Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumu gələn ildən bərpa olunacaq.
Lent.az-ın xəbərinə görə, bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident İlham Əliyev ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb.
Dövlət başçısı bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycanın zəngin irsi və təcrübəsi əsasında dünya səviyyəsində sivilizasiyalar və mədəniyyətlər arasında dialoq prosesinə verdiyi töhfə qeyd edilib.
***
Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü çərçivəsində konsert proqramları təşkil edilə bilər.
Lent.az-ın xəbərinə görə, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə belə təşəbbüslə çıxış edib.
Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü barədə məlumat verərək, bu çərçivədə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarının təşkil ediləcəyini deyib və bu xüsusda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirib.