İnsan beyni ilə bağlı 550 milyon illik sirrin üstü açıldı
29 sentyabr 2026 19:20 (UTC +04:00)

İnsan beyni ilə bağlı 550 milyon illik sirrin üstü açıldı

0

Əsrlər boyu anatomlar və neyrobioloqlar insan beynini vahid və bütöv orqan kimi qəbul ediblər. Lakin yeni araşdırma bu yanaşmaya fərqli baxış ortaya qoyub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, insan beyni yüz milyonlarla illik təkamül prosesində yanaşı inkişaf etmiş iki qədim və bir-birindən müstəqil sinir sistemindən formalaşıb.

Tədqiqatın müəlliflərindən, Stanford Tibb Məktəbinin inkişaf  biologiyası üzrə dosenti Kayl Lo bildirib ki, beynin ön hissəsi ilə arxa hissəsi tamamilə fərqli ilkin hüceyrələrdən yaranır. Onun sözlərinə görə, bu kəşf beynin arxa hissəsinə aid neyronların laboratoriya şəraitində yetişdirilməsinə və onların funksiyalarının ayrıca öyrənilməsinə imkan verə bilər.

Beynin hissələri necə formalaşır?

Yetkin insan beyni ənənəvi olaraq üç əsas hissəyə bölünür: ön beyin, orta beyin və arxa beyin. Ön beyin qərarvermə, nitq, abstrakt düşüncə və digər yüksək səviyyəli idrak funksiyalarında mühüm rol oynayır. Arxa beyin və beyin kötüyü isə nəfəsalma, ürək fəaliyyəti və digər həyati avtomatik proseslərin idarə olunmasında iştirak edir.

Alimlər siçan embrionlarının inkişafının ən erkən mərhələlərini araşdırarkən bir-biri ilə qarışmayan iki ayrı hüceyrə xətti müəyyən ediblər. Otx2+ adlandırılan hüceyrə xətti yalnız ön və orta beynin formalaşmasına xidmət edir. Gbx2+ hüceyrələri isə beynin arxa hissəsinin yaranmasında iştirak edir.

Tədqiqatçılar bildiriblər ki, bu iki hüceyrə qrupu heç vaxt bir-birinə qarışmır və inkişaf zamanı bir xətdən digərinə keçmir. Epigenetik araşdırmalar da beynin ön və arxa hissələrini formalaşdıran hüceyrələrin xromatin quruluşunun fərqli olduğunu göstərib. Bu fərqlər hüceyrələrin gələcək inkişaf istiqamətini erkən mərhələdə müəyyənləşdirir.

Bu bölgü 550 milyon ildən çox əvvəl də mövcud olub

Alimlər beynin bu cür ikili mənşəyinin təkamül tarixini də araşdırıblar. Eyni mexanizmin toyuqlarda, zebra balığında və hətta insanlarla ortaq təkamül xəttindən 550 milyon ildən çox əvvəl ayrılmış bəzi dəniz canlılarında mövcud olduğu müəyyən edilib.

Tədqiqatçılar qeyd edirlər ki, meduza kimi daha qədim canlılarda da bədənin əks uclarında yerləşən iki ayrı sinir sistemi müşahidə olunur. Bu nəticələr insan beyninin təkcə funksional baxımdan deyil, həm də embrional və təkamül mənşəyinə görə iki fərqli sistemdən formalaşdığı fikrini gücləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar