrindən ibarət 10 komanda innovativ ideyaları ilə birincilik uğrunda mübarizə aparıb. Layihə müddətində yarışçılar Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri tərəfindən keçirilən təlim və mentorluq sessiyalarında iştirak edib, ölkənin startap ekosistemi ilə yaxından tanış olublar və  nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdiriblər.

Final mərhələsinə yüksəlmiş 5  komanda layihələrini peşəkar mentor və ekspertlərdən ibarət münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər heyətində Azercell-in Rəqəmsal Platformalar və Tədqiqatlar şöbəsinin rəhbəri Şahin Abdurəhimov və Data Analitikası və Süni İntellekt departamentinin aparıcı mütəxəssisi Süleyman Süleymanzadə yer alıblar. Layihələr problemin dəqiq təsviri, təqdim olunan biznes modelinin dayanıqlılığı, hədəf auditoriyaya uyğunluğu və rəqabət üstünlüyü kimi meyarlar əsasında qiymətləndirilib. Yekunda 3 komanda qalib elan olunub.

Birinci yerə  “Bereket” komandası layiq görülüb. Komandanın təqdim etdiyi tətbiq istifadəçilərə gündəlik qida seçimlərini asanlaşdırmaq məqsədilə ağıllı yemək planlaşdırma və alış-veriş dəstəyi təklif edir. 

İkinci yerin qalibi “VirtuCards” layihəsi olub. Bu rəqəmsal həll istifadəçilərə smartfonları vasitəsilə virtual kart funksionallığı təqdim edərək ofis və kampuslara təhlükəsiz giriş imkanı yaradır və ənənəvi plastik kartları əvəz edir.

Üçüncü yerə isə “Papereasy” platforması çıxıb. Süni intellekt əsaslı bu həll akademik sənədləri müxtəlif jurnal və konfrans şablonlarına uyğun olaraq avtomatik təhlil etmək və  formatlaşdırmaq imkanı verir və tədqiqat prosesini asanlaşdırır. 

Qalib komandalar pul mükafatı ilə təltif olunublar. Eyni zamanda, fərqlənmiş tələbələr, bilik və bacarıqlarını real iş mühitində tətbiq etmək imkanı əldə edərək Azercell-in təcrübə proqramında iştirak hüququ qazanıblar.

Qeyd edək ki, “İdeya İnkubasiyası Proqramı” 2023-cü ildən etibarən keçirilir və gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, həmçinin ölkədə startap ekosisteminin inkişafına dəstək məqsədi daşıyan mühüm təşəbbüslərdən biridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar