Haluk Levent də daxil olmaqla 14 nəfər həbs edildi - YENİ İDDİA
16 iyul 2026 10:05 (UTC +04:00)

Haluk Levent də daxil olmaqla 14 nəfər həbs edildi - YENİ İDDİA

0

İstanbul Respublika Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində məhkəmə 25 şübhəli barədə qərar verib. Onlardan 14-ü, o cümlədən dərnəyin qurucusu və müğənni Haluk Levent barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, istintaq "cinayətkar birlik yaratma", "külli miqdarda dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" ittihamları üzrə aparılır.

Məhkəmənin qərarı ilə Haluk Levent, Ece Güner, İlker Çetin, Nurdan Eriş, Yusuf Can Ertit, Kemal Ötünç, Şehmuz Baştuğ, Abdülcevat Özkan, Emrah Gödeliner, Erhan Dökmeci, Halil Bostancı, Mehmet Ulu, Yeliz Kaya və Zafer Yay həbs edilib. Digər 11 şübhəli barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib.

İstintaq materiallarına əsasən, AHBAP Dərnəyi adından toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına yönləndirildiyi iddia olunur. Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) hesabatları, bank hesabları üzrə hərəkətlər, texniki və fiziki müşahidələr zamanı şübhəlilərin rəsmi gəlirləri ilə uyğun gəlməyən iri məbləğli pul köçürmələri həyata keçirdiyi, öz aralarında böyük məbləğlərdə vəsait ötürdüyü, mərc oyunlarına yüksək məbləğlər yatırdığı və qısa müddətdə çoxsaylı daşınmaz əmlak alqı-satqısı etdiyi müəyyən edildiyi bildirilib.

Prokurorluğun məhkəməyə təqdim etdiyi sənəddə qeyd olunur ki, 2023-cü il zəlzələsindən sonra dərnəyə milyardlarla lirə ianə toplanıb və həmin vəsaitlərin idarə olunmasına əsasən Haluk Levent rəhbərlik edib. İstintaq orqanı 2023-cü ildən sonrakı dövrdə bu vəsaitlərin şəffaf və yoxlanıla bilən şəkildə idarə olunmasına dair ciddi şübhələrin yarandığını, həmçinin dərnəyin aktivlərinin azaldılması və daşınmaz əmlaklarının satılması ilə bağlı konkret faktların araşdırıldığını bildirib.

Haluk Levent polis ifadəsində ittihamları qəbul etməyib. O bildirib ki, AHBAP Dərnəyini 2016–2017-ci illərdə yaradıb və ilk iki il bütün fəaliyyətini şəxsi vəsaiti hesabına maliyyələşdirib. Müğənni 2023-cü il zəlzələsi zamanı dərnəyə təxminən 4,3 milyard lirə ianə toplandığını, bunun təxminən 4 milyard lirəsinin həmin il zəlzələ bölgəsində xərcləndiyini və bütün maliyyə hesabatlarının Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən yoxlanıldığını iddia edib.

Haluk Levent ifadəsində şəxsi maliyyə problemlərinin olduğunu da etiraf edərək, birja əməliyyatlarına aludəçiliyini "pis zəifliyim var" sözləri ilə xarakterizə edib. O, AHBAP çek və sənədlərindən bəzi hallarda təminat kimi istifadə etdiyini, bunu "prosedur pozuntusu" kimi qiymətləndirdiyini, lakin korrupsiya və ya ianə vəsaitlərinin mənimsənilməsi ilə bağlı ittihamları rədd etdiyini bildirib.

Hazırda istintaq davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar