Milli soyad sonluqları ictimai müzakirəyə çıxarıldı
09 fevral 2011 18:01 (UTC +04:00)

Milli soyad sonluqları ictimai müzakirəyə çıxarıldı

Bu gün “Azərbaycan-Türk Ocağı” mətbuat mərkəzində Azərbaycan Dil Qurumunun (ADQ) təşəbbüsü ilə “Soyad sonluqları ictimai müzakirədə” mövzusunda elmi-praktik konfrans keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, konfransı giriş sözü ilə açan Azərbaycan Dil Qurumunun sədri, millət vəkili Sabir Rüstəmxanlı 20 ildir ki, müstəqil olan Azərbaycan Respublikasında soyad sonluqlarının milli kimlik göstəricisinə çevrilməməsindən narahatlığını dilə gətirib.

Sabir Rüstəmxanlı deyib ki, bununla bağlı bir neçə dəfə Milli Məclisdə təkliflərlə çıxış edib, qanun layihəsi də hazırlayıb: “Ancaq müxtəlif səbəblərdən qanunun qəbulu gecikdirildi. Bəzən bunu vətəndaşların rəsmi qeydlərində anlaşılmazlıqların yaranması, bəzən də soyadını dəyişən şəxslərin diplomunda, digər sənədlərində dəyişikliklərin təsdiqlənməsi çətinliyi ilə izah etdilər. Ancaq soyadların dəyişilməsi heç bir halda sərbəst qaydada həyata keçirilə bilməz. Bu, siyasi addımdır və dövlətin siyasi iradəsi ilə tənzimlənməlidir. Alim və ziyalıların öhdəsinə də qala bilməz. O halda elm adamları illərlə müzakirələr aparıb, müxtəlif elmi-nəzəri əsaslar tapacaqlar və bu iş yenə uzanacaq. Elə Azərbaycan Milli Elmlər Akademiyasının qanun layihəsinə təkliflərini də bu cür qiymətləndirirəm”.

AMEA-nın təkliflərində ciddi çatışmazlıqların olduğunu söyləyən Sabir Rüstəmxanlı qeyd edib ki, soyad sonluqlarını 7-8 növdə qruplaşdırmaqdansa, konkretləşdirmək yaxşı olardı: “Zadə” sonluğundan istifadə isə ümumiyyətlə qəbul edilməməlidir. Çünki bu sonluq milli deyil”.

“Yeddi dövlət, bir millət” Konseyinin başqanı Azər Həsrət soyadlarla bağlı tarixi ənənələr və soyad seçiminin kateqoriyaları ilə bağlı danışıb. Onun sözlərinə görə, tarixən soyadlar nəsil, yer adı, peşə və taxma ad (sonradan qazanılan və ya götürülən) olmaqla 4 kateqoriyaya bölünüb. Türkiyə təcrübəsi ilə paralellər aparan Azər Həsrət Azərbaycan Milli Elmlər Akademiyasının “zadə” təklifini anlamadığını söylədi: “Özünü “milli” adlandıran bir elm ocağı fars mənşəli “zadə” sonluğunu necə təklif edə bilər?”.
Azər Həsrət “qızı” sonluğuna da münasibət bildirib: “Soyad qəbul olunduqdan sonra bu ad bir nəsli əhatə edir. Necə ola bilər ki, bir ailədə biri “qızı”, digəri “oğlu” olsun?”.

Yazıçı-kulturoloq Aydın Xan soyad sonluqlarının konkret olmasını vacib hesab edib: “Soyad sonluqlarının çoxluğu Gürcüstanın 90-cı illərdə yaşadığı problemlərlə qarşılaşmağımız deməkdir”.

Sonda qərara alınıb ki, Azərbaycan Dil Qurumu səslənən təkliflərlə bağlı Milli Məclisə müraciət etsin.
# 1203

Oxşar yazılar