Polşalı alim Azərbaycan tamaşalarını izləyib
22 iyun 2011 18:33 (UTC +04:00)

Polşalı alim Azərbaycan tamaşalarını izləyib

Polşanın Adam Mitskeviç adına İnstitutunun əməkdaşı Qoran İnjak bu günlərdə Bakıda işgüzar səfərdə olub. Polşanın Adam Mitskeviç adına İnstitutunun təşəbbüsü ilə həyata keçirilən səfərin əsas məqsədi Azərbaycan teatrı ilə xüsusi tanışlıq və gələcək əməkdaşlıq üçün bazanın yaradılmasından ibarətdir. Bu səfəri uzunmüddətli intensiv qarşılıqlı əməkdaşlığın yaradılmasına yönəlmiş münasibətlərin ilk addımı kimi qiymətləndirmək olar.

Qoran İnjak Bakıda olduğu müddətdə Azərbaycan teatr prosesi ilə tanış olub, Dövlət Pantomim Teatrı, Rus Dram Teatrı, YUĞ Dövlət Teatrı və digər teatrların tamaşalarını izləyib. Qonaq ilkin təhqiqat işini həyata keçirmiş, paytaxt teatrlarının yaradıcılıq istiqaməti, bədii-estetik səviyyəsi, fəaliyyət prinsipləri ilə tanış olun.

YUĞ Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun Lent.az-a verdiyi məlumata görə, A.Mitskeviç adına İntstitutun əməkdaşı burada “Mən, Məhəmməd Füzuli” səhnə divanı layihəsi çərçivəsində hazırlanan tamaşaları izləyib və yüksək dəyərləndirib. Həmçinin YUĞ Teatrının yaradıcılıq metodu, “Psixosof” poetikası, teatr sənətinin çağdaş inkişaf tendensiyaları və bu kimi mövzularda fikir mübadiləsi aparılıb: “Dünya teatr məkanına inteqrasiyanı, qabaqcıl dünya və Avropa teatrları ilə əməkdaşlığı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi qəbul edən YUĞ Dövlət Teatrı A.Mitskeviç adına İnstitutla əməkdaşlığa çox böyük önəm verir. Düşünürük ki, bu İnstitutla əməkdaşlıq YUĞ Teatrına Avropanın qabaqcıl teatr şəbəkəsinə qoşulmaq üçün yeni imkanlar açacaq.
Qoran İnjakın sözlərinə görə, cari ilin oktyabr ayında Polşanın Krakov şəhərində keçiriləcək teatr xadimlərinin konfransında Azərbaycan teatrları, o cümlədən YUĞ Teatrı ilə qarşılıqlı əməkdaşlıq məsələsinin konkret detalları müzakirə olunacaq”.

Xəyalə Muradlı
# 482

Oxşar yazılar