Qayğanaq sürətli hazırlanması və universallığına görə ən populyar səhər yeməklərindən biridir. Lakin bu yeməyə əlavə edilən bütün inqrediyentlər eyni dərəcədə faydalı deyil.
Lent.az bu inqrediyenti təqdim edir:
Qayğanağa nə əlavə etmək olmaz?
Sağlamlıq üçün ən böyük təhlükə yaradan məhsul bekondur. Zəngin dadına baxmayaraq, bekonun tərkibində çoxlu miqdarda doymuş yağlar və duz var. Bu maddələr xolesterinin səviyyəsini yüksəldə və ürəyin fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən yumurtanı bekon üzərində qızartmaq sağlamlığına diqqət edən insanlar üçün yaxşı seçim sayılmır.
Faydalı qayğanaq necə hazırlanmalıdır?
Mütəxəssisin sözlərinə görə, burada yalnız məhsulların keyfiyyəti deyil, hazırlanma üsulu da həlledici rol oynayır. Yumurtanı zeytun yağında qızartmaq və yeməyi təzə tərəvəzlərlə məsələn, pomidor, soğan və ya göyərti ilə tamamlamaq daha məqsədəuyğundur. Belə kombinasiya yeməyin dadını qoruyur və eyni zamanda orqanizmi vacib qida maddələri ilə təmin edir. Mütəxəssis vurğulayır ki, problem yumurtanın özündə deyil. Məhz yağlı əlavələr yeməyi daha ağır edir və həzmi çətinləşdirir. Daha yüngül inqrediyentlər seçildikdə isə qayğanaq balanslı gündəlik qidalanmanın bir hissəsi ola bilər.
Yumurtanın faydaları
Yumurta yüksək qida dəyərinə malikdir. Onun tərkibində tam dəyərli zülal, D, B12 və A vitaminləri, həmçinin dəmir və selen kimi vacib minerallar var. Bundan əlavə, yumurtada beyin və sinir sisteminin fəaliyyətini dəstəkləyən xolin maddəsi mövcuddur. Bu məhsul yaxşı toxluq hissi yaradır və eyni zamanda nisbətən az kalorilidir. Buna görə də çəkisinə nəzarət edən insanlar üçün də uyğundur. Lakin yumurtanı həddindən artıq yağlı və ağır inqrediyentlərlə birlikdə istifadə etdikdə onun faydası azala bilər.
Gündə neçə yumurta yemək təhlükəsizdir?
Son tədqiqatlar göstərir ki, düzgün hazırlandığı halda gündə bir-iki yumurta xolesterin səviyyəsi üçün adətən təhlükə yaratmır. Deməli, əsas məsələ miqdar deyil, yumurtanın hansı məhsullarla birlikdə təqdim edilməsidir.