"Bilsələr, yeyib-içdiyim burnumdan gələrdi" - Qumar milyonçularının İŞİ
24 yanvar 2026 15:27 (UTC +04:00)

"Bilsələr, yeyib-içdiyim burnumdan gələrdi" - Qumar milyonçularının İŞİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilənlərin ifadəsi ilə davam edib.

Təqsirləndirilən Nemət Qurbanov Elmidar İsmayılzadənin vasitəsilə işə qoşulduğunu deyib:

"Mən 2024-cü ilin fevralında şəhərə gəldim, martda işə başladım. Sentyabrın 2-də gecə Masazırda tutulmuşam. Adıma 86 000 pul yazılıb. O pul dövriyyə ümumi giriş-çıxışıdır. Elmidar dostum olub, yerliyik. Bu işin qanunsuz olduğunu bilmirdim. İşim o idi ki, müştərilərə cavab verim. Aylıq maaşım 300, 500 olurdu. Evdə, yaşadığım yerdə bu işi görə bilməzdim: evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər".

Təqsirləndirilən Elnur Nağıyev işsizlik səbəbindən bu işi qəbul etdiyini bildirib:

"Əsgərlikdən qayıtdıqdan sonra işsiz qaldım. Kənddə nə iş görərdim? Biri qoyun qırxır gedib kömək edirdim, heyvanlarını otarmağa yardım edirdim. Gəldim Bakıya. Bir müddət ofisiant işlədim. Elmidar qohumumdur. O, işi izah etdi, dedi ki, ancaq gələn mesajlara cavab verəcəyəm. 400- 500 manat maaş alırdım. Baxdım ki, rayonda pulu belə asanlıqla qazanmaq mümkün deyil, razılaşdım".

Növbəti proses digər təqsirləndirilənlərin ifadələrinin dinlənilməsi üçün 6 fevrala təyin olunub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş Mübarizə İdarəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə keçirdiyi əməliyyat zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, “Instagram”da bu şəxslər tərəfindən “TT”, “Admiral”, “Bir-iki”, “Gold” və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb olunublar. Nihat Vəliyev və Altay Əsgərli məsuliyyətdən yayınmaq məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələr işlədiblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan “Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti yaradıblar. Dəstə üzvlərindən aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub.

Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyənin 10 milyon manatdan artıq olduğu müəyyən edilib. Qeyd edək ki, Nihat Vəliyev və Altay Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir. Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.

Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər – Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar