Ən böyük pandemiyalara  səbəb olan virusların  necə dəyişdiyi AÇIQLANDI
18 mart 2026 11:10 (UTC +04:00)

Ən böyük pandemiyalara səbəb olan virusların necə dəyişdiyi AÇIQLANDI

0

ABŞ-da aparılan yeni elmi araşdırma son onilliklərin ən dağıdıcı epidemiyalarının, o cümlədən COVID-19 və donuz qripinin təbii mənşəli olduğunu göstərib. Araşdırmanın nəticələri patogenlərin laboratoriyada qəsdən yaradıldığı barədə yayılan nəzəriyyələri şübhə altına alır.

Lent.az bu barədə Kaliforniya Universitetinin alimlər qrupunun genişmiqyaslı analizinə istinadən məlumat verir.

Molekulyar biologlardan ibarət tədqiqat qrupu virusların insanlara keçməsindən əvvəl və sonra baş verən təkamül prosesini izləməyi qarşılarına məqsəd qoyub.

Araşdırmada COVID-19, Ebola qızdırması, A qripi (H1N1), Marburq virusu, HİV-1, atipik pnevmoniya (SARS-CoV), Yaxın Şərq respirator sindromu (MERS-CoV) və meymunçiçəyi virusu kimi təhlükəli patogenlər tədqiq edilib. Alimlər son 20 ildə virusların genomunda baş verən dəyişiklikləri müəyyən etmək üçün filogenetik analiz metodlarından istifadə ediblər.

Tədqiqatın nəticələrinə görə, bütün bu virusların təkamül prosesi oxşar şəkildə baş verib. Epidemiyalar başlamazdan əvvəl virusların genomunda gen mühəndisliyinə işarə edə biləcək qeyri-adi və ya sıçrayış xarakterli mutasiyalar aşkar edilməyib.

Alimlərin sözlərinə görə, bu patogenlər uzun müddət vəhşi heyvan populyasiyalarında dövran edib və həmin mühitə uyğunlaşaraq inkişaf edib. Yalnız təsadüfi şərait nəticəsində viruslar növlərarası baryeri aşaraq insanlara keçə bilib.

Tədqiqatın ən diqqətçəkən nümunələrindən biri SARS-CoV-2 virusunun təkamülü olub. Araşdırma göstərib ki, koronavirus əvvəlcə uzun müddət yarasaların orqanizminə uyğunlaşaraq inkişaf edib. Virus insanlara keçdikdən sonra isə yeni ev sahibində daha effektiv çoxalmaq üçün sürətlə dəyişməyə başlayıb.

Alimlər bildirirlər ki, xəstəlik insanlar arasında yayılmağa başladıqdan sonra artıq ilk il ərzində yeni variantlar meydana çıxıb və bu proses real vaxt rejimində müşahidə olunub. Onların fikrincə, belə dinamika yalnız epidemiyanın təbii inkişafı üçün xarakterikdir.

Oxşar ssenari digər təhlükəli viruslarda da müşahidə olunub. Məsələn, Ebola və Marburq virusları insanlarda hemorragik qızdırma törətməzdən əvvəl uzun müddət yarasalar arasında yayılıb və bu müddətdə ciddi genetik dəyişikliklərə məruz qalmayıb.

2009-cu ildə baş verən “donuz qripi” pandemiyası da təbii təkamül prosesinin bariz nümunələrindən biri kimi göstərilir. Analizlər virusun donuzların orqanizmində adi təkamül yolu ilə inkişaf etdiyini və süni müdaxilə əlamətləri daşımadığını göstərib.

Lakin virus insanlara keçdikdən sonra onun genomunda çoxsaylı mutasiyalar yaranıb və bu dəyişikliklər patogenin sürətlə dünya üzrə yayılmasına şərait yaradıb. Həmin pandemiya Yer kürəsi əhalisinin təxminən dörddə birini əhatə etmiş və müxtəlif hesablamalara görə 230 minə qədər insanın həyatına son qoymuşdu.

Tədqiqat müəllifləri bildirirlər ki, əldə olunan nəticələr virusların laboratoriyada yaradılması barədə konspiroloji iddiaları təkzib edən ciddi elmi arqumentlər təqdim edir.

Alimlərin qənaətinə görə, araşdırılan bütün yeddi halda virusların təkamülü təbii şəkildə baş verib. İnsanlıq üçün təhlükə yaradan amil isə süni müdaxilə deyil, virusun heyvanlardan insanlara təsadüfi keçməsi və sonradan insan populyasiyasında uyğunlaşaraq yayılması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar