Ədəbiyyatşünas-alim və diplomat, Azərbaycanın Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr olunmuş "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı və imza günü keçirilib.
Lent.az xəbər verir ki, təqdimat "Libraff"ın "Park Akademiya" filialında baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il milli mətbuatımızın 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamı xatırladaraq professor Vilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının milli mətbuatımızın yubileyinə layiqli töhfə olduğunu bildirib. Vilayət Quliyevin uzun illərdir tariximizin qaranlıq səhifələri ilə bağlı ən müxtəlif mövzuları yorulmadan, davamlı şəkildə araşdırdığnı, onun bu zəhmətinin xüsusi rəğbət və ehtirama layiq olduğunu qeyd edən Rəşad Məcid hörmətli professorun tədqiqatlarının istər elmi, istərsə də ictimai mühitimiz və oxucu auditoriyası tərəfindən böyük məmnunluqla izləndiyini vurğulayıb.
Tədbirdə dövlət və siyasi xadim, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Xalq yazıçısı Elmira Axundova, Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Azərbacan Dillər Universitetinin prorektoru, professor Həmidə Əliyeva, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Azər Turan, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli və digər çıxışçılar Həsən bəy Zərdabinin ölkəmizin ictima-mədəni və maarifçilik sahəsindəki misilsiz xidmətlərindən danışıb, Zərdabinin bu xidmətlərini əhatəli elmi araşdırmaya cəlb etmiş ədəbiyyatşünas-alim Vilayət Quliyevin tədqiqatının aktuallığından söz açıblar.
Təqdimat mərasiminin sonunda kitab müəllifi Vilayət Quliyev çıxış edərək əsəri nəfis şəkildə çap etdiklərinə görə "Teass PRESS" nəşriyyatına, təqdimat mərasiminin təşkilində xüsusi əməyi olan Azərbaycan Mətbuat Şurasına, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb. Milli Mətbuatımızın 150 illiyinin bayram edildiyi bir vaxtda bu müzakirənin, söylənən fikir və mülahizələrin xüsusi ilə yerinə düşdüyünü qeyd edib. Kitab üzərindəki işindən danışarkən bu günümüz baxımından XX əsrin əvvəllərindəki mətbuat fədailərimiz, xüsusən də Zərdabi şəxsiyyəti və irsində öyrənilməsi, yaşadılması, estafet kimi gələcəyə ötürülməsi vacib olan məqamları vurğulayıb.
Vilayət Quliyev iştirakçıları maraqlandıran bəzi suallara da cavab verib.
Tədbirin sonunda "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının imza mərasimi keçirilib, xatirə şəkilləri çəkilib.