Kor insanların görmə qabiliyyətini  bərpa etməyin yeni üsulu
31 iyul 2026 19:59 (UTC +04:00)

Kor insanların görmə qabiliyyətini bərpa etməyin yeni üsulu

0

Avropada ağır görmə itkisi yaşayan insanlar üçün nəzərdə tutulmuş PRIMA tor qişa implantının istifadəsinə rəsmi icazə verilib. Bu, dünyada bu tip təsdiqlənən ilk implant hesab olunur və xəstələrə hərf və rəqəmləri yenidən oxumaq imkanı yaradır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, implantdan istifadə edən bəzi xəstələr insanların üzlərini tanıya, bəziləri isə hətta gördükləri mənzərələri təsvir edə biliblər.

PRIMA implantı coğrafi atrofiya diaqnozu qoyulan xəstələr üçün hazırlanıb. Bu xəstəlik quru yaşa bağlı makula degenerasiyasının son mərhələsidir və tor qişanın mərkəzi hissəsində yerləşən hüceyrələrin tədricən məhv olması nəticəsində görmə qabiliyyəti geri dönməz şəkildə zəifləyir. Dünyada təxminən 8 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Hazırda tətbiq olunan müalicə üsulları yalnız xəstəliyin inkişafını ləngidə bilir, lakin itirilmiş görməni bərpa etmir. İynə başı böyüklüyündə olan PRIMA implantı isə mərkəzi görməni qismən bərpa edə bilir.

Tor qişanın altına yerləşdirilən mikročip xüsusi kamera ilə təchiz edilmiş eynəklə birlikdə işləyir. Eynək ətrafdakı görüntünü qeydə alır və göz üçün görünməyən infraqırmızı şüalar vasitəsilə onu implanta ötürür.

Bu proses insanın qalan görmə qabiliyyətinə mane olmur. Mikroçip infraqırmızı işığı elektrik impulslarına çevirərək onları birbaşa tor qişadakı bipolyar hüceyrələrə ötürür. Beləliklə, zədələnmiş hüceyrələrdən yan keçərək siqnalların beyinə çatdırılması təmin edilir və beyin görüntüləri yenidən emal edə bilir.

Sistemin üstünlüklərindən biri də odur ki, eynək işıq enerjisindən istifadə edərək işləyir. Bu isə əlavə batareya və ya naqil daşımağa ehtiyac yaratmır. Ötən ilin oktyabrında dərc edilən kiçik klinik araşdırmada PRIMA implantı iştirakçıların 80 faizində mərkəzi görməni qismən bərpa edib və görmə itiliyini artırıb.

İlk kommersiya əməliyyatları Almaniyada həyata keçiriləcək, daha sonra texnologiyanın Böyük Britaniyada da istifadəsinə başlanılması planlaşdırılır. Alimlər hazırda implantın Ştarqardt xəstəliyi kimi tor qişanın mərkəzi hissəsini zədələyən digər göz xəstəliklərində də nə dərəcədə effektiv olduğunu araşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar