İdeya müəllifi millət vəkili Jalə Əliyeva olan festivala qeydiyyat artıq başlayıb. Söhbət Gənclərin III Ümumrespublika Teatr Festivalından gedir. Festival haqqında rəsmi məlumatı vermişik. Qeydiyyat oktyabrın 1-dən başlayaraq bir ay davam edəcək.Daha sonra kastinqdən keçən gənclər 2 ay ərzində tamaşalarını hazırlayacaqlar. Fevral ayının əvvəlində proqrama uyğun olaraq tamaşalar göstəriləcək. Qala konsertdə qaliblərin adı açıqlanacaq. Festival üzrə ən yaxşı 3 tamaşa seçiləcək. Üçüncü yerin qalibinə 1000 manat, ikinci yerin qalibinə 2000 manat, nəhayət birinci yerin qalibinə 3000 manat pul mükafatı veriləcək. Bundan əlavə ən yaxşı ssenari, ən yaxşı aktyor, ən yaxşı rejissor işinə görə 4 nominasiya üzrə iştirakçı dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
Festival haqqında daha geniş məlumatı Lent.az-a festivalın icraçı direktoru Sənan Əlləz danışacaq.
İcraçı direktorun sözlərinə görə, festivalda iştirak üçün 12 rejissor seçiləcək: 6-ı paytaxtdan, 6-ı bölgələrdən.
- Balansı qorumaq üçün 6 yer bölgələrə vermişik. Ümumilikdə 12 truppa yaradılacaq. Hər truppada 10 nəfər olmaqla maksimum 120 gənc festivalda iştirak edə bilər. Amma Bakı şəhəri üzrə müraciətlər artıq altıdan qat-qat çoxdur. Odur ki, seçim edəcəyik. Hazırda qeydiyyat gedir. Onu da vurğulayım ki, bütövlükdə füstivalda iştirak, qeydiyyat üçün heç bir ödəniş tələb olunmur. Paralel olaraq, həm ssenaristlərin, həm də rejisssorların qeydiyyatı aparılır. İkinci ayda ssenarilər truppalar üzrə paylaşdırılacaq. Truppalar özləri də ssenari təklif edə bilərlər. 50 gün onlara məşq etmək üçün vaxt veriləcək. Əlbəttə ki, tamaşanın hazır olduğunu düşündükləri vaxt bizə xəbər edəcəklər. Təşkilat komitəsinin üzvləri istər paytaxtda, istərsə də bölgələrdə tamaşalara baxış keçirəcəklər. Ötən 2 festivalda Ucar, Zaqataladır, Ağdam, Mingəçevir, Sumqayıt və İsmayıllı gəncləri bizə qatılıblar. Çox sevindiricidir ki, bu il siyahımız bi az da genişlənib. Artıq Gəncə Dövlət Dram Teatrı, Qax Dövlət Gürcü Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrlarının gəncləri də iştiraklarını bəyan ediblər.
Festival çərçivəsində iştirakçılar yaradıcı ART – kampda iştirak edəcək. S. Əlləz deyir ki, bu kampda onlar ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərindən ustad dərsləri alacaqlar.
- Kamp Bakıdan kənarda təşkil ediləcək. Özü də yaradıcı düşərgənin, orada qalacaq iştirakçıların bütün xərcləri təşkilat komitəsi və dəstəkçilərimiz tərəfindən ödənilir. Bir həftəlik kampdan sonra isə hazırlanan tamaşaların nümayişi olacaq. Hər gün 4 tamaşaya baxış keçiriləcək. Münsiflər heyətinin tərkibi isə ancaq son gündə, qala konsert zamanı, yəni səsvermə bitəndən sonra açıqlanacaq. Belə ki, tamaşalar təqdim olunan vaxt münsiflər heyəti zalda tamaşaçıların arasında oturacaq. Respublikanın tanınmış incəsənət xadimlərindən ibarət olan münsiflərimizin belə sirrlə əhatə olunması sırf festivalın şəffaflığının və ədalətliliyin qorunması ilə bağlıdır. Azərbaycan kiçik ölkədir. Yaradıcı sferada bir-birlərini tanıyan insanlar tanış tapıb, kimdənsə nəsə xahiş etməsinlər deyə, bu addımı atmışıq. Artıq ötən il tətbiq etdik və özünü də tam doğrultdu.
Festivalın bir üstün tərəfi də odur ki, ötən festivalın iştirakçıları təkrar qatıla bilərlər. Məsələn, ötən illərin laureatları Azər Cəfər, Bəhruz Vaqifoğlu, Gülnara Məmmədli, Sabir Məmmədov və digərləri artıq qeydiyyat üçün müraciət ediblər. Onu da deyək ki, ssenarist və rejissorlar üçün yaş həddi 30 təyin edilsə də, aktyorlar üçün yaş həddi nisbidir. Ssenariyə görə dəyişə bilər. Qoca rolu, yaxud körpə rolu üçün.
“Təşkilat komitəmizin sədri Jalə Əliyevadır. Onunla festivalın nüanslarını tez-tez müzakirə edirik. ideya da yaradıcı gənclərin bir-birini tanıması, Azərbaycan səhnəsinə yeni simalar, yeni istedadlar qazandırmaqdır. Elgün Həmidov, Sabir Məmmədov, Qorqud Cəfər, Tural Əhməd və digərləri festivaldan sonra müxtəlif tamaşa və seriallarda rol alıblar. Məsələn, Türkiyənin TRT 1 kanalında yayımlanan “Zengin kız, fakir oğlan” serialında çəkilən Nicat Əli. Siyahını artırmaq da olar”, deyə S. Əlləz əlavə edir.
Onu da deyək ki, tamaşaların xronometrajı 90 dəqiqəyədək ola bilər.
Festivalın informasiya dəstəyi Lent.az-dır.