Ərini ad günündə  öldürmüşdü - Baldızı DANIŞDI
22 yanvar 2026 14:27 (UTC +04:00)

Ərini ad günündə öldürmüşdü - Baldızı DANIŞDI

1

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid Aygün Quliyeva ifadəsində Nərgiz Quliyevanın 9 ildir qardaşı ilə evləndiyini və münasibətlərinin əvvəl çox yaxşı olduğunu bildirib:

"Nərgizlə qardaşımın yaxşı münasibətləri vardı. Dava-şavaları olsa da, Natiq heç vaxt ona şiddət göstərməyib. Qardaşım tez- tez içirdi, bundan sonra davalar başlayırdı. Mən onların münasibətlərinə heç vaxt qarışmırdım. Hadisə günü mən, qızım, atam və anam aşağı evdə oturmuşduq. Birdən qardaşımın 5 yaşlı oğlu Fərhad qaça-qaça gəldi ki, anam atamı vurub. Həyətdən qışqırıq səsini eşidib çölə qaçdım, qışqıran anam idi. Anam dedi ki, gəlin qardaşını vurub. Sonra məndən yod və pambıq istədi. Yuxarı çıxanda qardaşımı qonaq otağında yerdə uzanmış gördüm. Qapının qırağında, yerdə qan ləkəsi vardı. Anam ev telefonu ilə təcili yardıma xəbər verdi".

Hakim Səbinə Məmmədzadə şahidin məhkəmədəki çıxışı ilə ilkin istintaq zamanı verdiyi ifadədə ziddiyyətlərin olduğunu deyərək, onun ilkin istintaqdakı ifadəsini məhkəmədə elan edib:

"Spirtli içki qəbul etdikdən sonra davaları yaranırdı və qardaşım Natiq Nərgizi döyürdü. Biz bunun qarşısını almaq istəyəndə Natiq hər dəfə deyirdi ki, onun ailə işinə qarışmayaq. Hadisə günü hamı evdə olub, həmin günü Natiqin ad günü idi. Atamla Natiq həyətdə yeyib içirdilər. Nərgiz sonra masanı yığışdırdı və Fərhadla yuxarı evə çıxdı. Bir müddət sonra səs-küy eşidib yuxarı qaçdım. Nərgiz yerdə qardaşımın başını qucaqlayıb ağlayırdı, anam da Natiqin üzünə su çiləyirdi. Nərgiz sonra təcili yardıma zəng etdi. Qardaşımın ölümü ilə bağlı şikayət və tələbim yoxdur".

Hakim əsas şahid kimi qanuni nümayəndə və pedaqoqun müşayiəti ilə Fərhad Quliyevin növbəti proses zamanı dindirilməsini vacib hesab etdiyini bildirib.

Növbəti proses 5 fevral saat 11:30-a təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq öldürüb. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib. 

Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 466

Oxşar yazılar