Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsində məhkumu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəməsi keçirilib.
Lent.az xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Məlum olub ki, məhkum Nurullah Əkbərli ötən il noyabrın 10-da saxlanıldığı müəssisədə kəsici-deşici alət hazırlayaraq, digər məhkum Xəqani Şükürovu şəxsi münasibətlər zəmnində qəsdən öldürüb.
İlkin iddalara görə, buna səbəb zərərçəkənin həmin şəxsi şantaj etməsi olub.
Təqsirləndirilən Nurullah Əkbərli elan olunmuş ittihamda özünü təqsirli bilməyib.
Növbəti proses 3 iyun saat 10:00-a təyin edilib.
Xatırladaq ki, hadisə ötən ilin noyabrın 10 da, 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə cəza çəkən məhkum Nurullah Əkbərli şəxsi münasibətlər zəmnində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirib.
Nurullah Əkbərli barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 317-2.1.(cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, bu hadisə ilə bağlı əvvəllər mediada məlumat yayılmayıb.