Ədəbiyyat məsələsi bütün dövrlərdə həm xalqı, cəmiyyəti, həm də dövləti maraqlandıran məsələlərdən olub. Təsadüfi deyil ki, ümumiyyətlə, mədəniyyət anlayışı, mədəniyyət söhbəti meydana çıxanda birinci növbədə yada ədəbiyyat düşür. Onu da nəzərə almaq lazımdır ki, nə qədər Qərb meylli olsaq da, Şərq ölkəsiyik. Şərqdə də ədəbiyyat həmişə nüfuzlu olub. Həmişə dövlət başçısının nüfuzundan sonra ədəbiyyat adamının nüfuzu gəlib. Hətta tarixə, məsələn, Azərbaycan tarixinə diqqət yetirsək, bir vaxtlar, xüsusən islam dininin meydana çıxması, inkişafı, tərəqqisi, həm hakimiyyəti, həm mədəniyyəti əhatə etməsi, dinin onlar üçün bir növ metodoloji vasitə həddinə qədər çatması dövründə də ədəbiyyat adamının nüfuzu böyük olub. Təsəvvür edin ki, Nizami Gəncəvi hətta hökmdarlara məsləhət verib ki, dövləti necə idarə etmək, təbəələrlə hansı münasibətdə olmaq lazımdır. Heç bir ictimai mütəfəkkir nə qədər böyük olsa da, dövləti idarə edə bilməz, təbii ki, cəmiyyət bütövlükdə dövlətin ixtiyarındadır, dövlət idarə edirdi. Çox maraqlıdır ki, bununla yanaşı şairin nüfuzu həmişə cəmiyyətdə güclü olub. Hətta din xadimlərinin, ruhanilərin nüfuzu bu qədər olmayıb. Din xadimlərinin nüfuzu həmişə məhdud olub. Təbii ki, hökmdar din xadimlərinə, ali ruhanilərə qulaq asır, onların məsləhətləri ilə oturub-dururdular, ruhani sinfinin cəmiyyətə birbaşa təsiri şairlərin təsiri qədər deyildi. Ona görə də şairlər deyirdilər ki, dünyanın böyükləri cərgəyə düzüləndə əvvəl peyğəmbərlər gəldi, sonra da şairlərə yer verildi. Ədəbiyyata münasibətdə bizə orta əsrlərdən belə bir varislik, irs qalıb. Yəni həm dövlət idarəçiliyindən, həm dövrün dini-ruhani, mənəvi institutları ilə sıx əlaqədə olan bir ədəbiyyat hadisəsi olub.
Millətin ruhu
Ədəbiyyatdan başqa mədəniyyətin incəsənət adlandırdığımız digər sahələrində, məsələn, musiqi, rəssamlıq, memarlıq və heykəltəraşlıq sahələrində baxmayaraq ki, sonrakı dövrlərdə xeyli inkişaf oldu, amma sonra da heç zaman incəsənətin bu sahələri ədəbiyyat qədər böyük nüfuz qazana bilməyib. Ədəbiyyat folklorundan başlamış yazılı formalarına, janrlarının müxtəlifliyinə, cəmiyyətə təsir gücünə qədər həmişə çox nüfuzlu olub. Bu gün biz Azərbaycan ədəbiyyatına böyük irsin varisi kimi baxırıq. Bu ədəbiyyatın müxtəlif dillərdə yazan Dədə Qorqud eposu, Nizami Gəncəvi, Nəsimi, Koroğlu eposu, Füzuli, Molla Pənah Vaqif kimi nəhəng irsi olub. Sonrakı dövrdə XIX əsrdə yeni ədəbiyyat kimi tanıdığımız ədəbiyyatın Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, daha sonra Aşıq Ələsgər kimi böyük sənətkarları olub. Nəhayət, XIX əsərin sonu, XX əsrin əvvəllərinin nəhəng ədəbiyyatını xüsusi qeyd etmək lazımdır. Əgər bu ədəbiyyat olmasaydı, Azərbaycan milləti millət olmazdı. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məhəmməd Hadi və onlarla digər böyük yazıçı mütəfəkkirlər olmasaydı, o enerjini daşımasaydıq, nə bizim müstəqil dövlətimiz, nə bu qədər güclü mənəvi-ideoloji bir istinadımız ola bilməzdi. Bunların hamısı birinci növbədə o ədəbiyyatdan keçir.
Bugünkü mədəni-ictimai həyatımızı və milli müstəqilliyimizi təmin edən çoxlu amillər içərisində ədəbiyyat və ədəbiyyatdan çıxan milli ideologiya həmişə olub. Elə Azərbaycanın ilk dəfə XX əsrin əvvəllərində mübarizələri, milli istiqlaliyyət bizim dövlətçilik ideologiyamızdan, hökmdarlar və dövlətçilik tariximizin vermiş olduğu ideologiyadan əmələ gəlməyib. Çünki bizim o zamana qədərki düşüncəmizdə vaxtilə Azərbaycanda hansı dövlətlərin mövcud olması, hansı ənənənin davam etməsi, bu yeni müstəqil dövlətin hansı dövlətçilik düşüncəsi üzərində qurulacaq, bu, çox zəif idi. Amma ədəbiyyatın təsiri daha güclü idi. Ədəbiyyatın ictimai fikrə, milli müstəqillik ideologiyasına təsiri daha güclü idi. Heç bir hökmdarın heç bir əsəri, nəsihəti, məsləhəti qalmamışdı ki, ona istinad olunsun. Baxmayaraq ki, Azərbaycan böyük dövlətçilik tarixi yaşamışdı, hətta XX əsrin əvvəllərində dövlətçilik tarixi barədə təsəvvürlərimiz də çox pərakəndə idi. Odur ki, milli dövlətçilik düşüncəsi yenə də ədəbiyyatdan gəldi.
Dövlətçiliyimizin əsası
Eynilə XX əsrin sonlarında Azərbaycanda müstəqillik hərəkatı meydana çıxanda yenə də ədəbiyyat öndə oldu. Təsadüfi deyil ki, o dövrdə müasir milli dövlətçiliyimizin əsasını qoyan, uğrunda mübarizə aparan, onun banimi olan ümummilli liderimiz Heydər Əliyev ədəbiyyatla sıx əlaqədə olan bir insan idi. Heydər Əliyevin fəaliyyəti, düşüncələri, dövlət quruculuğunun ümumi texnologiyaları ilə yanaşı nəzərə almaq lazımdır ki, dövlət xeyli dərəcədə də kosmopolit hadisədir. Dövlət o zaman milli olur ki, milli maraqları ifadə etsin. Amma dövlət modeli, quruluş, konstruksiya kosmopolit olmalıdır. Ya bir feodal dövlət, ya bir burjua, ya bir demokratik dövlət olmalıdır. Burada artıq millət məsələsi iştirak etmir, dövlətin universal, kosmopolit texnologiyaları iştirak edir. Millik ancaq onunla müəyyənləşir ki, həmin konstruksiya, həmin o kosmopolit qurumlar millətin maraqlarını necə ifadə edir?! İstənilən millətin marağı məhz orada ifadə olunmalıdır. Çünki ən münasib model - demokratik dövlət quruculuğu modeli olmadan milli maraq ifadə oluna bilməz. Azərbaycan demokratik cümhuriyyəti dövründə də belə idi. Kifayət qədər ümumi, universal, modern təchizatlar üzərində qurulmuş bir model idi. Türkiyə Cümhuriyyəti kifayət qədər milli bir dövlətdir, amma yenə həmin universal konstruksiyalar üzərində qurulub. Azərbaycan Demokratik Cümhuriyyətinin ənənəsi ilə gələn Azərbaycan Respublikası da universal konstruksiyalar üzərində qurulub. Amma bununla yanaşı, dövlət quruculuğunun ümumi universal təcrübəsində milli maraqların, mənafelərin ifadə olunmasında ədəbiyyat və ədəbiyyat adamının mövqeyi kifayət qədər yüksəkdir.
Heydər Əliyev hakimiyyətdə olduğu, hətta dövlət təhlükəsizliyi orqanlarında işlədiyi vaxtlardan Azərbaycanda mədəniyyət, incəsənət adamları ilə kifayət qədər sıx əlaqədə olub və çalışıb ki, onların nüfuzu cəmiyyətdə həmişə yüksək olsun. Ədəbi orqanların kifayət qədər ardıcıl şəkildə, özü də məhz ana dilində çap olunması, “Azərbaycan”, “Ulduz” jurnallarının, “Ədəbiyyat və İncəsənət” qəzetinin tirajının, keyfiyyətinin kifayət qədər yüksəldilməsi, demək olar ki, yazıçıların bütün qurultaylarında iştirak etməsi, ayrıca nitq söyləməsi, ədəbiyyat adamlarına bir növ qol-qanad verməsi buna sübutdur. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanın o böyük şairi, yazıçısı qalmamışdı ki, onun respublika, hətta SSRİ miqyasında yubileyi keçirilməsin, heykəlləri, abidələri ucaldılmasın. Bu, dövlətin siyasətinin tərkib hissəsi olaraq ədəbiyyata münasibət idi.
Xalqın tarixini dövriləşdirən ədəbiyyat
Etiraf etmək lazımdır ki, elə həmin illərdə 1960-cı illərdən gələn ənənə ilə 1970-1980-ci illər Azərbaycanda ədəbiyyatın inkişafında xüsusi bir mərhələ oldu. Mən Rəsul Rzanı qeyd etmirəm, çünki daha əvvəlki ənənə ilə gəlirdi, Səməd Vurğundan sonrakı ədəbiyyatımızın kifayət qədər nəhəng simaları – yeni bir nəsil yarandı. Bura Yusif Səmədoğlu, Anar, Elçin, İsi Məlikzadə, Sabir Azəri, o cümlədən sonra ondan gözlənilən nəticələri verməsə də, başqa yolu tutsa da, Əkrəm Əylisli daxil idi. Ədəbiyyatın tarixində belə hadisələr hər zaman olur. Poeziyada xüsusilə sonradan gələn, əvvəlki ənənəni də nəzərə alsaq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Məmməd Araz, Fikrət Qoca vardı. Xüsusilə 1970-ci illərdə yeni nəsil yarandı. Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vaşif Cəbrayılzadə, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu bu nəsildir. Hər biri fərqli üslubda idi. Bu dövrün üstün cəhəti nə idi? Bunların hamısının təbiətində, xüsusən 1970-1980-ci illərdəki nəsillərin təbiətində dissidentlik vardı. Onların yazdıqlarında həmişə dissidentlik, cəmiyyətdən, dövlətdən, idarəçilikdən, ümumiyyətlə insandan narazılıq vardı. Niyə? Çünki demokratik əhval-ruhiyyə, ab-hava vardı. Məsələn, sən 1950-ci illərdə narazı ola bilərdin?! Məşhur bir lətifə var. Görkəmli ədəbiyyatşünas Abbas Zamanov müəllimimiz olub, köhnə dissident, qorxmaz bir adam idi. Abbas Zamanovdan soruşublar ki, nə var, nə yox, vəziyyət necədir? Abbas Zamanov deyib ki, şikayət etməyə heç bir əsas yoxdur! Yəni şikayətlik bir vəziyyət olsa da, əsas yoxdur.
Amma 1970-1980-ci illərdə Nəriman Həsənzadənin, Fikrət Qocanı, eləcə də başqa şairlərin şerlərini oxuyursan, narazılıqdır. Bütün bunlar hamısı onunla əlaqədardır ki, Azərbaycanda elə ədəbi-ictimai mühit yaradılmışdı ki, bu təfəkkür tərzi, düşüncə təqib olunmurdu. Hətta Heydər Əliyev Azərbaycanda rüşvətə, polis, prokurorluq, idarə və müəssisələrdə o zaman bütöv sistem halına keçmiş rüşvətxorluğa qarşı mübarizə aparanda da “Qoy ədalət zəfər çalsın!” şüarı Nizami Gəncəvidən götürülmüşdü və bu, ümumittifaq miqyasına qalxmışdı. Yəni ədəbiyyat Heydər Əliyev, dövlət başçısı, müasir dövləti quran şəxs üçün çox önəmli idi. Ondan sonra müstəqillik illərində Dədə Qorqud eposunun bir neçə il davam edən 1300 illik yubileyi keçirildi. Həmin illərdə çap edilən Dədə Qorqud eposuna həsr olunmuş kitabların sayı Dədə Qorqud dünya elminə məlum olandan indiyə qədər çap edilənlərdən çoxdur. Heydər Əliyevin heç zaman ədəbiyyata münasibətində qram da konyuktura söhbəti olmayıb. Heydər Əliyev nə edibsə, onu o qədər dərindən, ürəkdən, cəmiyyətin həzm etməsi üçün o qədər miqyasla edib ki, istər-istəməz ədəbiyyatın tanınmasında, millətin öz tarixini mənimsəməsində çox mühüm əhəmiyyət kəsb edib.
Yenə də deyirəm, nəzərə almaq lazımdır ki, biz Şərq ölkəsiyik, hətta bu günlərdə tarix kitablarına baxılsa, görəcəyik ki, tarixdə tarixi hadisələr içərisində ən çox yer tutan ədəbiyyatdır. İstər-istəməz Nizami Gəncəvi, Molla Pənah Vaqif dövrləri var. Cəmiyyət tarixi baxımından müəyyən qədər paradoksal olur, amma hər halda mən müşahidə etmişəm ki, bizim tariximizi ədəbi şəxsiyyətlərimizə görə dövriləşdirəndə daha mükəmməl və bir-birinin məntiqi davamı olan dövrlər əmələ gəlir. Məsələn, Nizami dövrü deyə bilirsən. Hətta Nizami dövrü deyəndə bura Nizami Gəncəvinin yaradıcılığının o qədər də aidiyyatı olmadığı 11-ci əsri də, 13-cü əsri də daxil edə bilirsən. Niyə? Çünki Nizami Gəncəvi 12-ci əsrdə yaşayıb və yaradıb. Amma Nizamiyə gətirən 11-ci əsr də, Nizamidən sonrakı 13-cü əsr də var, bunlar Nizami dövrü adlandırıla bilir. Yaxud Füzuli dövrü deyə bilirik. Füzuli 16-cı əsrdir, Füzuli dövrünə 15-ci və 16-cı əsrləri də daxil edə bilirik. O qədər onların fəaliyyəti, onların cəmiyyətdə dərki, ədəbi-ictimai mühitin münasibəti o qədər böyükdür ki... Tariximiz Azərbaycan xalqının tarix boyu ədəbiyyat adamlarının fəaliyyətinə münasibətdə kifayət qədər bütöv və mükəmməl görünür. Tarix üçün ən mühüm məsələ dövlət, dövlətçilik, cəmiyyət tarixinin hansısa xüsusiyyətləridir, orada isə o bütövlük görünmür. Azərbaycan xalqının tarixinə baxanda müəyyən şeylər ayıra bilirsən. Deyək ki, Atabəylər dövrü var. Atabəylər dövründən sonra müəyyən iğtişaşlar gəlir. Bir neçə əsr dövriliyə düşmür, ondan sonra Səfəvilər dövrü gəlir. Sonra yenə iğtişaşlar, bir müddət keçir, xanlıqlar dövrü gəlir. Hətta mənə böyük ədəbi şəxsiyyətlərin adı ilə xalqın tarixinin dövriləşməsi daha məntiqli və səmimi görünür, nəinki ona daha müvafiq gələn siyasi-ictimai hadisələrlə dövriləşməsi. Bu mənada ədəbiyyat çox böyük, çox mükəmməl bir hadisədir.
Yeni mərhələ və bir xəyanət...
Bu gün Azərbaycan ədəbiyyatında vəziyyət necədir? Mən ədəbiyyatımızdan danışarkən müstəqilliyimizin ilk illərində baş verən hadisələri Ermənistanla münaqişələr, yaxud filan şəklində adlandırmazdım, bu da müstəqillik uğrunda mübarizənin tərkib hissəsi idi. İstənilən halda xalq müstəqillik uğrunda mübarizə aparırsa, mütləq ona mane olurlar. Bu maneçilik də müxtəlif imperialist qüvvələr tərəfindən ortaya atılır. Bir qayda olaraq onlar özlərini gizlətməyə çalışırlar, amma cidanı çuvalda gizlətmək olmur. Məlum məsələdir ki, nə haradan gəlir. Mən deməzdim ki, bu dövrdə ədəbiyyatımız susdu. Bu dövrün də əsərləri yarandı. Şəhidlərlə, müstəqillik duyğuları ilə bağlı əsərlər yazıldı. Bəlkə də müstəqillik uğrunda bu cür canlı hadisələr baş verməsəydi, ədəbiyyatımızın tarixində Xəlil Rza Ulutürkün yeri çox sönük görünərdi. Amma Xəlil Rza Ulutürk o hadisələrin qəhrəmanı oldu, hadisələrdə özünü dərinliyi ilə göstərdi. Bəlkə də Bəxtiyar Vahabzadənin o zamana qədər apardığı mübarizə ədəbi-ictimai bir hadisə kimi onun yaradıcılığında yekunlaşmazdı. Bu hadisələr Bəxtiyar Vahabzadənin, əvvəldən azadlıq, müstəqillik ruhunda yazıb-yaratmış böyük bir mütəfəkkir sənətkarın yaradıcılığını təbii olaraq tamamladı. Bəlkə də müstəqillik dövründə Bəxtiyar Vahabzadə müstəqillikdən əvvəlki dövrdəki qədər nəhəng əsərlər yaza bilmədi, amma o əsərlər artıq cəmiyyətin ruhuna çevrilmişdi və istər-istəməz o azadlığın içərisində iştirak edirdi. Bizim müstəqilliyə xidmət etməyən bir yazıçımız olmadı. İstedadının səviyyəsindən asılı olaraq hər bir yazıçının yaradıcılığında bu müstəqillik, müstəqilliyin nə qədər böyük hadisə olması, Azərbaycanın milli-mənəvi ruhunun bütövlüyü, mükəmməlliyi, perspektivliyi, passionarlığı ifadə olunmuşdu.
Tək bir yazıçı müxtəlif vaxtlarda olduğu kimi axırda da çox kobud şəkildə xəyanət etdi. O da Əkrəm Əylisli idi. Əkrəm Əylislinin əvvəllər də, müstəqillik uğrunda mübarizə dövründə, Meydan Hərəkatından müəyyən cəhdləri var idi. Düzdür, o zaman da cəmiyyət onu bağışlamaq istəmirdi. O hadisələr, o zaman ona münasibətin necə olması gözlərimiz önündədir. Amma bununla yanaşı, Azərbaycan xalqı Əkrəm Əylislinin yazıçı kimi vaxtilə istedadlı əsərlər yazdığını nəzərə aldı. Amma son illərdəki xəyanətkarlığı, nankorluğu istər-istəməz cəmiyyətdə münaqişə doğurdu.
Yazıçı məəttəl qaldı...
Təbii ki, bu gün istənilən yazıçımızın, şairimizin, dramaturqumuzun adını çəkmək olar ki, ədəbiyyat yaradıblar. Gənclərin yaradıcılığında müəyyən üstün cəhətlər var. Məsələn, mən Yunus Oğuzun tarixi romanlarını çox ciddi hadisə hesab edirəm. Yaxud son illərdə vaxtilə ədəbiyyatda yazı-pozu ilə məşğul olan, amma son illərdə Azərbaycan ədəbiyyatına kifayət qədər ciddi əsərlər gətirən Hüseynbala Mirələmovu qeyd etmək istəyirəm. Nə qədər mübahisəli olsa da, Hüseynbala Mirələmovu çox ciddi ədəbiyyat adamı hesab edirəm. Hüseynbala Mirələmovun ictimai-publisistik mövzularda Heydər Əliyev, Zərifə Əliyeva, İlham Əliyev haqqında əsərləri var. Bu əsərlər müxtəlif dillərə də tərcümə olunub, kifayət qədər qiymətli, dəyərli əsərlərdir. Bununla yanaşı, onun bədii əsərlərinin bir çoxu, həm romanları, həm dram əsərləri, həm bir sıra hekayələri yaxşı əsərlərdir. Xüsusilə “Gəlincik paltarı” əsərini qeyd etmək istəyirəm, ona povest də, roman da demək olar. O əsərdə qaldırılan problemlər kifayət qədər aktual, müasirdir və bu, həqiqətən bir ədəbiyyat adamının yaratdığı bir əsərdir. Yaxud xanım yazıçılardan Afaq Məsudun əsərlərini qeyd etmək olar. Bu yaxınlarda Afaq Məsudun üçcildlik əsərləri çapdan çıxdı və mən o əsərləri bir daha oxudum. 1970-ci illərdə ədəbiyyata gəlmiş bir yazıçıdır, bir xanım yazıçının təfəkkürü miqyasından çox-çox kənara çıxan, çox mükəmməl psixoloji, fəlsəfi fikirlər, mülahizələr, ideyalar irəli sürməyi bacaran məhsuldar bir yazıçıdır. Müstəqillik dövründə də onun xeyli maraqlı dram əsərləri meydana çıxdı, tamaşaya qoyuldu.
Mən daha çox poeziya ilə məşğul olmuşam, Nəriman Həsənzadənin, Fikrət Qocanın, Sabir Rüstəmxanlının əsərləri də gözəl əsərlərdir. Kamal Abdullanın mübahisələr doğuran, amma kifayət qədər intellektual mübahisələrə yol açan əsərləri var. Belə yazıçılarımız çoxdur. Bunlarla yanaşı, ən mühüm hadisələrdən biri o oldu ki, müstəqillik illərində ədəbiyyat yalnız yaranmadı, bəlkə də daha çox ədəbiyyat adamı, həm çoxdan ədəbiyyatda olanlar, həm də ədəbiyyata yeni gələnlər ədəbiyyat haqqında düşünməyə başladılar. Ədəbiyyat nədir, biz nə üçün yazırıq, yazıçının mövqeyi nədən ibarətdir?! Niyə belə oldu? Ona görə ki, həyat normaları ilə yox, çoxlu normasızlığı ilə gəldi. Çox bol şəkildə hadisələr oldu, əvvəlki normativlərə öyrəşmiş yazıçı istər-istəməz indi bu həyatın qarşısında məəttəl qaldı, istər-istəməz o suallar çıxdı. Gənclik həyatı, həyatın mürəkkəbliyini gördü. Ədəbiyyatdan bir növ narazılıq əmələ gəldi ki, nə üçün həmişə bu qədər nüfuzlu, hökmlü olan yazıçı bu gün o hökmün sahibi deyil, təhlil verə, hadisələrin qarşısını ala bilmir. Ədəbiyyatın mistikası dağıldı. Mən o zaman bir yazı yazmışdım ki, hadisələr elə gedir ki, həyat artıq vaxtilə böyük nüfuzu olan ədəbiyyat adamına öz yerini başa salıb. Yəni sənin yerin çox yüksəkdə deyil, müəyyən yer var ki, sən oradasan!
Ədəbiyyatın özünün özünü dərki sahəsində xeyli mürəkkəb proseslər getdi.
Mürəkkəb sual
Görkəmli yazıçımız və ədəbiyyatşünasımız Elçinin təqdimində belə sual ortaya çıxdı ki, sosializm realizmi bizə nə verdi? Bu sual niyə maraqlı sual idi? Ona görə ki, əvvəla, daha çox etiraz doğuran sosializm realizmi idi, ikinci də bizim fəxr etdiyimiz Cəfər Cabbarlı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mir Cəlal kimi böyük sənətkarları və ən böyük ədəbiyyatı son dövrlərdə məhz sosializm realizmi vermişdi. Eyni zamanda sosializm realizmi mükəmməl bir dil, maraqlı mövzular, humanizm, ədəbiyyatda bir sıra milli-etnoqrafik xüsusiyyətlərin tətbiqini də vermişdi. Eyni zamanda xeyli şeyi də sosializm realizmi almışdı. “Sosializm realizmi bizə nə verdi?” sualının arxasında onlarla sual durur ki, onların hər birinə cavab verməyə müasir dövr, müasir ədəbiyyat, müasir ədəbi-ictimai fikir borcludur. Bunlar da müasir dövrdə ədəbiyyatımızın xarakterini, xüsusiyyətlərini müəyyənləşdirmək üçün çox geniş imkanlar açır.
Bir də müasir Azərbaycan ədəbiyyatını səciyyələndirən ən mühüm xüsusiyyətlərdən biri, bəlkə də birincisi çox aydın cizgiləri ilə seçilən publisistlikdir. Təbii ki, yazıçı, şair cəmiyyətlə əlaqədardır və cəmiyyətlə əlaqəlilik istər-istəməz onun yaradıcılığına publisistlik gətirir. Amma bununla yanaşı, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri artıq hər bir yazıçını təkidlə publisistikaya gətirdi. Kimsə yazıçı, şair kimi Milli Məclisin iclaslarında da çıxış etdi. Publisistikadan uzaq olan qalmadı. İsmayıl Şıxlı da, Bəxtiyar Vahabzadə də, Anar da, Elçin də, Nəriman Həsənzadə də, Sabir Rüstəmxanlı da bu sıradadır. Xüsusən o dövrdə millət vəkili olmuş yazıçı və şairlər də sözün həqiqi mənasında publisistikada idilər. Cəmiyyət problemlərini həll edir, açıq fikir söyləyir, tənqidə məruz qalırdılar. O həddə qədər ki, siyasətin dərinliklərinə getmək mümkün idi, daha çox sözlə o dərinliklərə gedirdilər. Onlar nə dövlət başçısı, böyük əksəriyyəti həmin dövrdə nə nazir deyildilər. Dövlət məmuru deyildilər ki, dövlət işi, siyasətlə birbaşa məşğul olsunlar. Daha çox söz səviyyəsində siyasətlə məşğul idilər. Bu da istər-istəməz nəticə etibarı ilə onların həm bədii yaradıcılığının enerjisini öz üzərlərinə götürür, həm də sonra əsərdə əksini tapırdı. Yerdə qalan o yazıçılar, o şairlər ki, parlamentdən keçmirdilər, onlar da ictimai hadisə kimi publisistikada xüsusilə güclü idilər. Xüsusilə bədii əsərlərində o publisistlik, konkretlik, xatirələr yazılması ön plana keçdi və ədəbiyyata təsir etdi.
Müstəqillik dövrünün başlaması ilə tək ədəbiyyata yox, mətbuata da, başqa sahələrə də külli miqdarda qeyri-professional gəldi. Bəzisi dərdindən yazırdı. Artıq meydanda müəyyən kriteriya itmişdi, tənqid adlanan hadisə istər-istəməz yazıçıdan peşəkarlıq tələb edirdi, o, artıq yox idi. Xeyli sərbəstlik oldu. İndi bu sərbəstlik tədricən aradan qalxır. Yavaş-yavaş zəif əsərlər bir vaxt olduğundan indi nisbətən az çap olunur. Müəyyən nəsil ehtiraslar artıq sönüb, indi istər-istəməz peşəkarlıq yenə ədəbiyyatda güclənir.
Problemlər və perspektivlər
Ancaq hələ Azərbaycanda yüksək sürətlə gedən ictimai, mədəni inkişafımızla müqayisədə ədəbiyyatımızda hələ müəyyən lənglik var. Bugünkü Azərbaycan insanın xarakteri, problemləri, yaxud bugünkü Azərbaycan insanı dünyaya çıxır, dünyada gedən proseslərdə Azərbaycan insanının qazandığı, itirdiyi uğurlar ədəbiyyatımızda necə əksini tapır?
Dünya Azərbaycana gəlir, biz artıq əvvəlki kimi deyilik, xeyli internasionalıq, sadəcə, sözdə, formal şəkildə yox, artıq dünya ilə çox intensiv və canlı əlaqələr gedir. Belə bir vəziyyətimizdə Azərbaycan yazıçısının birinci borcu Azərbaycan insanının bugünkü obrazını yaratmaqdır. Ayrı-ayrı əsərlərdə problemlər, ağrılar, çətinliklər var. Düzdür, ədəbiyyat sevincdən, təntənədən daha çox o kədərə, hissiyyata yaxındır. Daha çox özündə borc hesab edir ki, insanın ağrılarını, çətinliklərini versin. Amma o insanın içində olan bugünkü təzadlar, problemlər hələ ədəbiyyatımızda lazımi şəkildə verilmir. Ən adi bir məqam var. Azərbaycan insanı uzun illər, xüsusən müstəqilliyin ilk illərində özünü ikinci, üçüncü dərəcəli hiss edib. Sonradan dünyaya açıldıqca da düşünmüşük ki, əgər elə bir mükəmməl məktəbimiz, elmi-tədqiqat işlərimiz yoxdursa, təsərrüfatımız yoxdursa, bizdə istər-istəməz müxtəlif texnologiyalar sahəsində bir rusdan, bir ingilisdən, bir fransızdan, bir almandan asılılıq olubsa, bu, kompleksdir. Biz bu kompleksi etiraf etsək də, etməsək də, olmur. İndi inkişaf getdikcə ikinci, üçüncü dərəcəlilik kompleksi aradan qalxır. Azərbaycan insanı da görür ki, gözəl evlərdə yaşaya, gözəl parklarda gəzə, gözəl istirahət evlərində dincələ bilər. Bu, istər-istəməz o kompleksi aradan qaldırır. Bunun özü elə insan mənəviyyatında, insan ruhunda, insan təbiətində böyük hadisədir. Onun çoxçalarlı, mürəkkəb spektrləri bizim ədəbiyyatımızda təhlil olunmur.
Azərbaycan ədəbiyyatı nəhəng impuls alıb, dünyaya çıxardılası gözəl əsərlər yarana bilər, ona görə də ədəbiyyatımıza nikbin baxmaq olar. Həm də bu gün Azərbaycanda Yazıçılar Birliyinin üzvü olmağa can atan xeyli insanlar var. Hazırda Yazıçılar Birliyinin 1500-ə qədər üzvü var. Bu, böyük bir potensialdır. Hətta bu yazıçıların 1/3-i yaradıcılıqla məşğul olursa, bu, çox böyük potensialdır.
Başqa problemlər də var. Hər halda düşünürəm ki, yazıçı, şair dünyanın heç yerində kasıbçılıqdan, imkansızlıqdan gileylənməməlidir. Yazıçı, şair həyatını elə qurmalıdır ki, həm imkanları olsun, həm imkanı olmasa da, şikayətlənməsin, həm də uğurları o qədər çox, mükəmməl olsun ki, bu uğurlar həmişə onu lazımi nüfuzda saxlasın. Çünki yazıçı şəxsiyyəti həqiqətən qeyri-adi şəxsiyyətdir. Qeyri-adi olmadan yazıçılıq iddiasına düşüb sonra yazıçılıqdan gileylənmək, yaxud şairlik iddiasına düşüb sonra şairlikdən gileylənmək özünü doğruldan deyil.
Ədəbiyyatına qiymət verəcək subyektlər
Müstəqil Azərbaycan dövlətinin ədəbiyyat siyasəti və kifayət qədər uğurlu məqamlar var. Yəni bu gün ədəbiyyat çap olunur. “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat” qəzeti nəşr edilir, xeyli kitablar çap olunub. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə indiyə qədər Azərbaycan ədəbiyyatı kütləvi tirajlarla nəşr olundu. Nəşriyyatlarımız da kifayət qədər geniş işləmək imkanına malikdir. İndi müəyyən yazıçılarımız da var ki, dünyanın müxtəlif yerlərində əsərləri çıxır, tərcümələr də edilir. Yəni yazıçı nəzərdə tutmalıdır ki, əsərləri məhz onun təşəbbüsü ilə çıxmalıdır. O, məsuliyyəti həmişə öz üzərinə götürməlidir. İndi Azərbaycanda müəyyən yubileylər zamanı yazıçıların əsərləri böyük tirajlarla buraxılır. Amma bizim yazıçılarımız həm də dünya, dünya ədəbiyyatı prosesinin içərisində olmağı bacarmalıdır. Dövlət də bu istiqamətdə çalışır. Müxtəlif ölkələrdə Azərbaycan Mədəniyyət Mərkəzləri açılır. Dövlətin özünün təklif ilə də yazıçılarımızın əsərləri müxtəlif dillərə tərcümə olunur. Bunlar hamısı olacaq və proses də gedir. Yazıçı da çalışmalıdır, bu məsələ dövlətin siyasətində də var. Amma bir qanun həmişə qalır. Bu da odur ki, yazıçı yaxşı yazmağı bacarmalıdır. Yaxşı yazacaqsansa, sən dünyada da tanınacaqsan, özünə də xeyir gətirəcəksən, ölkənə də, millətinə də, dünyaya da nüfuz qazandıracaqsan. Hər bir insan sənin əsərlərini oxumaqda maraqlı olacaq. Biz əsrlərdir ki, bu dünyada olmayan yazıçıları axtarıb tapır, oxuyuruq. Amma yaxşı yazmayacaqsansa, səni yüz dəfə təbliğ etsinlər, əhəmiyyəti yoxdur. O zaman yazıçı səsi olmayan müğənninin günündə olur.
Bu gün sosial şəbəkələr də əsərlərin yayılması üçün geniş meydandır, sadəcə, burada tərcümə lazımdır. Bu tərcümələr də olmalıdır. Yazıçı əgər yazıçıdırsa, çalışmalıdır. Mənə elə gəlir ki, milli, ictimai, ədəbi fikir, ədəbi tənqid bir vaxtlar çox başlı başına buraxıldı, o sahədə müəyyən işlər görmək lazımdır. O sistemi hər halda canlandırmaq lazımdır. Bizdə daha sosializm realizmi tənqidi tipində yox, ədəbiyyata, həm də yalnız Azərbaycan ədəbiyyatına yox, dünya ədəbiyyatına qiymət verən düşüncə subyektləri olmalıdır. Bu, istər-istəməz olacaq. Çünki hər bir oxucu nəticə etibarilə az, ya da çox dərəcədə tənqidçidir, qiymətləndirən, dəyərləndirəndir. O, əsərin yaxşı, ya pis olduğunu deyəcək. Ancaq peşəkar ədəbi tənqid gücləndirilməlidir.