Külli miqdarda dələduzluq edən  dəstənin MƏHKƏMƏSİ
01 iyun 2026 19:11 (UTC +04:00)

Külli miqdarda dələduzluq edən dəstənin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə iki nəfərə qarşı külli miqdarda dələduzluqda ittiham edilən dəstə üzvlərinin məhkəməsi başlayıb. 

Lent.az xəbər verir ki,  keçirilən prosesdə təqsirləndirilənlər Mübariz Məmmədov, Firuz Babayev, Tural Əmirbəyov və Elşən Əlizadənin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək onların ev dustaqlığına buraxılmasını xahiş ediblər. Bildiriblər ki, müdafiə etdikləri şəxslər həbsdə dəymiş ziyanı ödəyə bilmirlər. O da məlum olub ki, Quvat Beybutova dəymiş 450 min manatlıq ziyanın bir qismi ödənilib.

Məhkəmə vəsatətləri təmin etməyib. Daha sonra prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifəli tanışları olan, nüfuzlu şəxslər kimi təqdim edib, yalan vədlər verərək iki nəfəri aldadıblar. Onların külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirilib. 

Belə ki, onlar zərərçəkən kimi tanınan sahibkar Quvat Beybutova Bakının Binəqədi rayonundakı 178 saylı uşaq bağçasının binasını və Şüvəlanda yerləşən torpaq sahəsini özəlləşdirib onun adına keçirəcəklərini vəd veriblər. Qarşılığında ondan ümumilikdə 450 min manat pul alıblar. Digər zərərçəkən Muraz Mürsəlova isə Şüvəlan qəsəbəsində yerləşən iki böyük torpaq sahəsini (0.54 və 1.26 hektar – red.) və oradakı tikililəri özəlləşdirəcəklərinə söz veriblər. 2024-cü il ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla ondan ümumilikdə 850 min manat pul alıblar. Təqsirləndirilən şəxslər daha sonra vədlərinə əməl etməyib və pulları öz aralarında bölüşdürüb. 

Təqsirləndirilən şəxslər elan olunan ittihamda özlərini təqsirli bilməyib.

Növbəti proses iyulun 27-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü ildə Mübariz Məmmədov, Firuz Babayev, Tural Əmirbəyov və Elşən Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini vəzifəli şəxslər kimi təqdim edərək, müxtəlif vəddlər verərək Quvat Beybutovun 450 min, Muraz Mürsəlovun isə 850 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Əlavə edək ki, sahibkar Quvat Beybutov Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF) prezidentinin də təqsirləndirildiyi 4 milyon manat dələduzluq üzrə cinayət işində zərərçəkən kimi tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar