Səbinə ƏVƏZQIZI
02 dekabr 2025 13:30 (UTC +04:00)

Səbinə ƏVƏZQIZI

Meydanda çəllək üstünə çıxanlar və ya populyarlığın sadə formulu – Səbinə Əvəzqızı yazır

0

Heç meydanda çəlləyin üstünə çıxmısız? Əslində populyarlıq üçün ən sadə formul bu imiş. Bir az aşağıda o formuldan sizə daha ətraflı yazacam. İndi isə sözümün “mustafa”sından başlayaq...

Hər gün neçə-neçə yazını redaktə edirik. Yəni işimiz bu. Amma düzünü deyim ki, oxuduğum əksər yazılar texniki niyyətlə, yəni işimiz olduğu üçün redaktə edilir. Məsələn, dünyanın hansısa cahilinin səhnədə oyun çıxarması, mənəviyyatsız birinin dəyərdən danışması kimi və s. Əslində soruşa bilərsiniz ki, öz bəyənmədiyiniz yazıları bizə niyə oxudursunuz? Bunları bilmək də sizin haqqınızdır. Kimin cahil, kimin mənəviyyatsız olmasına da özünüz qərar verin, biz sizə, bəzəksiz, qərəzsiz, şərhsiz quru xəbər veririk. Bir az da nə yalan deyim, görürük ki, oxucuların böyük əksəriyyəti də bu tip xarakterli materialları oxuyurlar. Mən hələ fəlsəfi, dərin düşüncə tələb edən yazıları qoyuram bir kənara, adicə xəbər yazırıq ki, sabah evlərə verilən qazlarda problem ola bilər, filan qidanı qəti almayın təhlükəlidir, bu tip yazıların oxucu sayı maqazin yazıları ilə müqayisədə çox cılız qalır. Yəni sayt oxuyanların bir çoxu üçün canından əvvəl, damlaların, şəbnəmlərin, kim kardaşyanların nə edib-etmədiyi gəlir. Hətta bu informasiyaların heç bir dəyəri və dünyaya xeyir verməyəcəyini bilərək, vaxtlarını boş yerə xərcləyirlər. Maraq ehtirasların ən təhlükəlisidir...

Lakin yazı da var ki, həcmi 10 səhifəni də ötsə, bunu oxuyub redaktə etməkdən, yeri dəyişik düşən, vergül, nöqtəni bu gözəlliyə, dəyərli fikirlərə xələl gətirməsin deyə aparıb doğru yerə qoymaqdan ləzzət alırsan. Heç bitməsin istəyirsən. Yazıya başlayandan bilirsən ki, ən azı bu gün ərzində hazırda oxuduğun fikirlərin təsirində qalacaqsan. Evə gedəndə ailə üzvlərinlə belə, ağzın texniki danışacaq, çünki beynini hansısa maraqlı bir müsahibə, reportaj, təhlil işğal edib.

Bu gün də beynim əsir götürülüb. Ağıllı, düşündürən, sənin içindəkiləri özünə izah edən, səni özünə tanıdan fikirləri müsahibə variantında oxuyarkən, bunun üçün nə qədər acdığının, ehtiyacının yaranmasının fərqində olursan. Ətrafdakılar bağışlasın, bu gün yenə onlarla söhbətlərim yalnız texniki ola bilər.

Əgər bu dünyanın əsl rəngini görmək, hazırda efirdə bəyənmədiyiniz aparıcıların hələ Platonun vaxtında da olduğunu bilmək, “dəliliyin” harada avantaja, məharətə çevrildiyini öyrənmək və ən əsası niyə xoşbəxt ola bilmədiyimizi anlamaq istəyirsinizsə elə bu yazını oxuduğunuz saytda – Lent.az-da teatrşünas, tənqidçi, yazıçı Aydın Talıbzadənin müsahibəsini oxuyun. Hesab edirəm ki, elə düşünməzsiniz, amma mən yenə işimi qarantiyaya alaraq deyim ki, Aydın müəllim nə qohumum deyil, nədə ondan heç bir asılılığım yoxdur. Amma fikirləri məni hələ də “asılqan”da saxlayır.

İnsanın özünü dolu olduğunu bilməyin nə qədər təhlükəli və ziyanlı olduğunu o qədər sadə nümunələrlə izah edir ki... Gedin özünüzü mütləq əlavə yüklərdən qurtarın. Fincan sadəcə boş olanda onu doldurub yeni nemət qəbul etmək olur.

Aydın müəllim tam elə demədi, amma Platondan bir fikir səsləndirəndə gözümün qarşısında diqqət çəkmək üçün, efirlərdə insanlara bayıldıcı dərman verib studiyaya çıxaranlar, yıxılmaq, dava-dalaş salmaq, göz yaşlarını selə döndərmək üçün qonaqlarla əvvəlcədən “orqanizə çete” yaradanlar, bir sözlə dəyər adında nə qalıbsa hamısına tüpürən veriliş aparıcıları gəldi. Müsahibədən sitat: “Platon nə deyirdi? Deyirdi ki, əgər tez tanınmaq istəyirsənsə, meydanda çəlləyin üstünə çıxıb qışqır, ağzına gələni danış. Mütləq effekti olacaq səni görəcəklər”. Bu da sizə populyarlığı formulu olsun...

Amma... Xeyli özümə gəldim, Platon da bu qayğılarla yaşayıbsa, bəs  bizə nə düşüb ki, belə faydasız mübarizələrə enerji sərf edək? Yəni dünya əvvəldən belə gəlib. Kimsə deyirsə ki, belə də davam etməsin, mübarizə meydanını ona veririk. Cəmiyyətin böyük çoxluğunun şüurunu dəyişmək uzun-uzun illər tələb edən məsələdir. Bəzən bir də görürsən, zaman yetişir və “alaq”lar ortadan yox olur. Amma o “zaman”ı bəsləmək, yetişdirmək üçün nə qədər su, gübrə, münbit şəraitin lazım olduğunu hesablamaq asan deyil.

Deməli belə, söhbəti çox uzatmayım. Bir filmi, tamaşanı izlədikdən, bədii əsəri oxuduqdan sonra təsirlənə bilirsinizsə və bu sizi məst edirsə, Lent.az-da çıxacaq müsahibəni tezliklə oxuya bilərsiniz. Di, salamat qalın, meydandakı çəlləklərdən də muğayat olun, yoxsa gəlib-gedən çıxacaq onun üstünə.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar