Florida ştatından təxminən 900 kilometr şərqdə, Şimali Atlantikanın ortasında sahilsiz, lakin qeyri-adi sakitliyə malik bir dəniz yerləşir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu ərazi Sargasso dənizi adlanır və ətrafındakı sulara nisbətən fərqli davranış xüsusiyyətlərinə malikdir.
Bu bölgənin səthində sargassum adlanan qızılı-qəhvəyi yosunlar iri yığınlar şəklində toplanır. Kiçik hava kisəcikləri onları dalğaların üstündə saxlayır və suda batmağa imkan vermir.
Sargasso dənizinin flora və faunası
Sargassum yığınları “yaşayış adaları” hesab olunur. Burada yüzlərlə canlı növü qida və sığınacaq tapır. Krevetlər, balıq sürfələri, xərçəngkimilər və digər canlılar bu yığınların arasında gizlənir və qidalanır.Tədqiqatlar göstərir ki, bu yosun matlarının üzərində bütün ömrünü keçirən 100-dən çox onurğasız növü mövcuddur.
Daha maraqlısı isə Avropa və Amerika ilanbalıqlarının həyat dövrüdür. Onlar şəffaf sürfə mərhələsini məhz bu bölgədə keçirir, sonra minlərlə kilometr məsafə qət edib çaylara daxil olur və illərlə şirin suda yaşayırlar. Yetkinləşdikdən sonra isə yenidən Sargasso dənizinə qayıdaraq kürüləyir və ölürlər. Onların sahilsiz bu bölgəni necə dəqiq tapdığı alimlər üçün sirr olaraq qalır.
İqlimdəki rolu və temperatur dəyişkənliyi
Sargasso dənizi Yerin iqlim sisteminin vacib elementidir. Yayda suyun səthi 29–30°C-yə qədər qızır, qışda isə 18–20°C-yə qədər soyuyur. İsti, duzlu su şimala doğru hərəkət edir, daha soyumuş kütlə isə cənuba qayıdır. Bu istilik dövranı Atlantikanın hər iki tərəfində sabit hava şəraitinin formalaşmasına təsir göstərir.
Dəniz səthindəki plankton atmosferdən karbon qazını udur və onun bir hissəsi dibə çökərək uzun müddət atmosferə qayıtmır. Buna görə Sargasso dənizi okeanın karbon saxlama mexanizmlərinin tədqiqi üçün mühüm mərkəz sayılır.
Sakit sular və çirklənmə problemi
Səth axınlarının mərkəzində yerləşməsi Sargasso dənizini həm də şimal Atlantikanın “zibil tələsinə” çevirib. Araşdırmalara görə, burada hər kvadrat kilometrə 200 000-ə yaxın plastik qalıq düşür. Plastik torbalar, balıqçılıq şəbəkələri və digər tullantılar buraya toplanır, gənc dəniz tısbağaları və digər canlılar isə bu tullantılarda ilişib tələf ola bilər. Yük gəmilərinin səsi də buradakı səs ekosistemini pozur. Bu səs kütləsi dərinlikdə üzən kəşalotların zəif tezlikli siqnallarını belə basdıra bilir.
Qlobal əhəmiyyət və qorunma çağırışları
Mütəxəssislər Sargasso dənizini “bioçeşidlilik sığınacağı” adlandırır və ən sıx yosun sahələrindən gəmilərin kənar keçməsini, habelə dəniz qoruqlarının yaradılmasını tövsiyə edirlər. Dövlətlər həmçinin plastik çirklənməsinin azaldılması, miqrasiya yollarının qorunması və ekosistemin sabit saxlanılması ilə bağlı danışıqlar aparır.
Xəbərdar edilir ki, Sargasso dənizinin xüsusi şəraiti pozularsa, ilanbalıqları doğulduqları yeri tapa bilməyəcək, qreybalinalar baharda qida axtarışında aclıqla üzləşə bilər, Avropa üzərindəki külək və fırtına trayektoriyaları dəyişə bilər, Atlantik okeanı planetin artıq istiliyini daha çox yığa bilər.
Dənizlərin kimə məxsus olduğu barədə nə bilirik?
BMT qanunlarına görə, sahilyanı dövlətlərin 22 kilometrə qədər olan ərazi suları üzərində suverenliyi var. Bu su kütlələri, hava məkanı və dəniz dibi də həmin dövlətə məxsus sayılır. Dövlətlər bir-birinə çox yaxın olduqda bu məsafə azalır.