63 yaşlı aktrisanın əbədi gəncliyinin  sirri: cərrahlar ulduzun əsas prosedurunu  AÇIQLADILAR
17 iyul 2026 17:25 (UTC +04:00)

63 yaşlı aktrisanın əbədi gəncliyinin sirri: cərrahlar ulduzun əsas prosedurunu AÇIQLADILAR

0

63 yaşlı Hollivud ulduzu Demi Mur görünüşü ilə gündəmə gəlib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktrisanın Paris moda həftəsində qızı Tallula Uillislə birlikdə qatıldığı tədbirdə qırışıqsız üzü diqqət çəkib.

Plastik cərrahlar aktrisanın son fotolarını təhlil edərək onun gənc görünüşünün arxasında hansı estetik prosedurların dayana biləcəyini açıqlayıblar.

Kanadanın plastik cərrahiyyə klinikasının təsisçisi, həkim Vakkas Cəli bildirib ki, son illər məşhurlar arasında ən populyar üsullardan biri lipofillinq, yəni öz piy toxumasının köçürülməsidir. Həkimin sözlərinə görə, bu prosedurun məqsədi süni həcm yaratmaq deyil. Yaş artdıqca formasını itirən yumşaq toxumanı bərpa edərək üzə daha təbii və cavan görünüş qazandırmaqdır.

Mütəxəssis hesab edir ki, Demi Mur botoksdan çox istifadə etməyib. Onun fikrincə, lipofillinqin az dozalı botoksla düzgün kombinasiyası aktrisaya süni maska effekti yaratmadan təravətli görünüş qazandırıb.

Demi Murun illər ərzində etdirdiyi estetik prosedurların ümumi dəyəri 500 min dollardan çox ola bilər. Lakin aktrisa indiyədək hər hansı plastik əməliyyat və ya estetik müdaxilə etdirdiyini rəsmi şəkildə təsdiqləməyib.

Plastik cərrah Tia Lü isə hesab edir ki, Murun görünüşündə qaş və alın gərmə əməliyyatının izləri görünür. Onun sözlərinə görə, aktrisanın seçilən almacıq sümükləri və göz ətrafındakı yumşaq görünüş yüksək dəqiqliklə aparılmış mikrolipofillinq nəticəsində əldə olunub. Həkim vurğulayıb ki, bu nəticə bir gecədə əldə edilən dəyişiklik deyil, illərlə davam edən peşəkar qulluq və kiçik estetik prosedurların məcmusudur.

Lipofillinq minimal estetik prosedur hesab olunur. Bu zaman pasiyentin qarın və ya bud nahiyəsindən götürülən piy hüceyrələri xüsusi emaldan sonra üzün müxtəlif hissələrinə köçürülür. Ən çox dodaqların, yanaqların və gözaltı nahiyənin həcmini bərpa etmək üçün tətbiq olunan bu üsul yaşlandıqca itirilən təbii dolğunluğu geri qaytarmağa kömək edir. Məhz buna görə də bir çox dünya ulduzu daha təbii cavanlaşma effekti əldə etmək üçün bu üsula üstünlük verir.

Demi Mur 1980-ci illərdən etibarən Hollivudun ən məşhur aktrisalarından biri kimi tanınır. O, son olaraq "Substansiya" filmindəki roluna görə nüfuzlu kino mükafatına namizəd göstərilib. Aktrisa filmin təqdimatı zamanı yaşa görə qadınların məhdudlaşdırılmasına qarşı olduğunu bildirib. Onun sözlərinə görə, müasir dövrdə 60 yaş əvvəlki kimi qəbul edilməməlidir və heç kimin qadınlara necə görünməli olduqlarını diktə etməyə haqqı yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar