“Ulduz həyatı yaşamıram, bu sözdən zəhləm gedir” – Sevda Ələkbərzadə ilə MÜSAHİBƏ
16 fevral 2024 17:06 (UTC +04:00)

“Ulduz həyatı yaşamıram, bu sözdən zəhləm gedir” – Sevda Ələkbərzadə ilə MÜSAHİBƏ

Lent.az-ın müsahibi Respublikanın Əməkdar artisti, müğənni Sevda Ələkbərzadədir.

- Sevda xanım, yanvarın 24-də Türkiyədə səfərdə oldunuz, konsert verdiniz. Bu konsert kimin dəvəti ilə baş tutdu?

- Türkiyənin çox məşhur musiqiçilərindən təklif aldım. Əslində 2-3 il idi təklif edilirdi. Sadəcə alınmırdı. Türkiyənin ən yaxşı və məşhur saksofon ifaçısı Anıl Sallıel ilə bir albomumuz çıxmışdı. "Excited" albomu 2023-cü ilin yazında “Sony Music Turkey” musiqi firması tərəfindən satışa buraxıldı. Bu albom dünya musiqilərinin Azərbaycan musiqisi ilə sintezindən ibarət idi. Nəhayət razılıq verdim, Türkiyənin ən böyük xüsusi səhnə sənətləri teatr və konsert salonu olan  Zorlu İfa Sənətləri Mərkəzində konsertimiz baş tutdu. Türkiyənin ən peşəkar musiqiçiləri məni müşayiət edirdilər. Anılla birlikdə albomumuzdan da mahnılar ifa etdik. Çox möhtəşəm konsert oldu. Hollandiyadan, İrandan, Almaniyadan, Britaniyadan bilet alıb məxsusi bu konsertə baxmaq üçün gələnlər var idi. 

- Mənim şəxsi fikrimdir. Bizdə klassik musiqi daha dərindən qavranılır və bu janr bizdə daha geniş inkişaf edib. Bu mənada türkiyəli tamaşaçılara sizin musiqi ağır gəlmirdi?

- Axı yalnız klassika oxumuram. Türkiyədə məni çox dinləyirlər, nəinki ölkəmizdə. Bu günlərdə Youtube platformasında baxdıq, mənim dinləyicilərimin böyük əksəriyyətini türkiyəlilər təşkil edir. Konsertimə əsasən musiqidən dərin anlayışı olan insanlar gəlir. Türkiyədə musiqiçilər dəfələrlə mənə bildirirlər ki, bizdə sizin kimi ifaçı yoxdur.

- Beynəlxalq səviyyədə çoxlu konsertləriniz olub. Azərbaycan musiqisi ilə Avropanı gəzmisiniz. Bu mənada hələ Xalq artisti adı ala bilməməyiniz sizi incidir?

-  Əməkdar artist fəxri adını almışam. Mənim üçün ən yüksək ad sənətkar adıdır. Bu söz hər kəsə deyilmir. Əslində hər ada layiq görülə bilərsən. Amma bu sənin sənətkar olduğunu göstərməz. Sənətkarlıq bir zirvədir, sevinirəm ki, bu gün mənə belə müraciət edirlər. Dövlət tərəfindən ad almaq sənət adamı üçün arzuediləndir, xoşdur. Buna bir qədər fəlsəfi yanaşıram. Axı ad üçün işləmirəm. Versələr xoşdur, verməsələr yenə də xoşdur. Tam səmimi sözümdür, dövlətimi, prezidentimi sevən insanam. Hər şeyi öz şəxsi mövqeyimdən dəyərləndirməyi düzgün hesab eləmirəm. 

- Musiqili komediya aktyoru ixtisası üzrə təhsil almısınız. Aktrisa kimi dəvətlər olub?

- Azərbaycanda seriallara çəkilmək üçün dəvətlər alsam da çəkilməmişəm. Baxmayaraq ki, aktyorluğu bitirmişəm, bu janrı o qədər də sevmirəm, sadəcə içində musiqi olduğuna görə, bu ixtisası seçdim. Sonra Milli Konservatoriyanın xanəndəlik sinfini bitirmişəm. Bəlkə gələcəkdə çəkilmək istəyərəm, komanda və ssenari xoşuma gələrsə. Amma hələlik belə fikir yoxdur.

-  Siz caz oxumağa başlayanda bu Azərbaycan üçün kütləvi musiqi sayılmazdı, çox az sayda tanınmış caz ifaçısı var idi...

- Bəli, elə dünyanın özündə də az idi.

-  Düşünmürdünüz ki, birdən qəbul olunmaram?

- Mən sənətə gələndə qəbul olunaram və ya olunmaram düşüncəsində deyildim. Sadəcə sevdiyim, oxumaq istədiyim üçün gəldim bu işə. Sənət tələb edir ki səhnəyə efirə çıxasan. Səhnə dəlisi deyiləm, sənət dəlisiyəm. Elə hesab edirəm ki, musiqiçi kütləni arxasınca aparmalıdır. Kütlə musiqiçini öz arxasınca sürüməməlidir. Musiqi zövqünü biz formalaşdırırıq. Hər insanın musiqi zövqü yoxdur axı. Hamının dalınca qaçsaq, ortada sənət deyə bir şey qalmaz.

- Sənət adamı göz önündə səhnədə olmalıdır. Səhnədəsiniz. Amma sənət adamlarını işıqlandırmalı olan mediadan qaçırsınız. Kim xətrinizə dəyib?

- Bəli, uzun müddət heç yerə müsahibə vermirəm. Yazarları sevirəm. Özüm də yazar nəslindənəm. Babam yazıçı, atam yazıçı jurnalist olub. Yəqin ki, müğənni olmasaydım jurnalist olacaqdım. Bu sənəti çox sevirəm. Sadəcə son illər o qədər  qeyri-peşəkarlar ortaya çıxdı ki... Müsahibələr verdim, kontekstdən çıxarılmış başlıqlar, demədiyim ifadələr yazıldı. Ona görə də uzaq dayanmalı oldum. Sən sadəcə rekord sayda baxış əldə etmək üçün yazırsan, mən isə bunun üçün danışmıram. Belələrindən uzaq qaçıram, xahiş edirəm müsahibə almasınlar. Mənimlə danışan məni tanımalı, bilməli, yaradıcılığımdan xəbərdar olmalıdır. Əks halda yanlış fikir tirajlayırlar. Bu mənada uzaq qalmalı oldum.

- Bir zamanlar İsveçrəyə, Bazel Konservatoriyasına dərs demək üçün dəvət aldınız. Getdinizmi?

- Dərs yox, ustad dərsi keçmək üçün dəvət olundum. Bəli getdim. Azərbaycanda da belə təkliflər olur. Bu mənim arzumdur, istəyirəm öz məktəbim olsun. Hesab edirəm ki, vaxtı gəlib hətta keçir. Başqa ölkələrdən gəlib bizdə konservatoriyaya daxil olan neçə musiqiçi mənə deyib ki, sizə görə daxil oldum, elə bilirdim sizdən dərs alacam. Bunu eşitmək xoşdur. Mahnılarımı dinləyib, virtual olaraq öyrənib İngiltərədə konservatoriyaya daxil olanlar var. Onlar öz videolarını göndərirlər. Özümün də virtual müəllimlərim olub. O mənada sevinirəm ki, kimlər üçünsə məktəb ola bilmişəm.

- Xalq mahnılarını çox gözəl sintez edirsiniz. Bu mahnıların ifaçılarından kimləri dinləməyi sevirsiniz? 

- Rübabə Muradovanı çox sevirəm, onun muğamlarına heyranam. Şövkət Ələkbərovanın mahnılarını, Hacıbaba Hüseynovu, Ağaxan Abdullayevi, Akif İslamzadəni dinləyirəm. Bu insanlar məktəbdirlər. Hazırda Ehtiram Hüseynovun ifasını çox bəyənirəm. Hətta bir dəfə maşında gedərkən onun konsertini verirdilər. Mən yolu uzatdım ki, axıra qədər dinləyə bilim, bitməyənə qədər evə getmədim. Çoxdurlar. Ola bilər adını unutduqlarım oldu.

- Albomlarınızı buraxırsınız, amma böyük fasilələrlə. Bu albomlardan qazanc götürə bilirsiniz?

- Heç vaxt albom, layihə üzərində çalışanda qazancı düşünməmişəm. İki albomumu alman şirkəti aldı və qonorarım oldu. Qazancı düşünürsənsə, sənətdən uzaqlaşırsan.

- Amma, insan olaraq maddiyyatı da düşünmək məcburiyyətindəyik, sizin də tələbatınız var.

- Təbii ki, kommersiya məqsədli musiqilər olur. Amma layihələrim işlənərkən sırf sənət işi olsun deyə düşünürəm.

- Sevda xanımı canlı-canlı dinləmək üçün hansısa məkana gedə bilərik? 

- Nə zaman konsert verirəmsə, hansısa dövlət tədbirinə qatılıramsa, tamaşaçılar orda görə bilərlər. Başqa məkanlarda olmuram.

- Sizi digər müğənnilər kimi müxtəlif mükafat mərasimlərində, ümumiyyətlə bu camiənin içərisində sıx-sıx görmürük.

- Mən elə tədbirləri sevmirəm.

-  Müğənnilər arasında dostlarınız var?

- Hamı ilə xoş münasibətlərim var. Yaxın dostum müğənni Samira Allahverdiyevadır. Universitetdə birlikdə oxumuşuq. Bu yaşdan sonra dostluq bir az çətin söhbətdir. Uşaqlıqdan, gənclikdən gələn dostlar ayrı məsələ.

- Sizə yaxınlaşmaq, ünsiyyət qurmaq asan deyil. Belə təəssürat yaradırsınız. Özünüz haqqında nə deyərdiniz, necə bir insansınız? 

- Əslində çox səmimi insanam. Kənardan göründüyüm kimi deyiləm. Hamı elə bilir sərhəd qoyuram, amma elə deyil. Sadəcə tanımadığım insana açıla bilmirəm. Bu da normaldır. İllərin dostları bilir ki, deyib-gülən, yumoru olan insanam. Sadəyəm. Hamı necə, mən də elə. Amma iki dəqiqə içində dostlaşmıram və bunu istəmirəm.

-  Bacınız Ema (Elmira Ələkbərzadə) xanım bir “Tənhayam” mahnısı ilə yadda qaldı. Halbuki unudulmaz olmaq indi heç asan deyil.  Heç israr edirsinizmi, “çıx oxu, görün, davam et” deyə?

-  Emanın səhnəyə gəlməsində mənim rolum çox olub. Bacımın çox gözəl səsi var. Dedim niyə oxumursan? “Tənhayam”ı yazdı. O bir az hobbi kimi yanaşır bu işlərə, əslində pianoçudur. İstəyəndə oxuyur, istəməyəndə yox. Bir az başı uşağına qarışıb. O mənim kimi bu sənəti dəlicəsinə sevmir. Mənim üçün isə musiqi həyatımın mənasıdır. 

- Duet fikrinə necə baxırsınız?

-  Bacımla duetim olub, yenə də olacaq. Amma başqaları ilə yox. Bunu istəmirəm.

 - Gənc bəstəkarlarla, musiqiçilərlə işləməyə razı olursunuz, yoxsa ulduz yanaşması sərgiləyirsiniz?

- Ulduz sözünü sevmirəm və özümü elə hesab eləmirəm. Belə alınıb ki, mən tanınmış ifaçıyam. Ulduz mənim xarakterim deyil, belə bir həyat da yaşamıram. Əsas odur mahnını sevim. Ad-san dalınca qaçan insan deyiləm.

- Bir zamanlar efirlərdə çox görünən, bu gün artıq Xalq artisti, Əməkdar artist adını almış sənətkarlar daha efirdə görünmürlər. sanki birdən-birə çəkildilər. O  cümlədən siz. Sənətkarlar getdi,  belə demək düzgündürsə, ucuz müğənnilər efirə axın etdi. Niyə belə oldu?

- Bu sualı telekanallara vermək lazımdır. Bəli, hər verilişə getmirəm. Kanal da önəmlidir, aparıcı da, proqramın formatı da. İllərlə dəvət edənlər var, amma getmirəm. Bu da mənim baxışımdır.

- Hansı insanlar sizi qıcıqlandırır?

- İçiboş , böyük-böyük danışan insanlar. Heç vaxt görmədim ki, həqiqi iş görən, içi dolu olan adam özünü tərifləsin. Boş nağaradan səs çox çıxar. Mən-mən deyirsə xoşuma gəlmir və əminəm ki, o sənətkar filan deyil. İmkan ver, kənardan səni tərifləsinlər. Mən deyib bütün gün özünü tərifləyən, özündən müştəbeh adamlar məndə qıcıq yaradır. Bir də şəxsiyyəti sevirəm, insan insana hörmətlə yanaşmalıdır. İnsanın vəzifəsi olmaya bilər, onun şəxsiyyəti önəmlidir.

- Təbii ki zaman hamımızı dəyişir. Müdrikləşdikcə “bu mənim adamım deyil” deyib ayrıldıqlarınız olub?

- Yarıyolda heç kimi qoymamışam. Amma yaş gedir və anlayırsan ki, o sənin adamın deyil, əvvəlki kimi dostluq alınmır, aralanmalı olursan. Amma nəsə olarsa, başına iş gələrsə mən dəstəyimi əsirgəmərəm, qaça-qaça gedərəm. Çünki illərimiz, duz çörəyimiz olub, onu unutmaq olmaz. Danışdıq-danışmadıq fərq eləməz.

- Kin bəsləyirsiniz?

- Əsla.

- İmkanınız olsa, 20 yaşlı Sevdaya nə deyərdiniz, nə nəsihət edərdiniz?

- (Düşünür) Mən bunu səsləndirmək istəməzdim. Qoyun bu məndə qalsın.


 

# 9114
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar