Güclü Günəş fırtınalarının GPS sistemlərinin işində ciddi nasazlıqlara səbəb ola biləcəyi və bunun xüsusilə pilotsuz avtomobillərdə qəza riskini artırdığı bildirilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Boston tədqiqatçıları güclü Günəş fırtınalarının naviqasiya sistemlərinə təsirini araşdırıblar.
Araşdırmaya görə, güclü Günəş püskürmələri zamanı Yerə çatan enerji GPS siqnallarını poza bilər. Xüsusilə pilotsuz avtomobillərin naviqasiya sistemlərinin belə hadisələrə qarşı həssas olduğu qeyd edilir.
Naviqasiyada 9 metrdən çox xəta yarana bilər
Alimlərin məlumatına görə, Günəş fırtınaları zamanı pilotsuz avtomobillərin GPS naviqasiyasında xəta 9 metrdən çox ola bilər.
Belə səhv avtomobilin yanlış manevr etməsinə, qarşı hərəkət zolağına çıxmasına, qırmızı işıqda keçməsinə və ciddi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, GPS-dən asılılıq yalnız avtomobillərlə məhdudlaşmır.
Avtomatlaşdırılmış kənd təsərrüfatı texnikası da əkin və məhsul yığımı zamanı dəqiq koordinatların müəyyənləşdirilməsi üçün peyk naviqasiyasından istifadə edir. Araşdırmada son Günəş fırtınalarının kənd təsərrüfatına vurduğu mümkün zərərin təxminən 500 milyon dollar olduğu bildirilir.
Xəbərdarlıq bir neçə gün əvvəl verilir
Alimlər güclü Günəş püskürməsi aşkar edildikdə adətən hadisə barədə 1-3 gün əvvəl xəbərdarlıq ala bilirlər.
Lakin bu müddət ərzində şüalanmanın nə qədər güclü olacağını və onun Yer atmosferinə hansı səviyyədə təsir göstərəcəyini dəqiq müəyyənləşdirmək həmişə mümkün olmur.
Tədqiqatçılar 2025-ci ilin noyabrında baş vermiş güclü Günəş fırtınasının GPS və digər peyk naviqasiya sistemlərinə təsirini də araşdırıblar.
Məlumata görə, noyabrın 12-də Günəş fırtınasının ən güclü mərhələsində naviqasiya xətaları bir neçə saat davam edib. Bu dövr eyni zamanda qütb parıltılarının ən intensiv müşahidə edildiyi vaxta təsadüf edib.
Aviasiyaya da təsir edə bilər
Araşdırmada Günəş aktivliyinin mülki aviasiyaya da təsir göstərə biləcəyi qeyd olunur.
Məqalədə bildirilir ki, bort sistemlərində yaranan problemlərdən sonra minlərlə “Airbus A320” təyyarəsində proqram təminatının yenilənməsinə ehtiyac yaranıb. Buna səbəb reyslərdən birində təyyarənin gözlənilmədən kəskin hündürlük itirməsi ilə bağlı hadisə olub.
Pilotsuz avtomobillər GPS-dən asılıdır
Fizik Endavoke Yizengau bildirib ki, hazırda dünyada təxminən 10 min tam pilotsuz avtomobil mövcuddur.
Bu avtomobillərdə kameralar və radarlar istifadə edilsə də, dəqiq mövqenin müəyyənləşdirilməsində GPS mühüm rol oynamaqda davam edir.
Güclü Günəş fırtınaları Yer ionosferində pozuntular yarada bilər. Bu zaman GPS siqnallarının ötürülməsi ləngiyə və avtomobilin kompüteri onun koordinatlarını 9-10 metr xəta ilə müəyyənləşdirə bilər.
Alimlərin fikrincə, belə dəqiqlik itkisi xüsusilə pilotsuz nəqliyyat vasitələrində təhlükəli nəticələrə və yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb ola bilər.