Yay istisi yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün əlavə risk yaradır. Mütəxəssislər bildirirlər ki, bəzi içkilər həm orqanizmi susuzlaşmadan qorumağa, həm də qan təzyiqini nəzarətdə saxlamağa kömək edə bilər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dietoloqlar sağlam qan təzyiqini dəstəkləyə biləcək bir neçə içkini tövsiyə edirlər:
Gavalı şirəsi - kalium və liflə zəngindir. Bu maddələr ürək sağlamlığını dəstəkləyir.
Karkade çayı - tərkibindəki polifenollar qan damarlarının boşalmasına kömək edir.
Nar şirəsi - antioksidantlarla zəngindir və damarların elastikliyini qorumağa kömək edir.
Çuğundur şirəsi - tərkibindəki nitratlar orqanizmdə azot oksidinə çevrilərək damarların genişlənməsini dəstəkləyir.
Portağal şirəsi - iltihabəleyhinə xüsusiyyətlərə malik hesperidin flavonoidini ehtiva edir.
Təzyiq üçün içkiləri necə qəbul etmək lazımdır?
Mütəxəssislər əlavə şəkərsiz, təbii meyvə şirələrinə üstünlük verməyi məsləhət görürlər. Yay aylarında bu içkiləri soyudulmuş şəkildə qəbul etmək həm də sərinləşdirici təsir göstərir. Məsələn, karkade çayını dondurulmuş giləmeyvə ilə, nar şirəsini qazlı su ilə qarışdıraraq, çuğundur şirəsini isə alma şirəsi, limon və ya zəncəfillə birlikdə içmək olar.
Bununla yanaşı, dietoloqlar xatırladırlar ki, meyvələri mümkün qədər bütöv şəkildə yemək daha faydalıdır. Çünki bu zaman orqanizm üçün vacib olan lif də tam şəkildə qəbul edilir.