Dünyada hər il təxminən 2,3 milyon yeni xərçəng halı beş infeksion törədici ilə əlaqələndirilir.
Lent.az xəbər verir ki, bu barədə “The Lancet” tibb jurnalında dərc olunan araşdırmada bildirilib.
Professor və onkoepidemioloq Harriyet Ramqeyin rəhbərlik etdiyi tədqiqatçılar ən çox xərçəng halının “Helicobacter pylori” bakteriyası və insan papilloma virusu (HPV) ilə əlaqəli olduğunu müəyyən ediblər. Onların hər biri bütün xərçəng hallarının təxminən 4 faizini təşkil edir.
Digər infeksion törədicilər sırasında hepatit B virusu – 2 faiz, Epşteyn-Barr virusu – 1 faiz və hepatit C virusu – 1 faiz göstərilib.
Tədqiqatçılar HPV-yə qarşı kütləvi vaksinasiya, hepatit B-yə qarşı peyvəndləmə, həmçinin “Helicobacter pylori” və hepatit C infeksiyalarının aşkarlanmasının milyonlarla xərçəng halının qarşısını almağa kömək edə biləcəyini bildiriblər.