Zalımları, əcinnələri aparan "Od Çərşənbəsi" - Odla təmizlənin
05 mart 2024 18:26 (UTC +04:00)

Zalımları, əcinnələri aparan "Od Çərşənbəsi" - Odla təmizlənin

Novruz yaradılışın əsası olan 4 ünsürün -  su, od, külək və torpağın mərhələli şəkildə dirilişini əks etdirən bayramdır. Türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.

 Lent.az-ın xəbərinə görə, bizim çərşənbələr olaraq qeyd etdiyimiz bayramlar türk dünyasında  lap qədimdən cəmrə kimi qeyd edilir. Od, istilik, günəş anlamını verən cəmrələr fevralın 20-dən başlayır. Kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur.

Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda sitayiş ediblər.  “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Qədim insanlar odla təmizlənib, odla müalicə olunublar.

Od türkün düşüncəsində müqəddəslik rəmzi idi. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbədə  tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə də işarədir. Od çərşənbəsindən sonra təbiətin insanlara xoşbəxtlik bəxş etdiyinə inanardılar. Od çərşənbəsində sübh tezdən Günəşə qurban aparıb, şəninə mahnılar qoşardılar.  

Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.

Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsinə xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə də deyilir. 

Türk dünyagörüşünə görə, mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Odun qara qüvvələri məhv edə biləcəyinə inanıblar. “Qara yerdən üstünə qonan görünməzləri od aparsın” deyimi var idi el dilində. Odu söndürmək, yanan ocağın üstünə su atmaq günah sayılıb, bununla bizə paralel aləmdə yaşayan oddan yaranmış “zalımların”, yəni cinlərin və əcinnələrin xətrinə dəyəcəklərinə inanardılar. od yandırıb əcinnələrə pay verərdilər, su tökməzdilər ki, zalımların acığı tutar.

 Qədim türk inanışında insan daima özü ilə paralel məkanda yaşayan gözəgörünməz varlıqlara inanıb, O varlıqların insana, insanın da ona zərər verməməsi üçün səy göstərtib. Yerə qaynar su atmamaq, soğan qabığı yandırmamaq, yanan ocağa su tökməmək, gözmuncuğu gəzdirmək, üzərlik yandırmaq, təndir başına qüsl alaraq getmək kimi inam və rituallar ulu babalarımızın təbiətlə harmoniyada yaşamsının, təbiətin dilini oxumasının, özünü ondan yüksək yox, təbiətin bir parçası hesab etməsinin göstəricisi idi. Bu bayram əslində min illər öncəki  qanyaddaşımıza səfərdir.

Tonqallarımız gur yansın, bəlalarımız geridə qalıb, ilimiz bərəkətli gəlsin.

# 2334
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar