"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
05 iyun 2026 14:36 (UTC +04:00)

"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə adam döyməkdə təqsirləndirilən Habil Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Habil Allahverdiyevin ifadəsi ilə davam edib:

"Həmin gün axşamtərəfi saat haradasa 19:00-da dostlarım Elnur, Elşad, Əsgər və mən kafedə söhbət edirdik. Sonradan adının Aslan olduğunu bildiyim şəxs gəldi və yan masada əyləşərək pivə sifariş verdi. İçkili olduğu dərhal bilinirdi, köynəyinin yaxasında qan ləkələri vardı. Bir də gördük bu yerindən durub masamıza yaxınlaşaraq yevlaxlıların adından ümumi danışma dedi. Dedim bu barədə kim nə danışdı ki? Sənin başın deyəsən  işləmir, bizdən uzaq dur. Halının özündə olmadığını görürdük, dostlarımdan biri hətta onun pivəsinin puluna kimi verdi ki, uzaqlaşsın, davası bizdən uzaq olsun. Durub kafedən çıxanda Aslanın telefonda kiməsə burada mənə söyüş söyürlər. Düzgün oğlan söyüş söyməz dediyini eşitdik. Mübahisə düşdü, onun üzünə yumruq vurdum, özündən getdi. Dostumla onu ayıldıb üz-gözünü yuduq. Hətta dedik ki, evi haradadırsa, taksi ilə yola salaq, razılaşmadı. Axşam növbəsində işlədiyimizə görə kafeni tərk eləyib getdik. Əməlimdən qismən peşimanam, ona xəsarət yetirmək istəməzdim". 

Növbəti proses 19 iyun saat 10:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci ildə Bakı şəhəri Sabunçu rayonunda baş verib. Habil Allahverdiyev sözügedən  ərazidə yerləşən kafedə dostları ilə əyləşən zaman yan masadakı Aslan Arıxov onlara qarşı nalayiq ifadələr işlədib. H. Allahverdiyev və dostları ona irad tutaraq dediklərinə diqqət yetirməsini bildiriblər. Bundan sonra  Aslan Arıxovun söyüşlərinə məruz qalan H. Allahverdiyev onun baş və üz nahiyələrinə zərbə endirərək, onun sağlamlığına ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Habil Allahverdiyevə Cinayət Məcəlləsinin 126.2.4 maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.1-ci maddəsi (Xuliqanlıq - yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar