Saatlar sadəcə zərif aksesuar deyil, vaxtın keçiciliyinin, dəyişikliklərin və ayrılığın simvoludur.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bəzi insanlar üçün funksional və estetik olsa da, bir çox mədəniyyətdə saat hədiyyə etmək uğursuzluq kimi qəbul olunur.
Niyə saat hədiyyəsi narahatlıq yaradır?
Əsrlər boyunca formalaşan mifik inanclar və simvolik mənalar səbəbindən insanlar hətta yaxınlarına belə saat hədiyyə etməkdən çəkinirlər.
Əlaqələrin sonu ilə əlaqələndirilir
İnanclara görə, hədiyyə edilən saat “ayrılığa qədər olan vaxtı saymağa başlayır”. Bu mif ilk olaraq Çindən yayılıb. Çin ənənəsinə görə, xüsusilə mexaniki saatları hədiyyə etmək dostluğun, sevginin və həyat yolunun bitməsinə işarədir.
Hətta deyilir ki, saat hədiyyə edildikdə, onunla birlikdə münasibətlərin də sonu başlayır. Bu ayrılıq, mübahisə, hətta ölüm şəklində ola bilər. Buna görə də, çinlilər toya, doğum gününə və ya ildönümünə saat bağışlamazlar.
Vaxtın keçiciliyini xatırladır
Saatlar həm də insanı zamanın geri dönməzliyini və həyatın necə sürətlə keçdiyini düşünməyə vadar edir. Əgər bir insan emosional cəhətdən həssas dövrdədirsə, belə bir hədiyyə ona qocalığı, boşa keçmiş gəncliyi və gerçəkləşməmiş arzuları xatırlada bilər. Bu səbəbdən, mistik inancı olmayan insanlar üçün belə saat bəzən sevinci yox, narahatlıq və kədər hissini oyadır.
Bu inancı necə zərərsizləşdirmək olar?
Müasir dövrdə saat hələ də praktik və estetik bir hədiyyə olaraq seçilir. Lakin mənfi enerjidən qorunmaq üçün bəzi insanlar köhnə bir üsula müraciət edirlər: saatı alacaq şəxs rəmzi bir ödəniş etməlidir. Bu, 1 qəpik, 10 qəpik və ya simvolik bir məbləğ ola bilər. Beləliklə, hədiyyə “satılmış əşya” hesab olunur və mənfi enerji neytrallaşdırılır.