“İrandan gələn hücuma aydınlıq gətirilməsi bizim əsas gözləntimizdir” - Binəli Yıldırım
06 mart 2026 18:13 (UTC +04:00)

“İrandan gələn hücuma aydınlıq gətirilməsi bizim əsas gözləntimizdir” - Binəli Yıldırım

0

“Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram. Ramazan ayınız mübarək olsun. Qarşıdan gələn bayramların bütün insanlara sevinc və bərəkət gətirməsini arzulayıram. Naxçıvana İran hava məkanından həyata keçirilmiş PUA hücumunu qətiyyətlə və şiddətlə pisləyirəm. Bu cür təxribat xarakterli addımlar təkcə bir bölgənin deyil, bütün bölgənin gələcəyinə, sülh və sabitlik arzusuna zərbə vurur. Qafqazda sülh mühitinin və qardaşlıq ruhunun zədələnməsinə yönəlmiş hər hansı addımın qarşısında Türkiyə və bütün türk dünyası olaraq hər zaman qardaş Azərbaycan xalqının yanında olduğumuzu qətiyyətlə ifadə edirik. Eyni zamanda bu hadisə ilə İran tərəfindən gərginliyi azaldan və sabitliyə xidmət edən addımların atılmasını gözlədiyimizi də xüsusilə vurğulamaq istəyirik. Çünki bölgəmizin gələcəyi qarşıdurmalarla deyil, dialoq və sabitliklə qurula bilər. Bu hadisə ilə əlaqədar Naxçıvandakı qardaşlarımıza səmimi keçmiş olsun diləklərimizi çatdırırıq. Sözlərimi böyük hörmət və ehtiramla, Cənab İlham Əliyevə salam və ən xoş arzularımızı çatdıraraq tamamlamaq istəyirəm. Qafqazda sülhün, sabitliyin, əməkdaşlığın daha da güclənməsini Rəbbimizdən diləyirəm”.

Lent.az xəbər verir ki, bu fikirləri Azərbaycan və Türkiyə jurnalistlərinin sosial platforma üzərindən ortaq-birgə yayımı zamanı Türkiyənin keçmiş Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım canlı yayıma qoşularaq bildirib. O, "Manset.az" xəbər portalının baş redaktoru Əli Vəliyev, “Azxəbər.com” saytının baş redaktoru Hacıbəy Heydərli, “Time Media Haber”in rəhbəri Ali Kan və tanınmış jurnalist Elvin Basqallının ortaq canlı yayımı zamanı son hadisələrlə əlaqədar olaraq bir sıra suallara cavab verib:

Ali Kan: Naxçıvanda baş verən hücumdan sonra İrandan təkzib açıqlaması gəldi. Siz bununla bağlı nə düşünürsünüz? Türkiyə ilə Azərbaycanın bu müddətdəki birlik mesajı haqqında nə deyə bilərsiniz?

“Türkiyə, Azərbaycan və Türk dünyası qardaşdır, birdir, bərabərdir. Bizim qardaşımıza edilən hücum bütün qardaşlarımıza edilmiş bir hücumdur. Buna görə də hərəkət edilir. İran hava məkanından gələn bu hücuma hansısa formada aydınlıq gətirilməsi Azərbaycanın və bizlərin əsas gözləntisidir. Eyni zamanda bizim torpaqlarımıza yönəldilən raket zərərsizləşdirilib. İranda cərəyan edən bu qarşıdurmaların bölgəmizə yayılmasını təhlükəli hesab edirik. Tezliklə sona çatmasını arzulayırıq.

Hacıbəy Heydərli: İrandan Türkiyəyə bir neçə gün öncə raket atıldı və NATO tərəfindən bunun qarşısı alındı. Bununla bağlı fikirlərinizi bilmək istəyərik. Yenidən belə bir addım atılarsa, bunun qarşılığı necə olacaq?

“Türkiyə ölkəsinə və torpaqlarına olacaq hər hansı bir hücuma qarşı hər zaman hazırdır. Ümid edirik ki, belə səhv bir daha təkrar olunmaz”.

Elvin Basqallı: Artıq 10-dan çox ölkəyə hücum olunub. Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı varmı?

“Təbii ki, heç kim bu savaşın bütün dünyaya yayılmasını istəməz. Ən pis sülh ən yaxşı savaşdan daha yaxşıdır. Dolayısıyla, mübarək Ramazan ayında sülhün hökm sürməsini arzulayırıq. İnsanlığın yalnız və yalnız sülhdən yana olmasını diləyirik”.

Əli Vəliyev: İran, həqiqətən də, Türkiyə və Azərbaycanı bölgədə müharibəyə çəkmək istəyir?

“Cənab İlham Əliyevin Xameneinin vəfatı ilə əlaqədar səfirlikdə başsağlığı kitabını imzalamasından sonra belə bir hadisənin baş verməsi böyük talehsizlikdir. Bu, çox üzücü bir hadisədir. Mən spekulyasiya üzərində bir fikir formalaşdırmaq niyyətində deyiləm. Bölgə olaraq, türk dünyası olaraq bu savaşın daha da böyüməməsini arzulayırıq. Bunun üçün hər ölkənin üzərinə düşən vəzifələr var. Amma ediləcək ağılsız davranışlara qarşı daim hazır olduğumuzu tərəflərin bilməsində fayda var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar