Nüvə partlayışı zamanı ilk reaksiyanın həyati təhlükə yarada biləcəyi açıqlanıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislərin fikrincə, nüvə zərbəsi zamanı episentrdən kənarda olan insanların düzgün reaksiya vermək üçün cəmi bir neçə saniyəsi olur. Lakin instinktiv olaraq qaçmağa çalışmaq ölümcül səhvə çevrilə bilər.
Məlumata görə, partlayışdan sonra ilk əlamət güclü və gözqamaşdırıcı işıq olur. Partlayış istiqamətinə baxan insanlar, hətta 16 kilometr məsafədə belə, müvəqqəti və ya daimi görmə itkisi ilə üzləşə bilər.
Bir neçə saniyə sonra isə saatda 160 kilometrdən çox sürətlə yüksələn göbələk formasında bulud yaranır. Ekspertlər qeyd edirlər ki, belə vəziyyətdə ən çox edilən səhvlərdən biri dərhal avtomobilə minib hadisə yerindən uzaqlaşmağa çalışmaqdır. Lakin bu, təhlükəsiz hesab olunmur.
Radiasiya təhlükəsizliyi üzrə mütəxəssis Bruk Buddemeier bildirib ki, avtomobil insanı qorumur. Partlayışdan sonra yaranan elektromaqnit impuls bir çox elektron cihazları sıradan çıxara bilər və avtomobillərin böyük hissəsi işləməz vəziyyətə düşə bilər.
Bundan əlavə, insanlar zərbə dalğasını nəzərə almır. Bu dalğa saniyələr və ya dəqiqələr ərzində əraziyə çataraq binaları və nəqliyyatı dağıda bilər. Açıq havada qalmaq isə istilik şüalanması nəticəsində ciddi yanıqlara və uçan qalıqların zərbəsinə səbəb ola bilər. Hətta avtomobil partlayış və impulsdan zərər görməsə belə, o, sonradan yaranan radioaktiv çöküntülərdən qorumaq gücündə deyil.
Mütəxəssislərin əsas tövsiyəsi isə belədir: “qapalı yerə keç, orada qal və məlumatları izləməyə davam et”.
Partlayışdan dərhal sonra möhkəm bina və ya yeraltı sığınacaq tapmaq vacibdir. Ən təhlükəsiz yerlər zirzəmilər və ya binaların mərkəzi hissələri hesab olunur, çünki bu zonalarda radiasiya səviyyəsi daha aşağı olur.
Ekspertlər ən azı 48 saat sığınacaqda qalmağı tövsiyə edirlər. Bu müddətdə radioaktiv çirklənmə səviyyəsi nisbətən azalır və təhlükə minimuma enir.
Qeyd olunur ki, belə hallarda düzgün qərar vermək insan həyatını xilas edə bilər.