Qardaşını üzmək istəmirsənsə onun yanında olacaqsan! – TÜRKİYƏYƏ MESAJ
06 mart 2026 23:13 (UTC +04:00)

Qardaşını üzmək istəmirsənsə onun yanında olacaqsan! – TÜRKİYƏYƏ MESAJ

0

Xəbər verdiyimiz kimi, martin 5-də İran ərazisindən Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına dron hücumu həyata keçirilib. 

Xain və riyakar molla rejimi Naxçıvan şəhəri və aeroportunun ərazisinə dron zərbələri endirib. Nəticədə 4 nəfər xəsarət alıb, Naxçıvan Hava Limanına ciddi ziyan dəyib. 

Hadisədən dərhal sonra 10-dan çox ölkə lideri Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək narahatlıqlarını ifadə etdi və dəstəyini nümayiş etdirdi. 

Hadisəyə görə, ciddi narahatlıq keçirən ölkələrdən biri də Pakistan idi. 

Hadisədən dərhal sonra Pakistan Baş naziri Şahbaz Şərif  X hesabında paylaşım edərək qardaş Azərbaycan dövlətinə qarşı həyata keçirilən son hücumlarla bağlı ciddi narahatlıq keçirdiyini bildirdi: “Pakistan Azərbaycanın rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bir daha təsdiqləyir və regionda gərginliyin daha da artmasına, sülh və sabitliyin pozulmasına səbəb ola biləcək bu cür qəbuledilməz hərəkətləri qətiyyətlə pisləyir”.

Bundan sonra Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktını şiddətlə qınadığını, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu bəyan etdi. 

Pakistan tək bu məsələdə yox, hər zaman Azərbaycana dəstəyini nümayiş etdirib. 

Bəli, Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, xüsusilə Qarabağ məsələsində, hər zaman qətiyyətlə dəstəkləyən, Ermənistanı təcavüzkar kimi tanıyan və illər boyu bu ölkə ilə diplomatik münasibətlər qurmayan ən yaxın müttəfiq ölkələrdən biridir.

Həmçinin, onu da xüsusi vurğulayaq ki, Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. 

Bəli, Türkiyədən sonra...

Lakin Türkiyə son vaxtlar birinciliyi itirmiş kimi görünür. Hər zaman qardaş dediyi Azərbaycana qarşı sanki soyuq siyasət yürütməyə başlayıb. Düzdür, İranın Naxçıvana xain hücumundan sonra naratlığını ifadə edən ilk ölkələrdən biri də məhz Türkiyə idi. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək İranın Naxçıvana dron hücumunu qınadığını, qardaş Azərbaycan xalqına dəstəyini ifadə etdi. Lakin bu Pakistanın verdiyi dəstək qədər isti görünmürdü. Soyuq bəyanatlar, protokola uyğun davranış...

Axı biz Azərbaycan olaraq qardaş Türkiyədən belə soyuq münasibət gözləmirik. 

Son vaxtlar Türkiyə Böyük Millət Məclisində Azərbaycan əleyhinə çıxışlar eşidilir.

Qardaş mediada, sosial şəbəkədə Azərbaycana tənqidi fikirlər səsləndirilir. 

Türkiyəyə qarşı olan istənilən hadisəyə Azərbaycanın münasibəti diplomatik və protokolla olmayıb. Bizim Liderimiz "Türkiyə yoxdu, Mən burdayam" deyib. 

Bakı Türkiyənin sevincini də, yasını da Ankara ilə eyni yaşayıb. Biz Türkiyəyə qarşı olan hər təhdidi özümüzə qarşı bilmişik, elə də cavab vermişik. 

Biz də hər zaman Türkiyəni yanımızda hiss etmişik, elə də hiss etmək istəyirik! 

Qardaşa güvənmişik! Bu güvən sarsılmasın istəyirik! 

Lakin təəssüflər olsun ki, qardaş Türkiyəni son hadisələrdə yanımızda görmürük. Ərdoğanın 44 günlük Vətən müharibəsində dünyanı titrədən bəyanatlarını, “Azerbaycana dokunursan karşında Türkiyeni  bulursun” kəlamını eşitmirik.  Hamıdan fərqlənməyən soyuq bir reaksiya gördük və bu Azərbaycan cəmiyyətində təəssüf yaratdı.

Qardaşını üzmək istəmirsənsə, onun yanında olacaqsan!

Şahbaz Şərif kimi, bu çətin gündə Azərbaycan dövlətinin və Azərbaycan ordusunun yanında olduğunu deyəcəksən! Göstərəcəksən!

Qardaş qardaşdan bunu gözləyir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar