Reqxa
05 dekabr 2022 18:28 (UTC +04:00)

Reqxa

Əri özünü öldürdü, qadınla sevişdiyi iddia edildi - Bir ulduz axdı

Lent.az-ın “Bir ulduz axdı” layihəsinin bugünkü qonağı məşhur Bollivud aktrisası Reqxadır.

Əsl adı Bhanurekha Ganesan olan bu aktrisa öz istedadı və gözəlliyilə Hindistanı və Yaxın Şərqi fəth etmişdi. Bu Bollivud ulduzu karyerası boyunca 187 filmdə baş rolda oynayıb, üç kitab yazıb və iki musiqi albomu buraxıb. Reqxa həm gözəl müğənni, həm də rəqqas kimi tanınırdı.

Reqxa 1954-cü il oktyabrın 10-da Hindistanın Çennay şəhərində anadan olub. Özü kimi aktrisa olan anası bir qədər yüngül həyat tərzi keçirirdi. 4 uşağının hərəsinin bir atası var idi və heç biri ilə də nikaha girməmişdi. Buna görə Reqxa da aktyor atasının soyadını ala bilməmişdi.12 yaşında yaşamaq üçün işləmək məcburiyyətində qalmışdı. Arzusu stüardessa olmaq idi. Lakin anasının istəyi ilə kastinqlərə gedib, çəkilməyə başlayıb. Qızın gözəlliyi prodüsserlərin diqqətini çəkib və o təkliflər almağa başlayıb. Oxuya bilmədiyi üçün ağlayır, var-dövlət ona təsəlli kimi çatmırdı.

Karyerası 1966-cı ildə başlayan Reqxa hələ yeniyetmə ikən onlarla Bollivud filmində rol alıb. Dəfələrlə “Ən yaxşı aktrisa”, “Hindistanın ən gözəl qadını” titullarına layiq görülüb.

Bollivudun şah əsərlərindən biri sayılan “Qisas” filmi 1988-ci ildə ekranlara çıxınca Reqxanın şöhrəti ölkənin hüdudlarını aşıb. O hətta keçmiş SSRİ-də də sevilməyə başlayıb. Azərbaycan tamaşaçıları da onu məhz bu filmlə tanıybılar.

70-ci illərin sonlarında bütün kinosevərlər iki məşhur ulduzun eşq macərasından xəbərdar idilər. Reqxa və Amitabh Baççan sevgiliydilər. Lakin Baççan məşhur hind aktrisası Caya Bhaduri ilə evli idi. Caya bu münasibətlərdən xəbərdar olsa da, görməzdən gəlirdi. Reqxa və Baccan 20-dən çox filmdə birlikdə çəkilmişdilər, bütün qəzetlərdə şəkilləri qoşa verilirdi. Reqxa başa düşürdü ki, onun xatirinə Baccan ailəni tərk etməyəcək, amma yenə də münasibətini davam etdirirdi. Cəsur rollara çəkilməkdən çəkinmirdi. Fahişə qadın rollarını məharətlə yaratdığına görə çoxları onun həyatda da belə olduğunu düşünür, əxlaqsız təkliflər edirdilər.

Bir gün Amitabh çəkiliş zamanı xəsarət alır. O, altı gün komada qalır, bundan sonra məşuqəsindən ayrılıb və ailəsinin yanına qayıdır.

1990-cı ildə aktrisa iş adamı Mukeş Aqarvalla ailə həyatı qurur. Lakin bilmir ki, adam psixoloji xəstədir.

Mukeş intihara meyilli birisiydi. Və dönə-dönə özünü öldürməklə hədələyirdi. Ulduz ərini sağalda biləcəyinə inansa da, bacarmır, bu evliliyin ömrü 1 il çəkir. Əri özünü öldürür. O, intihar məktubunda “Ölümümdə heç kimi günahlandırmayın” yazır. Bundan sonra aktrisa bir daha kişilərlə bir arada görünməyib, adı eşq macəralarında hallanmayıb. Amma daha pisi baş verib.

Reqxa və Fərzan

Onun gəncliyindən birlikdə olduğu yaxın rəfiqəsi Fərzan ilə adı hallanmağa başlayır. İnsanlar bu iki qadının hədsiz yaxınlığını anlamırdı. Gözəl Reqxa və kişiyə bənzəyən Fərzan münasibətlərinə başqa cür adlandırırdı, lakin qadınlar  deyilənlərə əhəmiyyət vermirlər. Onlar indi də eyni evdə yaşayırlar. 

Reqxa filmlərdə rol almağa davam edir, lakin gəncliyində olduğu qədər aktiv deyil. İştirak etmək istədiyi layihələri özü seçir. 2014-cü ildə onun iştirakı ilə "Super nənə" filmi nümayiş olunub. 

O, indi Mumbayda qardaşı oğlu Navid və Fərzanla birlikdə yaşayır, burada aktrisanın hovuzu və bağçası olan böyük evi var. Övladı yoxdur. Bir zamanlar minlərlə kişi fanatı olan, Hindistanın ən gözəl qadını hesab edilən Reqxa aktrisa kimi uğur qazansa da, qadın kimi təkliyə məhkum olub. Maraqlıdır ki, o bütün evli hind xanımları kimi alnına sindur vuraraq gəzir. Bunu hərə bir cür yozur. Bəziləri onun hələ də Baççanı sevdiyi üçün belə etdiyini, bəziləri qadın dostu Fərzanı öz əri hesab elədiyini deyirlər.

Göz dəymə barədə deyilənlərə inanırsınız? Bəlkə bu gözəl qadın da gözə gəlib?

# 3840
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar