Soyuq müharibə bir çox çılğın ideyalar ortaya çıxarıb.
1958-ci ildə ABŞ Sovet İttifaqına güc nümayiş etdirmək üçün ifrat bir plan düşünüb: Ayın səthində nüvə silahı partlatmaq.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu ideya Amerika nüfuzuna ciddi zərbə vuran sovet peyki “Sputnik 1”in kosmosa buraxılmasından bir il sonra ortaya çıxıb. Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələri gizli şəkildə fizik Leonard Rayfella Ayda nüvə yükünün Yerdən görünən bir partlayış yaradacaq şəkildə partladılmasının mümkünlüyünü araşdırmağı tapşırıb.
Beləliklə, “A119 ayihəsi” yaranıb. On nəfərlik alimdən ibarət bir komanda, o cümlədən trayektoriya hesablamalarında iştirak edən, elmin gələcək populyarlaşdırıcısı olan gənc Karl Saqan işə götürülüb. Lakin Ayın özü layihənin əsas məqsədi olmayıb. Vaşinqton bütün dünyanın görəcəyi möhtəşəm bir partlayışla Moskvaya texnoloji və hərbi üstünlüyünü nümayiş etdirmək istəyib.
Rayffelyanın sözlərinə görə, Amerika hərbçiləri ilk növbədə partlayışın vizual təsiri ilə maraqlanıblar. Eyni zamanda, alim gələcəkdə mühüm tədqiqat hədəfinə çevrilə biləcək təmiz Ay mühitinin məhv edilməsinə qarşı çıxıb.
"Mən o vaxt aydın şəkildə bildirmişdim ki, təmiz Ay mühitini məhv etmək elmə çox baha başa gələcək, lakin ABŞ Hərbi Hava Qüvvələri ilk növbədə nüvə partlayışının Yerdən necə görünəcəyi ilə maraqlanırdı", - alim söyləyib.
Plan nəticədə 1959-cu ilin əvvəllərində ləğv edilib. Rəsmi səbəb radioaktiv çirklənmə ilə bağlı narahatlıqlar olub ki, bu da gələcəkdə Ayın tədqiqinə mane ola bilərdi. Lakin uğursuz nümayiş və ya buraxılış ABŞ üçün beynəlxalq rüsvayçılıqla nəticələnə bilərdi.
Bir neçə il sonra dövlətlər kosmosun bu cür rəqabət meydanına çevrilməsinin qarşısını qanuni olaraq almağa çalışıblar. 1967-ci ildə Ayı və digər səma cisimlərini "bütün bəşəriyyətin irsi" kimi müəyyən edən və dövlətlərə onları mənimsəməyi qadağan edən Kosmik müqavilə qüvvəyə minib. Beləliklə, üstünlüyü nümayiş etdirmək və səma cisiminə hüquqlar iddia etmək kimi “A119 layihəsi”nin dərhal ssenarisi beynəlxalq hüquq tərəfindən faktiki olaraq bloklanıb.

Lakin, xəbər verildiyi kimi, Ay uğrunda mübarizə yoxa çıxmayıb, sadəcə formasını dəyişib. 2015-ci ildə ABŞ Amerika şirkətlərinə kosmosda hasil edilən resurslara sahib olmağa icazə verən qanun qəbul edbi. Oxşar qaydalar sonradan Lüksemburq, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan tərəfindən tətbiq edilib.
2023-cü ildə Rusiya və Hindistanın demək olar ki, eyni vaxtda Cənub qütbünə doğru hərəkət etməsi ilə rəqabətin yeni bir mərhələsi başlayıb. Rusiyanın “Luna-25” kosmik gəmisi sıradan çıxıb və qəzaya uğrayıb, Hindistanın “Çandrayaan-3” kosmik gəmisi isə uğurla eniş edib. Çin təxminən 2030-cu ilə qədər Aya astronavt göndərmək və orada daimi baza yaratmaq niyyətində olduğunu açıqlayıb. ABŞ da öz növbəsində “Artemida” proqramının bir hissəsi olaraq eniş etməyi planlaşdırır.
Qeyd edilir ki, hələ 1959-cu ildə ölkələr Antarktidanın ortaq ərazi kimi qorunması barədə razılığa gələ bilmişdilər və sonradan orada ehtiyatların hasilatını məhdudlaşdırıblar. Ay üçün də oxşar mexanizm yaratmaq cəhdi 1979-cu ildə edilib, lakin razılaşmanı yalnız az sayda ölkə dəstəkləyib.