Ququş: “Mən Azəri qızıyam”
21 yanvar 2011 17:20 (UTC +04:00)

Ququş: “Mən Azəri qızıyam”

Azərbaycan əsilli müğənni Ququş (Faiqə Atəşin) mart ayında konsert vermək məqsədi ilə Azərbaycana gələcək.


Bu barədə Lent.az-a açıqlamasında konsertin təşkilatçısı, İran vətəndaşı Şəhriyar Məhəmmədi məlumat verib. Şəhriyar Məhəmmədi deyib ki, yaxın günlərdə müğənninin meneceri Neda xanım konsertə hazırlıqla bağlı son vəziyyəti öyrənmək məqsədi ilə Bakıya gələcək. Müğənninin Bakıda verəcəyi konsert müqabilində alacağı qonorara gəlincə, Şəhriyar Məhəmmədi konkret məbləğin müəyyənləşdirilmədiyini vurğulayıb: “Ququş dörd aya yaxındır ki, Novruz bayramı ərəfəsində Bakıda verəcəyi konsertə hazırlaşır. O, konsert müqabilində 200 min dollar qonorar istəyir. Hazırda danışıqlar davam edir”.


Şəhriyar Məhəmmədi onu da bildirib ki, Ququşla telefonda danışıb və mətbuatda guya onun azərbaycanlıları təhqir etməsi barədə yayılmış məlumatları təkzib edib. Onun sözlərinə görə, müğənni bunu özünə qarşı təxribat hesab edir: “Ququş Azərbaycan xalqını təhqir etmədiyini bildirir. O, “mən Azəri qızıyam, öz xalqımı necə təhqir edə bilərəm?” deyir”.


Şəhriyar Məhəmmədi qeyd edib ki, Ququş onun barəsində yalan məlumatlar yayan şəxsi məhkəməyə verməyə hazırlaşır: “Müğənni mart ayında Bakıya gələcək, jurnalistləri bir yerə toplayıb mətbuat konfransı keçirəcək və bütün bu məsələlərə aydınlıq gətirəcək”.

Nicat İsmayılov
# 1264

Oxşar yazılar